Anama deyərsən ki…

Yanvarın 19-dan 20-nə keçən gecə radioda işdə idim. Hadisələr başlayıb. Saat 5-də birinci növbənin işi bitir və ikinci növbənin işi başlayır. Saat 5-də iş yoldaşlarımla Mərkəzi Komitənin qarşısına düşdük. Mərkəzi Komitənin qarşısı indiki “İçərişəhər” metrostansiyasına qədər adamla dolu idi. Keçmək mümkün deyildi. Hava da çox soyuq idi. Axşam saat 9-da möhkəm üşüdüyümü hiss etdim. Həmin vaxt avtobuslar insanları müxtəlif istiqamətlərə aparırdı. Mən də “Salyan kazarması” deyilən yerə gedən avtobusa mindim. Fikirləşdim ki, gedim, evimiz də ora yaxındır. Nə isə həmin yerə çatıb evə getdim, əynimi qalın edib geri qayıtdım. Təxminən axşam saat 12-də gülləbaran başladı. Heç kim sovet hərbçisinin öz vətəndaşına güllə atacağına inanmırdı. Çox qəribə vəziyyət yarandı. Sağımda, solumda dayananlar onlara atılan güllədən yerə yıxıldı. Ancaq güllə mənə dəymədi. Görünür, taleyin yazısı idi. Həmin anda yaralıları maşınlara doldurub xəstəxanalara çatdırmaq lazım idi. 3 dəfə avtobusla “Semaşko”ya yaralı apardıq. Həmin vaxt şahidi olduğum hadisəni heç zaman unutmayacam. Yaralılardan biri: “Mənim adım filankəsdir, anama deyərsən ki, … o qızı sevirəm” dedi və gözlərini yumdu. Sonra mən onun anasını gördüm, ancaq oğlunun sözlərini ona deyə bilmədim.
Şəhidin anası ilə görüşəndən sonra isə ikinci kitabımda bunları yazdım. “Haqq dünyasında üzr istəyəcəyim gün qarşıdadır”.
20 Yanvar hadisələrindən sonra sarsıntı keçirtdim. Gecələri yata bilmirdim. Yatan kimi yuxudan qışqırıb ayılırdım. Bir müddət müalicə də aldım. Özümə gələndən sonra fikirləşdim ki, əgər atılan güllələr mənə dəyməyibsə, mütləq nəsə etməliyəm. Rəhmətlik Məmməd Nazimoğlu ilə şəhidlərin evlərinə getməyə başladıq. Bu daha ağır və əzablı iş idi. Elə qapı olub ki, 3 dəfə getmişəm, daxil ola bilməmişəm. Qapıdır, gedirsən, döyəcəksən açacaqlar… Ancaq mən döyə bilməmişəm o qapını… Çünki o qapılardan məni qova da bilərdilər, o ailələr çox ağır vəziyyətdə idilər.
Sonra da qayıdıb özümü tənbeh edirdim ki, “axı niyə gedirdin?!” Birinci bukleti Məmməd Nazimoğlu ilə birgə hazırladıq. İkinci bukleti mən tək hazırlamalı oldum. “Çox çətin işdir. Özün get. Bunu bacarmayacam” – dedi. Birtəhər özümdə cəsarət tapıb şəhid qapılarına gedib faktları yığdım, şəkillərini götürdüm. 20 Yanvar gecəsində Mirzə Xəzər səhərə qədər “Azadlıq” radiosunda çıxış etmişdi. Yeganə adam idi ki, insanları məlumatlandırmışdı.

Qulu Kəngərli,

AZƏRTACın Orta Asiya üzrəxbiri

Şərh Yaz