Gənc rəssamın ilk yaradıcılıq sərgisi

İsmayıllıda istedadlı gənclər çoxdur və  onlara potensiallarını nümayiş etdirmək üçün geniş imkanlar yaradılıb.  Ötən ilin dekabr ayının 28-i  gənc rəssam İsmayıl Faxtiyev üçün xüsusi önəm kəsb edib.  İsmayıllı Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman İdarəsinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin  təşkilatçılığı ilə İsmayıllı şəhərin Mədəniyyət mərkəzində İ.Faxtiyevin Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş fərdi yaradıcılıq sərgisi nümayiş etdirilib.

Gənc rəssam Sumqayıt Dövlət Universitetinin tarix fakültəsini bitirib. Hərbi xidmətini başa vurduqdan sonra doğma rayona qayıdıb. O, yüksək intellekti və ictimai fəallığı ilə seçilən gənclərimizdəndir. Elə bu səbəbdən də ona İsmayıllıdakı Gənclərin İnkişafı və Karyera Mərkəzinin direktoru olmaq kimi məsuliyyətli vəzifə etibar edilib.

Sərgiyə baxış öncəsi Dövlət qulluğu veteranı Valeh Salehov gənc rəssamı sərginin tamaşaçılarına təqdim edib. İsmayılın rəssamlıq bacarığı ilə yanaşı dərin təfəkkürə, dünyagörüşə, aydın zəkaya və istedada  malik gənc olduğunu bildirib. O, həmçinin Dövlət gənclər siyasətinin bəhrələrindən, cənab Prezident İlham Əliyevin gənclərin bütün istiqamətlərdə potensialının üzə çıxarılması və uğur qazanması üçün yaratdığı şəraitdən danışıb.

İsmayıllı Dövlət Rəsm Qalereyasının direktoru İkram İsmayılov təcrübəli rəssam kimi İ.Faxtiyevin yaradıcılığı barədə maraqlı fikirlər səsləndirib, rayonda istedadlı gənclərə göstərilən diqqət və qayğıdan, onların fəaliyyətinə verilən dəstəkdən söz açıb.
Gənc rəssam sərgilənən hər bir rəsm əsəri barədə əhatəli şəkildə məlumat verib. Sonda sərginin təşkilinə və gənclərə göstərilən qayğıya görə minnətdarlıq edib. Rəssamın özü və rəsm əsərləri ilə tanışlıq sərgi tamaşaçılarının ürəyincə olub.

Aysu Nəfli

 

Şərh Yaz