20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimləri keçirilib

İsmayıllı Rayon İcra Hakimiyyətinin hazırladığı tədbirlər planına əsasən 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş mərasimlər bütün idarə, müəssisə və təşkilatları, inzibati ərazi dairələrini əhatə edib.

20 yanvar tarixinə bir neçə gün qalmışdan rayonun əksər idarə və müəssisələrində anım mərasimləri keçirilib. Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və rayon Mədəniyyət Mərkəzi birgə keçirdikləri inşa yazı və rəsm müsabiqələrində, müxtəlif idman yarışlarında yüzlərlə məktəbli iştirak edib. Qaliblər müəyyənləşdirilib və mükafatlandırılıb.

Keçirilən bütün tədbirlərin açılışında şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İştirakçılar 20 Yanvara həsr olunmuş qısa video-filmlərə baxıblar.

Kütləviliyi ilə seçilən toplantılarda “20 Yanvar xalqımızın qan yaddaşıdır”, “20 Yanvar faciəsinin siyasi və hüquqi qiymətini ümummilli liderimiz Heydər Əliyev verdi” və “Qarabağ şəhidliyi 20 Yanvar şəhidliyinin davamıdır” mövzularında çıxış dinlənilib.

Yanvar ayının 17-də İsmayıllı Rayon Mədəniyyət Mərkəzinin foyesində keçirilən tədbiri giriş nitqi ilə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Sevil Əhmədova açıb. Respublikanın hər yerində olduğu kimi İsmayıllıda da 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlərin həyata keçirildiyini bildirib.
S.Əhmədova 20 Yanvar hadisələrinin şahidi kimi, faciənin əsil mahiyyətini açıb, o zamankı hakimiyyət nümayəndələrinin biganəliyindən, dünya ölkələrinin Azərbaycana, ümumiyyətlə, müsəlman dünyasına ikili yanaşmasından, tökülən qanların  bihudə getmədiyindən, milli birliyimizin, vəhdətimizin daha da möhkəmlənməsindən danışıb. Qeyd edib ki, Azərbaycana çoxistiqamətli təzyiqlər artanda Sovet hökumətinin sağlam düşüncədən məhrum başçıları Azərbaycana sözün tam mənasında silahlı hücum təşkil etdilər. Qətliam törədildi. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə müasir hərbi texnika və silahlarla silahlanmış muzdlu sovet ordusu silahsız soydaşlarımızın üstünə yeridi, qana susamış ordunun zabit və əsgərləri Bakını, bakılıları, Azərbaycanı, azərbaycanlıları gülləbaran etdilər. Azərbaycan hakimiyyətinin baş tərəfində duranlar yenə xaincəsinə susdular, lakin millətin səsinə ilk olaraq səs verən ümummilli liderimiz Heydər Əliyev oldu. O həyatını təhlükəyə ataraq Moskvadakı Azərbaycan nümayəndəliyinə gəldi, Azərbaycana silahlı hücum təşkil edən Qarbaçova etirazını bildirdi, onu lənətlədi, baş verənlər üçün SSRİ rəhbərliyinin  məsuliyyət daşıdığını bəyan etdi.

İsmayıllı şəhər 4 nömrəli tam orta məktəbinin tarix müəllimi Ülvi Şamilov, Rayon Mərkəzi Kitabxanasının direktoru Könül Baxışova, Rayon Veteranlar Şurasının sədri Əlaləm Babayev, Rayon Təhsil Şöbəsinin metodisti Şəfaqət Rəsulov və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov  tədbirdə çıxış ediblər. Onlar 20 Yanvar faciəsində baş verən hadisələr və xalqımızın bu faciədə qəhrəmanlıq nümayiş etdirmələri barədə danışıblar.
Tədbirdə iki gün əvvəl keçirilmiş inşa yazı müsabiqəsinin qalibi, Təzəkənd kənd tam orta məktəbinin 10-ci sinif şagirdi Fidan Ələkbərli “20 Yanvar – Qan yaddaşımız” adlı inşa yazısını iştirakçılara təqdim edib. Şəhər 5 nömrəli tam orta məktəbinin şagirdi Hüseyn Bağırlının ifasında  “Ana, mən şəhid oldum” mahnısı dinlənilib.
Tədbirin sonunda inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Tədbir məktəbli rəssamların çəkdikləri rəsmlərin sərgisinə baxışla yekunlaşıb.

G.Baxışova

 

Şərh Yaz