Veteranların hər biri əziz və qiymətlidir

Azərbaycan Respublikası Veteranlar Təşkilatının bir qrup üzvü yanvar ayının 19-da İsmayıllı rayonunda olub. Onlar II Dünya müharibəsinin İsmayıllı rayonunda yaşayan qocaman veteranları ilə səyyar görüşlər keçiriblər.

Təşkilat təmsilçiləri bildiriblər ki, möhtərəm Prezidentimiz  – Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında keçirilən islahatlar hər bir Azərbaycan vətəndaşının, o cümlədən veteranlarımızın sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Məhz cənab Prezident başda olmaqla bütün dövlət orqanlarının rəhbərləri və əməkdaşları veteranlara hər cür diqqət və qayğı göstərirlər. MDB ölkələri sırasında Azərbaycan II Dünya müharibəsi veteranlarına xüsusi diqqət yetirməsi ilə fərqlənir.

Bu gün əminliklə deyə biliərik ki, zamanın qanlı-qadalı sınaqlarından alnı açıq çıxmış veteranlarımız gənclərimiz üçün əsl örnəkdir. Onların keçdiyi şərəfli ömür yolu hər birimizə nümunədir.

Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun müvafiq tapşırığına əsasən təşkilatın əməkdaşları görüşlər zamanı qocaman veteranları Yeni il və Qələbənin qarşıdan gələn 75 illiyi münasibəti ilə təbrik edib, onlara maddi yardım və hədiyyələr təqdim ediblər.

Təşkilatın əməkdaşları Hacıhətəmilidə Həbullah Ağayevi, Kürdmaşıda Şura Namazovun, Tircan kəndində Babakişi Fətullayevi ziyarət ediblər. Hazırda Sumqayıt şəhərində yaşayan, 100 yaşlı veteran, Ağbulaq kənd sakini Müsənnif Əhmədovla görüş üçün isə yaşadığı ünvana gedəcəklərini bildiriblər.

Görüşlərin günün axşam saatlarına düşməsinə baxmayaraq,  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İsmayıllı rayon bölməsinin sədri polkovnik Əlaləm Babayev və adları çəkilən ərazilərin icra nümayəndələri qonaqlara vacib missiyalarının reallaşdırılmasında köməklik göstərməklə görüşlərin iştirakçısı olublar.

Veteranlar, onların ailə üzvləri göstərilən diqqətə görə prezident İlham Əliyevə və Respublika Veteranlar Təşkilatına dərin minnətdarlıq ifadə ediblər.

Şahməmməd Soltanov

Şərh Yaz