Yeni ilin ilk görüş-qəbulu

2019-cu ili yüksək nailiyyətlərlə başa vuran İsmayıllı rayonunun bütün yaşayış məntəqələrinin, idarə, müəssisə və təşkilatlarının bu uğurlarda fəal iştirak payı vardır. Sosial və təsərrüfat fəaliyyətinin bütün istiqamətlərində seçilən, fərqlənən  mövqeyi olan Mollaisaqlı kəndi bu sırada daha öncül yer tutur. Buna görə də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Yeni ilin ilk görüş-qəbulunu məhz Mollaisaqlı kəndində keçirib.
Görüş-qəbulda Rayon İcra Hakimiyyəti başçısının müavinləri, digər əməkdaşlar, xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan RİH-nin başçısı M.Sadıqov Yeni il münasibətilə iştirakçıları təbrik edib, ölkəmizin, rayonun 2019-cu ildəki inkişafından ətraflı danışıb, Mollaisaqlı  sakinlərinə qarşıya qoyulmuş vəzifələrin icrasında fəal iştiraklarına görə razılığını bildirib.
Uzun illər rəhbər təsərrüfat vəzifələrində çalışmış ağsaqqal ziyalı Musa Sadıqov gələnləri salamlayıb, ölkə başçısına Azərbaycanı, onun hər bir bölgəsini yüksək səviyyəyə çatdırdığına görə elliklə minnətdar olduqlarını bildirib.
Sakinlər su təchizatının yaxşılaşdırılmasına, su anbarının və uşaq bağçasının tikintisinə, kəndarası yolların düzəldilməsinə, istifadə müddəti başa çatmış elektrik dirəklərinin dəyişdirilməsinə, özünüməşğulluq proqramında iştiraka cəlb olunmalarına yardımçı olmağı xahiş ediblər.

RİH başçısı M.Sadıqov sözü, təklifi, xahişi olan hər bir iştirakçını diqqətlə dinləyib, hər bir məsələni aid icra ünvanına yönəldib və müvafiq tapşırıqlar verib.

V.Salehov

veteran jurnalist

 

Şərh Yaz