MİLLİ QÜRUR GÜNÜMÜZ

Tarix boyu bəlalar görmüş Azərbaycan 1990-cı ilin 20 yanvarında da mərd, cəsarətli övladlarına arxalandı. Ermənipərəst sovet rəhbərlərinin Azərbaycanı əymək, sındırmaq, susdurmaq cəhdləri boşa çıxdı. Fəlakətlər girdabına atılsa da, sinəsinə çalın-çarpaz dağlar çəkilsə də, ciyərparələri gülləbaran, şil-küt edilsə də sarsılmadı, başını dik tutdu, qürurunu saxlaya bildi Azərbaycan!

Hər il olduğu kimi, bu il də şəhidlərin anım günündə İsmayıllı Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, hüquq-mühafizə idarələrində çalışanlar, xidməti idarələrin işçiləri, şəhər məktəblərinin müəllim və şagird kollektivi, rayon ictimaiyyətinin nümayəndələri 20 Yanvar şəhidləri xatirəsinin anılması günündə ulu öndər Heydər Əliyevin adını daşıyan prospektdə sıralanaraq, sanki bölgədə yaşayanların birliyini nümayiş etdirirdi. Əllərində qırmızı qərənfillər tutan insanların sırasında məktəblilər, yaşları bu unudulmaz faciənin yaşından xeyli az olan qızlar və oğlanlar xüsusilə seçilirdilər. Yaranmış izdiham ildən-ilə şəhidlərə olan ehtiramın artmasından xəbər verirdi.
Həmin gün Şəhidlər xiyabanı istiqamətində prospektdə nəqliyyatın hərəkəti dayandırılmışdı.
Yaşlı nəslin nümayəndələrinin, əlillərin Şəhidlər xiyabanını ziyarət etməsi üçün avtobuslar ayrılmışdı.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov torpaqlarımızın azadlığı, müstəqilliyi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn vətən övladlarının məzarlarını ziyarət edənlərin önündə gedərək, Şəhidlər xiyabanını ziyarət etdi. Şəhidlərin ruhuna dualar oxundu, məzarları üstünə qızılgüllər, qərənfillər düzüldü. Ziyarət saatlarla davam etdi.

Ziyarətdən sonra müharibə əlilləri, şəhid ailələri, ağsaqqallar, müharibə veteranları, Çernobıl faciəsi zamanı əlil olanlar İsmayıllı Rayon Mədəniyyət Mərkəzinə toplaşdılar, burada 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar keçirilən tədbirdə iştirak etdilər.

Tədbirin aparıcısı diqqətə çatdırdı ki, Azərbaycan xalqının mübarizlik, qürur və dəyanət ünvanına çevrilmiş 20 Yanvar hadisələrindən 30 il keçir. Bu qanlı faciənin başvermə səbəbləri haqqında zaman-zaman müxtəlif fikir və rəylərə rast gəlsək də, sonda bu qənaətə gəlirik: Azərbaycan xalqı əsrlər boyu düşündüyü və qəlbində yaşatdığı milli azadlıq, istiqlal istəyindən geri çəkilməməyini, bu müqəddəs amal uğrunda hətta ən layiqli, ən cəsarətli övladlarını qurban verməyə belə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.
Gün boyu mərkəzdəki monitor vasitəsilə 20 Yanvar faciəsinin dəhşətlərini  əks etdirən slaydlar nümayiş etdirildi.

Şahməmməd Soltanov

 

Şərh Yaz