Xalq qürurunu itirmədi, onun iradəsi qırılmadı

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllim və tələbə heyəti yanvar ayının 17-də rayon Uşaq Kitabxanasının akt zalına toplaşaraq, 20 Yanvar hadisələrinin 30 illiyi münasibəti ilə tədbir keçiriblər.

Tədbiri giriş sözü ilə kollecin direktoru Kamalə Süleymanlı açıb. Şəhidlər bir dəqiqəlik sükutla anılıblar. K.Süleymanlı tarixi günlə bağlı Azərbaycan xalqının başına gətirilən müsibətlərin xronologiyasını xatırladıb.

Tədbirdə çıxış edənlər, hadisələrin canlı şahidləri – Veteranlar Şurasının sədri Əlaləm Babayev, Əməkdar müəllim, Şəfaqət Rəsulov, tarixçi müəllim Mövlud Ağayev bildirib ki, 1990-cı ilin 20 yanvarında və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. O müdhiş gecədə mərd, igid övladlarını qurban verən Azərbaycan xalqı hər zaman olduğu kimi, öz qürurunu itirmədi, onun iradəsi qırılmadı.

Çıxışları diqqətlə dinləyən tələbələr, tədbiri mərdlik və mübarizlik əzmi aşılayan şeir parçaları söyləmək səhnəciklər nümayiş etdirməklə 20 Yanvar hadisələrini  heç zaman unutmayacaqlarını

diqqətə çatdırıblar.

Elmir Ağayev

Şərh Yaz