“Daha güclü Azərbaycan naminə”

Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat kampaniyasını YAP İsmayıllı rayon təşkilatı uğurla davam etdirir.

Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının 86 saylı İsmayıllı seçki dairəsi üzrə deputatlığa namizədi Zaur Muradovun təbliğat-təşviqat kampaniyası çərçivəsində 21 yanvar 2020-ci il tarixdə görüşü keçirilib.

Tədbiri giriş sözü ilə partiyanın İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova açıb. Əvvəlcə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun möhtəşəm nəticələri barədə geniş məlumat verib. S.Əhmədova  qeyd etdi ki, Azərbaycan son illərdə böyük nailiyyətlər qazanaraq bu gün dünyanın qabaqcıl ölkələri ilə bir sırada dayanır, beynəlxalq ictimaiyyət tərəfindən müstəqil, güclü və qüdrətli dövlət kimi qəbul olunur. Natiq daha sonra sonra 86 saylı İsmayıllı seçki dairəsindən deputatlığa namizəd Zaur Muradov barədə məlumat verib.

Zaur Muradov YAP-ın bu seçkilərə “Daha güclü Azərbaycan naminə” şüarı ilə qatıldığını bildirərək  seçicilərin etimadını qazanaraq millət vəkili seçiləcəyi təqdirdə bu etimadı doğrultmaq üçün çalışacağını bildirib.

Görüşdə çıxış edənlər Z.Muradovun savadlı, intellektli, yüksək idarəetmə qabiliyyətinə malik şəxs olduğunu, onu çox yaxşı tanıdıqlarını və bu seçimin Yeni Azərbaycan Partiyası tərəfindən çox düzgün bir qərar olduğunu qeyd ediblər. Çıxış edənlərin hər biri partiyanın təbliğatçısı olduğunu və seçki günü Azərbaycanı sabitlik adasına çevirən ölkə prezidenti cənab İlham Əliyevin sədri olduğu, seçkilərə “Daha güclü Azərbaycan naminə” şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının yenidən irəli sürdüyü namizədi Zaur Muradova səs verəcəklərini bəyan ediblər.

Görüşün sonunda iştirakçılar xatirə şəkli çəkdiriblər.

R.Qasımov

 

Şərh Yaz