“Dağ çiçəkləri”

Xocalı

 

Qəlbimizdə, ruhumuzda yaşayan,

Köksümüzdə qara daşdı Xocalı.

Qarabağda şəhid olan şəhərim,

Gözümüzdən axan yaşdı Xocalı.

 

Yağı düşmən əlləriylə qaralan,

Çatla, dünyam, bu dərdlərə paralan,

Dəli olub Dəli dağım, Murov qan,

Bədənindən ayrı başdı Xocalı.

 

Soyumuza qənim çıxan dığalar,

Əfi ilan, ey çanaqlı bağalar,

Avropada, ABŞ-dakı ağalar,

Göz üstündə qara qaşdı, Xocalı.

 

Çox sözlər var deyilməmiş, deyilmiş,

Qəm libasın gül təninə geyinmiş,

Yer üzündən, xəritədən silinmiş,

Tariximdə qan-yaddaşdı Xocalı.

 

Ağlamağın, sızlamağın yeri yox,

Kamanından qanadlanan oxdu, ox,

Qisas alan igidlərim çoxdu, çox,

Düşmənimə bir başdaşdı Xocalı.

 

Bir arxa ki, su gəlibdi, gələcək,

Bizimkidir xoş sabahlar, gələcək,

Haylar elə bu torpaqda öləcək,

Zəfərimiz, vur-savaşdı, Xocalı.

Murad Məhərrəmov

 

Sarı gəlin

 

Kimdi elə oxuyan?
Mahnısı – “Sarı gəlin”.
Keçmir məndən oxu yan,
Yaramı sarı, gəlin.

Oxşatmışam birinə,
Nə deyəcək biri, nə?
Babıq biri-birinə,
Gəl mənə sarı, gəlin.

Yox, basmır qara məni,
Qış tutub qara məni.
Bezdirib qara məni,
Geymisən sarı, gəlin.

 

Dağlaroğlu – bir bəndə,
Bənd olubdu bir bəndə.
Yerləşdirər bir bəndə
Bülbülü, sarı, gəlin.

Şahməmməd Dağlaroğlu

 

l

 

“Hər kim ki, baxa bir dəm dilbər qaşı yasına,

Navəklərinə qarşu ya can tuta, ya sinə”.

  İ.Nəsimi

 

Hər kim ki, səni hər dəm bilər dilbər, ya sona,

Bilməz ki, dərdin var həm, ya can dözməz, ya sinə.

 

Bir dəryada ada mən, düşmərəm heç yada mən,

O da mənəm, bu da mən, ya sınama, ya sına.

 

Min dərdə düşər könlüm, bu nazik şüşə konlüm,

Tutmusan daşa könlüm, ya sınmaya, ya sına.

 

… Şair, hansı yaşındır, dünyanı hey düşün, dur…

Gələn-gedən qoşundur, yas tutdunmu yasına ?

 

Yol yoxsa da o yana, karvan çətin dayana…

Bu dünyadan doyana ömrün toyu, yası nə?

 

…Üstümə salıb kölgə, adam elədin bəlkə,

Yarəb, qaytar ya ilkə, apar məni ya sona.

 

Nazir Ziya, eh, daha, güman yoxdu sabaha,

İşin qalıb Allaha, salavata, “Yasin”ə.

Nazir Ziya Talıstanlı

 

“RÜBAİLƏR” silsiləsindən

Torpağı qibləmiz, daşı pirimiz,
Yurda pərvanədir ürəklərimiz.
Cananlar canından yaranıb torpaq,
Onunçün Vətənin dəlisiyik biz.
***
Tanrı hər namazı ibadət bilməz,
Min belə namazla bir günah silməz.
Gedib Qarabağda qılmasa əgər,
Bu xalqın namazı qəbul edilməz.
***
Ağılsız doğulsa əgər anadan,
İnsan yüz yaşda da qalacaq nadan.
Ağıl gətirsəydi yaşın çoxluğu,
Kim aqil olardı axı qarğadan?!
***
Heç kimə hörmətim olmasa da kəm,
Pərəstiş etmədim bir şəxsə bir dəm.
Mən yalnız qeybdə ulu Allaha,
Aşkarda anama səcdə edirəm.
***
Hər dağıdılan kənd qanlı yaramdır,
Hər mərmi dəyən ev uçan qalamdır.
Düşmənin vurduğu hər qoca mənəm,
Hər şəhid cavan da mənim balamdır.

Oqtay İsmayıllı

 

Arxalı yabı

 

Yabı layiq deyildi

Nəvazişə, hörmətə.

Dayısı eşşək vurub

Atdı onu cənnətə.

Dayısına  güvənib

Daha da coşdu yabı.

Viran qoydu hər yanı,

Gəzərək qapı-qapı.

Nə keçdisə əlinə

Diddi, tökdü, şığnadı.

Dayısı eşşək kimi

Tozanaqda ağnadı.

Xalıq Yusifoğlu

 

 

Torpaq alınmasa dünya dağılar

 

Torpaq alınmasa dünya dağılar,

Çaylar məcrasından çıxar arxlanar.

Ağacı, dam-daşı kökündən qopar,

Yer üzü çevrilər xarabalığa.

Hər şey zəhər olar cana, sağlığa,

Heyvanlar cildini təmiz dəyişər

İnsan vəhşiləşər, eybəcərləşər

Nə ildırım çaxar, nə bulud ağlar,

Torpaq alınmasa dünya dağılar!

 

Yer də məhvərindən çıxar, fırlanmaz,

Bir eldə, obada şam, ocaq yanmaz.

Ulduzlar çəkilib girər qınına,

Sevgilim, fikir ver insan halına.

Nə günəşi çıxar, nə ayı batar,

Canlılar süstləşib əbədi yatar.

Nə yağış, nə də qar, göydən daş yağar,

Bayquşlar sevinib deyər ağılar,

Torpaq alınmasa dünya dağılar!

 

Əl göydən üzülər, ayaq da yerdən,

Qalmaz büllur buxaq, nə mina gərdən.

Bir soraq alınmaz nərdən, ərəndən,

Küsər Natəvanın ruhu, barışmaz,

Susar Vaqif sözü dinməz, danışmaz.

Üzeyir nəğməsi donar, açılmaz,

Bülbül zənguləsi qəlblərə axmaz.

Vulkanlar püskürüb, verər son qərar,

Torpaq alınmasa dünya dağılar!

 

Daşnaq narahatdır göz-qulağından

Min ildir ayrılmır öz ulağından.

Vəlvələ, səksəkə düşüb canına,

Dolub ürəyinə, hopub qanına.

Mindiyi qatırdır qorxur, şəklənir,

Yataqda, otaqda, yolda səksənir.

Qıratım, Bozatım, Dürr qatarımdan.

Yenə ayı doğar, Günəşi çağlar,

Torpaq alınmasa dünya dağılar!

 

Yurdumun qeyrətli qızı, ər oğlu,

Vətən keşiyində mətin,  nər oğlu.

Düşmənin əlində qalmaz oba, yurd,

Biz türkük, oğuzuq, qıpçağıq, Bozqurd.

Düşməni salarıq bəndə, kəməndə

Sancarıq bayrağı Şuşa, Xankəndə

Ey şəhid qardaşım! Rahat yat sən də

Rədd olub torpaqdan gedər dığalar

Gəncləşər Qarabağ, yaram sağalar.

Sadiq Babaoğlu

 

Bizim Sahibəmiz

                                                         

Müğənni Sahibə Abdullayeva üçün

 

Toy-düyündə sevinc ilə,

Coşar bizim Sahibəmiz.

Xoş səsilə uca dağlar,

Aşar bizim Sahibəmiz.

 

Düşmənidir kədər, yasın,

O, çox sevir el-obasın.

Hər şənlikdə öz mahnısın,

Qoşar bizim Sahibəmiz.

 

Vurğunudur çiçəklər də,

Arzular da, diləklər də.

Elman deyər ürəklərdə,

Yaşar bizim Sahibəmiz.

Aşıq Elman Mehdiyev              

 

* * *

Qəlbi işıqlatmaq üçün haqqa var,

Vararsansa köksünə gələr bahar.

 

Vərdiş elə sevməyi sən hər kəsi,

Sevə bilən daim olar bəxtiyar.

 

Doğruları əyə bilməz iftira,

Böhtan verməz bir kimsəyə iftixar.

 

Fəxr elə vardır Vətənin, ey oğul,

Belə vətəndə cana gəlməz zaval.

 

Çalış ki, yansın çırağı yurdunun,

Vətənsiz işıq sönər, zülmət olar.

 

Saxlama hər sirrini könlündə sən,

Yoxsa bütün varlığını qəm tutar.

 

Ömrünün dərdi Qarabağ dərdidir,

Gülxar, bu dərddən betəri harda var?

lxar  Cəbiqı

 

Tutub gəl

 

Hamı kimi biz də oğul istədik,

Biz istədik, Allah verdi, böyütdük.

Oğul kimi sən ərsəyə çatınca,

Ömrümüzü fəda etdik, çürütdük.

 

Aylar keçdi, illər ötdü dalbadal,

Hər ilini zülümlərlə bələdik.

Hər anına haqqımızı ayırıb,

Xoş anları birər-birər ələdik.

 

Sən də bizi qəlb verdiyin bir qıza,

Satıb getdin, yaş üstünə yaş gəlir.

Demirik ki, başımıza gəl dolan,

Qəlbimizi qüssə dəlir, dərd dəlir.

 

Vicdan olsa, sən bizi də sevərsən,

Düşünmə ki, hələ çox vaxt, zaman var.

Hər kəs səni atıb, səndən bezəndə,

Duyacaqsan mənim atam, anam var.

 

Suvaşarsan baş daşına atanın,

Ananın da daş şəklini öpərsən.

Gec olacaq  “günah etdim” deyəndə,

Göz yaşını hara gəldi səpərsən.

 

İstəyirik, öz əqidən, öz yolun,

Düz yol olsun, büdrəmə sən, çaşma sən.

Oğul, qayıt haqq yoluna, gec deyil,

Hamar yolu təpə bilib aşma sən.

 

Demirik ki, insanlığı yolda qoy,

Kimliyini, mənliyini atıb gəl.

Deyirik ki, hünərli ol, haqqı gör,

Vicdanının ətəyindən tutub gəl.

stəm Məbudoğlu               

 

Heyif olub

 

Molla Cuma (İsmipünhan) “Heyif oldu” şeirinə

 

İsti qalırdı o, soyumayırdı,

Nəm çəkib sobadan, kül heyif olub.

Hər yetən o yerdə göründüyündən,

Ün dönüb heç nəyə, zil heyif olub.

 

Olur kol, sarmaşıq daşda, qayada,

Gülə çox görülür şeir, oda da.

Olmuş olsalar da eyni havada,

Kol artıb çoxalır, gül heyif olub.

 

Haqqa bənd olduğum vaxtdan, zamandan,

İynəyə sap olub, neştərlənib can.

Quram, tikəm təkrar, yuva, aşiyan,

Tabü-tavan gedib, hal heyif olub.

 

Qada güc gəldikcə könül qarıma,

Olur çəkilməsi simin tarıma.

Dözəsi olmayıb ahu-zarıma,

Qırılıb sinəmdən tel heyif olub.

 

Məşğuldu gün boyu fitnə, fel ilə,

Gətirir Allahı, Quranı dilə.

Necə davranım mən bu ayla, illə,

Aşıq, ay pisləşib, il heyif olub.

Qarayeva Tamam (Nur Tağlabiyanlı)

 

Bu dünyaya yaxşı bax…

 

Düşünmə ki, bir anlığa qocalıb,

Kamanında namərdləri tez çalıb.

Mərd oğluna İlahidən can alıb,

Aç gözünü, bu dünyaya yaxşı bax.

 

Mavi gözlü bir gözəldir, mələkdir,

Söz-söhbəti, işvə-nazı kələkdir.

Göydən yerə səni çaxan küləkdir,

Aç gözünü, bu dünyaya yaxşı bax.

 

Dünya fələk, qurtarmarıq əlindən,

Tufan vurub daranmayan telindən.

Səhv eləsək heç düşmərik dilindən,

Aç gözünü, bu dünyaya yaxşı bax.

 

İgid olub tab gətirsən nazına,

İnsan ruhu köklənəcək sazına.

Dünya özü duracaq namazına,

Aç gözünü, bu dünyaya yaxşı bax.

Surəbrayılova

 

Darıxıram sənin üçün

 

Taleyə bax, əvvəl yaddıq,

Hərə bir ocaqdan qopduq,

Eşq yolunda yuva tapdıq.

Söndü ocaq belə gün-gün,

Darıxıram sənin üçün.

 

Nə tez susdu bu məhəbbət?!

Hicranı ölümdən dəhşət.

Nəfəsim ətrinə həsrət,

Yollarımız düşdü düyün,

Darıxıram sənin üçün.

 

Mən qürurlu, sən inadkar,

Ümidimiz vermədi bar.

Təkcə sənə qəlbdə yer var.

O kəs deyiləm gördüyün,

Darıxıram sənin üçün.

 

Gəl, payızı əynindən at,

Bəzən yazla, nazla yaşat.

Gəl Rafiqə gözəl ovqat,

Eşq idi sən öldürdüyün,

Darıxıram sənin üçün.

Rafiq Akif

 

Taparsan

 

Möhkəmlik rəmzidir daş bu dünyada,

Zaman güc gələndə məhv olur o da.

Yaranıb lal-dinməz, yaşı da çoxdur,

Üzü soyuqsa da, ziyanı yoxdur.

 

Şeytana atılır, bilməz şər, günah,

Ona bu sərtliyi bəxş edib Allah.

Vaxt olur daşa da nəfs atır insan,

Düşünsən bu sözdə məna taparsan.

Mirəli İsmayıllı

Şərh Yaz