Tamam Qarayeva (Nur Tağlabiyanlı)

Evə yaxın yerdədi Şəhidlər xiyabanı

 

Götür-qoy eyləməyim, yer bilməyim olubmuş,

Seçəndə özüm üçün bu yeri, bu məkanı.

İti nəzərlərimlə dayanıb göz qoyanda

Görünür həyətimdən oranın dörd bir yanı,

Evə yaxın yerdədi Şəhidlər xiyabanı.

 

Gül açıblar orda da, olmayıb solduqları,

Var Tanrı dərgahında əbədi qaldıqları.

Şəhidlərin qürürla yaşamış olduqları,

Vaxtı anlamış olum, duyum deyə zamanı,

Mənə yaxın yerdədi Şəhidlər xiyabanı.

 

Önündə hər birinin  millət dayanıb, durur,

Bu hissləri yaşayan özünə taxt-tac qurur.

İşıqları o yerin hardan-hara bərq vurur

Qurtarmaqdan ötəri qaranlıqdan cahanı,

Mənə yaxın yerdədi Şəhidlər xiyabanı.

 

Gecənin bağrın söküb yol açaq gündüzlərə,

Verib selin yerini, tay olaq dənizlərə.

Namərd baxıb kənardan həsəd çəkə bizlərə,

Öldürməkdən ötəri xəbərdən yad-yamanı,

Yaxından yaxındadı Şəhidlər xiyabanı.

 

Çirkabdan təmizlənə Qarabağın havası,

Çiçək aça Şuşanın hər daşı, hər qayası.

Bu günlərdə sağala otuz illik yarası.

Sevindirə bununla yurdu – Azərbaycanı,

Salınmaya bir daha Şəhidlər xiyabanı.

 

Bağlayan

 

On qutab çıxmadı on dəstə göydən,

“Çəkibmiş” dəstədən dəstə bağlayan.

Hay-haray axtarır, yaddan əl gəzir,

Əlini sinəsi üstə bağlayan.

 

Atır yumruq, təpik, olur da daşlı,

Bilmir körpə, uşaq, saymır da yaşlı.

İş görə bilməyir ağıllı-başlı,

Fikrini talana, qəsdə bağlayan.

 

Oyatmasın deyə yatan kəsləri,

Gələcəyi haqda verir xəbəri.

Astaca, ehmalca girir içəri,

Asta qapı açan, asta bağlayan.

 

Tutmaqla dişinə o adam canı,

Deyib, gülməsiylə tapır çaranı.

Çıxarır əynindən göyü, qaranı,

Yaxşı gündə açır, pisdə bağlayan.

 

Vurduğu boşalan laxlayası da,

Deyil kimsələri ağladası da.

Olmur  söküləsi, dağılası da,

Peşəkar bərkidən, usta bağlayan.

 

* * *

Köçürüncə dərdimi o dağlardan bu dağa,

Köçürəsi olaydım kaş varaqdan-varağa.

 

Ocağın soyuduğun, söndüyünü bilincə,

Dəyişən olmamışam yer ocaqdan-ocağa.

 

Dözüm, tab gətirməyi tapşırmalı olmuşam,

Köçürəsi olunca dərdimi dağdan-dağa.

 

Elə cür qorxu təlaş yaşamış olmuşam ki,

Rəngim avazıyıbdı, dönübdü ağdan-ağa.

 

Tutub dərdin ucundan gəzmiş olmadığımdan,

Oxşadıblar mənitək xəstəni sağdan-sağa.

 

Haqqın astanasında genişlik olur deyə,

Keçməyə fikrim olmur mənim haqdan- nahaqqa.

 

Bağı, bostanı Tamam, bar ilə dolu bilib,

Göndərirlər bağbanı bar üçün bağdan-bağa.

 

***

 

Vəzifəyə iş bilən, işə peşəkar gəlir,

Düşünürəm düyünlü işlərə açar gəlir.

 

Lazım deyil geyinəm, içində olam onun,

Baxanda bilirəm ki, dünya mənə dar gəlir.

 

Cəfa qala yerində gözlədiyimtək olmur,

Bircə göz qırpımında xəzri, ruzigar gəlir.

 

Yıxılan uşaq haqda eşidəndə, biləndə,

Ağlıma o zamankı buzun üstü, qar gəlir.

 

Şair yazan şeirə, aşıq söyləyən sözə,

Quşlardan,  durnalardan sayılan qatar gəlir.

 

Qayıtmaq, dönmək geri bu cürə olur deyə,

Danıb doğrunu, düzü, unudur, təkrar gəlir.

 

Xoş xəbərin, müjdənin gəlməməsi barədə,

Tamam, çox şey yazılır, mənə məktublar gəlir.

 

Yazır

 

Mütləq nəsə yazmalıyam deyib qələm götürmürəm,

Gələnində hamısı yox, beşindən biri yazılır.

Meşə bildiyimdən bunu  əllərimə balta alıb,

Kəsə bilmədiyimdəndi ki,  cümlələr iri yazılır.

 

Fərqinə vara bilmirəm dolu ya da boş gələnin,

Üzü tutub mənə tərəf gülə-gülə, xoş gələnin.

İşdə, peşədə, hardasa qələmimə tuş gələnin,

Göstərilir mütləq adı, ünvanı, yeri yazılır.

 

İtirmirəm deyə onu olur könül mənə dəftər,

Ürəyimə tapıb yolu yükləyirəm axşam, səhər.

Dərd-bəladan macal tapıb yazmış olaramsa əgər,

İndinin özündən tutmuş, o yandan bəri yazılır.

 

Əsgər

 

İsti eləmiş ol, əyin-başını,

Fəslin payızında, qışında, əsgər.

Mənfurdan torpağı azad edəsən,

Xoş amal, məqsəddi qarşında, əsgər.

 

Özgə torpağına girən itlərə,

Göz açıb oğurluq görən itlərə,

Atmalı oluruq hürən itlərə,

Lazımlı bilirik daşıda, əsgər.

 

Qartal qıyya vurur qayalarında,

Unudan olmurlar vəfalarında.

Vətən göylərində, səmalarında,

Var haya etməsi quşun da, əsgər.

 

Özünə yar bilib Vətəni, yurdu,

Adının önünə yazmısan adı.

Sənin kimilərdən sayılır ordu,

Səndən yaradılır qoşun da, əsgər.

 

Gücün, hünərinlə fəth edib ünü,

Yaşatmış olarsan toyu, düyünü.

Səngərlərdə yaşa sağlıqla günü,

Ağrımasın canın, başın da, əsgər.

 

Ay Allah, nə boyda dərdim var mənim

 

Dərd etmiş olmuşam dərdsizliyimi,

Demişəm bu haqda yazsın qələmim.

Mən ev harayında, mənzil hayında,

Qalıbdı çətində, darda vətənim,

Ay Allah, nə boyda dərdim var mənim.

 

Sözə nöqtə qoyub, bitirdikcə mən,

Daşı yerə qoyub, götürdükcə mən.

Hər şeyə diqqəti yetirdikcə mən,

Azalır dostlarım, artır düşmənim,

Ay Allah, nə boyda  dərdim var mənim.

 

Danışmıram yaddan, yamandan hələ,

Özümüzdən olan əl atır felə.

Görünməz al-əlvan saç indən belə,

Elə ağarıb ki, qaralmaz dənim,

Ay Allah, nə boyda  dərdim var mənim.

 

Yerə qoyduqlarım gələrdi ələ,

Məhsul götürərdim mən ildən-ilə.

Dolu olduğundan torpaq qurd ilə

Dişarmayır buğdam, göyərmir dənim,

Ay Allah, nə boyda dərdim var mənim.

 

***

Aqil çıxmadı rastıma, xama dərdimi yaz dedim,

Rənglər içindən rəng seçib, gecələrə bəyaz dedim.

 

Elə çökdü ki, canıma baş atmalı oldum yerə,

Belə dərddən heç bir yerdə,  heç bir yanda olmaz dedim.

 

Bilə-bilə ki, mən bunu qəbir düzəldir qozbeli,

Çox çəplərə düzgün baxıb, çox əyriyə taraz dedim.

 

Vaxt yox idi beləsiylə günümü axşam eyləyəm,

Beş-üç kitablıq söz dedim, sandı ki, azdan az dedim.

 

Lazım idi deyə mənə dilə gələnləri yazıb,

Şerin, sözün xətrinə mən qara, borana yaz dedim.

 

Onların coşub, daşması, hayqırtıları var deyə,

Kürü çağırıb adıyla, Araza  da Araz dedim.

 

Qarğa, quzğun gələnəcən uçdu, uçmadı bilmədim,

Tamam, qolu qırılana uç, etginən pərvaz dedim.

 

Payız

 

Küləksiz gəlməyib, yelsiz ötməyib,

Belə dəymiş gözə əzəldən payız.

Elə cür geyir ki, donu sarıdan,

Seçilmir göyçəkdən, gözəldən payız.

 

Yığışmalı olur ayaq eyvandan,

Ki, soyuq ətrafdan, gəlməyə yandan.

Qədəmi yerlərə qoyduğu andan,

Xəbər vermiş olur əcəldən payız.

 

Üç ay ömür sürüb, çox qalmayıbdı,

Öyrənir nə solub, nə solmayıbdı.

Həsr olub  şeir ona, ya olmayıbdı,

Soruşur özünü qəzəldən payız.

 

Bostanın məhsulu, bağın barıdı,

Kimsə yarımadı, kimsə yarıdı.

Qızıl da sarıdı, o da sarıdı,

Seçilmir heç nəylə qızıldan payız.

 

Şeir yazacağam  nəvələrimə

 

Salacam könlümdə onların yerin,

Nənədən nəvəyə pay olur deyib.

Tapa bilmiş olsam yolunu şerin,
Şeir  yazacağam nəvələrimə.

 

Baş qoyub beşikdə olsalar yatan,

Başları üstündə olacam həyan.

Nağılım olacaq ağılabatan,

Şeir yazacağam nəvələrimə.

 

Dili doğru deyib, sözü düz deyib,

Onlara əl verib  oxu, yaz deyib.

Könlümcə, qəlbimcə olan söz deyib,

Şeir yazacağam nəvələrimə.

 

Çıxacam borcumdan mən nənə təki,

Elə edəcəm ki, çox olsun çəki.

Götürüb üstümə bu ağır yükü,

Şeir yazacağam nəvələrimə.

 

Gecələr

 

Qələmlə olmasam, nəsə yazmasam,

Görünür gözümə uzun gecələr.

Günün istisində əriməyimçün, donur, açılmır,

Bağlayır üstümdə buzun gecələr.

 

Qoymayıb qabağa yol gedəm önə,

Atıbdı kənara, tullayıb genə.

Qaradan qaranı o birinə, mənə,

Yaşatdırıb minin, yüzün gecələr.

 

Taxtımdan düşürüb, tac almayacaq,

Məndən nə alsa da güc almayacaq.

Bilir ki, gündüzlər bacarmayacaq,

Səpir yaralara duzun gecələr.

 

 

Şərh Yaz