Xocalıdan olan şəhid ailəsi ilə gənclərin görüşü

İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları Xocalı soyqırımının  28-ci il dönümü ərəfəsində rayonun Ruşan kəndində müvəqqəti məskunlaşmış Xocalıdan məcburi köçkün düşən şəhid ailəsini ziyarət ediblər.
Ailə başçısını itirmiş Xocalı hadisələrinin canlı şahidi, indi ailəyə başçılıq edən Bəsti Bəndəliyeva İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin kollektivinə Xocalı faciəsi zamanı gördüklərindən, yaşanan əzablardan ürək ağrısı ilə söz açıb.
Söylənilənlərdən vəlli olub ki, Xocalı soyqırımında baş verən vəhşiliklər, qətliamlar onun ailəsindən də  yan ötməyib. Bəsti xanımın qardaşı David Haqverdiyev Milli Qəhrəman Əlif Hacıyevlə çiyin-çiyinə düşmənə qarşı müqavimət göstərərək böyüyüb boya-başa çatdığı torpaqların müdafiəsinidə mərdliklə dayanıb.
Tarixi düşmənlərimiz olan ermənilər qarşısında geri çəkilməyən qardaşlar – David və Şahin Haqverdiyevlər son damla qanlarınadək Azərbaycanın ərazi bötövlüyü, müstəqilliyi, soydaşlarımızın xilası naminə vuruşmuş, mərdliklə həlak olmuşlar. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni vəhşiliyi, qaniçənliyi qardaşların gənc həyatını yarıda qırıb.
O qanlı-qadalı fevral qırğınından 28 il ötməsinə baxmayaraq dövlətimizin, cənab Prezident İlham Əliyevin qayğısından razılıqla danışan Bəsti xanım ömrünün hər gününü doğma torpaqlara qayıtmaq ümidi və inamı ilə yaşayır.

Nurlan Əyyubov

Şərh Yaz