Tarixi günə həsr olunmuş turnir

Rayonun əksər idarə, təşkilat və müəssisələrində 20 Yanvar faciəsinin 30 illiyi münasibəti ilə tədbirlərin keçirildiyi ərəfədə  İsmayıllı Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi ilə bərabər  Gənclər və İdman İdarəsinin birgə  təşkilatçılığı çərçivəsində şəhidlərin xatirəsinə həsr edilmiş şahmat üzrə rayon turniri keçirilib. Qaliblər qızğın mübarizə nəticəsində müəyyənləşib.

Turnirdə I-III yerləri tutmuş idmançılar rayon Gənclər və İdman İdarəsinin müvafiq diplomları və medalları ilə təltif ediliblər.

İsmayıllı Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində 15 yanvar 2020-ci il tarixdə məktəbin tədbirlər planına uyğun olaraq 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş şahmat üzrə açıq birinciliyə start verilib.

Yarışı giriş sözü ilə məktəbin dərs hissə müdiri Tural Haşımov açıb. Şəhidlərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

30 il əvvəl  baş vermiş Qanlı Yanvar hadisələri barədə əsas məlumatlar rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov tərəfindən yarış iştirakçılarına çatdırılıb.

20 Yanvar şəhidlərinin  xatirəsinə keçirilən yarış Beynəlxalq Şahmat Federasiyasının (FİDE) qaydalarına əsasən 5 yaş qrupu üzrə, dairəvi sistemlə keçirilib.

Tural Haşımov

 

 

Şərh Yaz