20 Yanvar – Qan yaddaşımız

Düz 30 il bundan əvvələ qədər adi günlərdən biri idi bu gün. Kimlərinsə ad günü, kimlərinsə toy günü olduğu üçün şəxsi təqvimlərində fərqli rəngdəydi, bəlkə də. Amma hələ onda bu günü Allahın yox, bəndənin qaraya boyayacağı heç kimin ağlına gəlmirdi.

Bütöv bir xalqın taleyini dəyişən, təqvimə qaranlıq kimi çökən qara alın yazısı – 20 Yanvar! Qara fonda qırmızı qərənfillər, qara asfalta yökülüş qırmızı qan. Zülmət gecəylə qızıl səhərin çılğın rəqsi. Bunları salırsan yadına nədənsə…

Bəlkə də, ağlım kəsəndən hər il sənin təsvirini vermək üçün ən çox istifadə etdiyim qara və qırmızı rənglərin təsəvvürümdə buraxdığı izdir bu.

Şəkillərə baxıram. Qara mərmər daşlar və qucaq-qucaq qərənfillər. Yenə də qara və qırmızı.

Bax, həmin gecənin fəlsəfəsidir bu iki rəng. Matəm və azadlıq.

Mənim xalqım həmin gecə öz matəm nəğməsini oxuya-oxuya azadlığına qovuşdu. Bu gecənin fəlsəfəsini yalnız azadlıq təşnəsi olanlar dərk edər. Kölələrsə əli yalın tankların, ordunun üzərinə yürüyənləri qınayar.

Bizi 1990-cı ilin 20 yanvarından 30 il ayırır. Bütün yaraları sağaltmağa qadir olan zaman xalqın 20 Yanvar yarasına məlhəm ola bilirmi? Əlifbanı təzəcə öyrənən məktəblidən tutmuş, hafizəsi zəifləyən ahıl insanlaradək 20 Yanvarla bağlı suala düşünmədən cavab verə bilər. Biz bilirik, biz unutmamışıq.

Bəs dünya necə, Azərbaycan xalqının 20 Yanvarı haqqında nə bilir? 30 il bundan əvvəl Bakıda, Azərbaycanda baş verənləri xatırlayırmı? 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə atılan güllələrin vıyıltısı, şəhərə soxulan tankların matorlarının uğultusu hələ də qulaqlardan getməyib. İmperiya bu cəza aktı ilə xalqın gözünü qorxutmaq,  onun azadlıq ruhunu qan içində boğmaq istəyirdi. Amma buna nail ola bilmədi. Şəhidlərimiz milyonların çiynində yola salındı. Təpədən dırnağadək silahlanmış erməni əsgərləri ilə əhatəyə alınmış Bakı həmin gün görünməmiş dəhşət yaşadı.

Bu gecənin fəlsəfəsinin Kərbəla müsibətinin fəlsəfəsini anlayanlar başa düşərlər. İslamı xilas etmək üçün canını fəda edən 72 nəfər müqəddəs insan bir yola çıxdı. Bu xalqın azadlığını, müstəqilliyini xilas etmək üçün tankların qarşısına əliyalın çıxanların o müqəddəslərdən fərqi varmı? Həmin gecə öz qorxusuna qalib gələn xalqım Ülvisi ilə, Larisası ilə birlikdə imperiya qorxularını da torpağa gömdü.

Müxtəlif mənbələrdən həmin günlərə aid faktları araşdırdıqca imperiya ordusunun törətdiyi vəhşiliklər məni dəhşətə gətirir. Eyni zamanda, xalqımın qəhrəmanlığı, birliyi, fədakarlığı ilə qürur hissi duyuram. Bu qırğınlarda 147 nəfər öldürüldü, 638 nəfər yaralandı, 831 nəfər həbs olundu, 4 nəfər itkin düşdü. Amma tonqallarda yandırılan sovet pasportları ilə, divarlarda yazılan antisovet şüarlarla xalq nəhəng bir imperiyaya: “Bir yol öldürsən, min yol dirilərik” mesajını verdi.

“İlhamla Fərizə dastanı” da o gecənin əsəri oldu. Bu xalqın döyüşməyi bacardığının, ölməyi, sevməyi bacardığının baş mövzusu olduğu dastan.

Bu xalqın azadlığı, müstəqilliyi və suverenliyi naminə canından keçən o insanlar Şəhidlər xiyabanında, Bakının ən yüksək yerlərindən birində çiyin-çiyinə duraraq hər bir azərbaycanlıya Vətəni sevdirmək, ona fəda olmaq öyrədir bu gün.

20 Yanvar! Səndə hüzn qədər qürur, faciə qədər fəxarət var. Sən tariximin qara yazısı, həm də müstəqilliyim qədər qırmızı alovların işıqlandırdığı yolsan. Bu xalqa zülm etdiyi o gecədə zalım bir şeyi unutdu, unutdu ki:

lmün topu var, gülləsi var, qəlpəsi varsa,

Haqqın da bülməz qolu, dönməz ü vardır.

Ələkbərli Fidan,

M.Əzimov adına Təzəkənd kənd tam orta məktəbinin X sinif şagirdi, mövzu üzrə inşa yazının qalibi

 

Şərh Yaz