Həyat da, arzular da inkişafdadır

22 yanvar 2020-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Qalagah kəndində səyyar görüş-qəbul keçirib.

M.Sadıqov rayonda həyata keçirilən və perspektivdə olan layihələrdən, sosial-iqtisadi inkişafın sürətləndirilməsi üçün görülən tədbirlərdən, Qalagahın mövcud problemlərinin aradan qaldırılması yollarından danışıb.

Kənd Ağsaqqallar Şurasının sədri Şahmalı Salmanov yerlərdə vətəndaşlara göstərilən dövlət qayğısından razılıq edib, kənddəki sosial problemlərin –  içməli su tələbatının tam ödənilməsinə, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsinə, internet xidmətinin yaxşılaşdırılmasına, kənddə arteziyan quyusunun qazılmasına ehtiyac olduğunu diqqətə çatdırıb. O həmçinin bildirib ki,  həyat inkişafda olduğu üçün istək və arzular da artır və inkişaf edir. Odur ki, vətəndaşlar öz problemlərinin həllində ilk növbədə özlərinə güvənməli, arzuladıqları rahatlığı, xoş güzəranı öz halal zəhmətləri hesabına qurmalıdırlar.

Görüş-qəbul zamanı torpaqlardan səmərəli istifadə, gənclərin faydalı əməklə məşğulluğu, kiçik sahibkarlığa əhəmiyyətli sahə kimi baxılması RİH başçısının verdiyi tövsiyələr olub.

Görüşdə səsləndirilən bütün məsələlər də qeydiyyata götürülüb və aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.

Ş.Soltanov

 

Şərh Yaz