Yaddas kitabcasi

Yeni il yeni ruhla, yeni uğurlarla qarşılanıb

İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyi və təşkilatçılığı ilə  zirvə bayram təntənəsinə qədər bir sıra tədbirlər həyata keçirilib. Ehtiyaclı ailələrin hər birinə bayram sovqatı göndərilməsi, şəhərin və xüsusilə mərkəzi meydanın bayramsayağı bəzədilməsi, məktəblilərin ümumrayon Yeni il tədbirinin keçirilməsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rayon gənclər və idman idarəsi vasitəsilə ucqar yerlərdə yaşayan uşaqlara hədiyyələr göndərilməsi, gənc rəssam İsmayıl Faxtiyevin fərdi yaradıcılıq sərgisinin təşkili məzmununa, əhatə dairəsinə, miqyasına görə qeyd olunan tədbirlər sırasındadır.
29 dekabr 2019-cu il tarixdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə həsr olunmuş təntənəli bayram şənliyi indiyədək keçirilən tədbirlərin yekunu olaraq daha təntənəli, daha şən, daha səfərbəredici xarakterdə idi.
“Qala” şadlıq sarayında düzənlənən el şənliyini giriş nitqi ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açıb, iştirakçıları səmimi qəlbdən təbrik edib. Deyib ki, ümummilli lider Heydər Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi istiqamətində ilk addımı atıb. Bu da Azərbaycan xalqının ideoloji bütövlüyünü və milli birliyini təmin edib. Artıq Azərbaycan dünyada yaşayan azərbaycanlıların siyasi istinadgahı kimi çıxış edir.
Mirdaməd Sadıqov Yeni ili sevinclə qarşılamağa əsas verən uğurlardan da ətraflı danışıb.
Daha sonra rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayondakı bütün fəaliyyət sahələrində fərqlənən öncüllərə təltif və hədiyyələri təqdim edib.
Rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov Dünya Azərbaycanlılarının Həmrəyliyi günü barədə çıxış edib.
Bilavasitə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hərtərəfli qayğısı ilə yenidən yaradıcılıq mühitinə, fəal ictimai həyata qovuşan Xalq şairi Musa Yaqub bayram iştirakçılarını təbrik edib, ölkə başçısına fəxri ada layiq gördüyünə, yeni mənzil hədiyyə etdiyinə görə minnətdarlığını bildirib.
İvanovka kəndindəki Nikolay Nikitin adına təsərrüfatın müşahidə şurasının sədri Olqa Jabina Ümummilli liderin azərbaycançılıq ideologiyasından, həmrəyliyin bu gün daha inamla davam etdirilməsindən, cənab Prezident İlham Əliyevin multikultural siyasətinin beynəlxalq miqyasda tanınmasından danışıb.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov iştirakçıları və uğur qazanan idmançıları təbrik edib, onları mükafatlandırıb. Bütün İsmayıllı gəncləri və idmançıları adından ölkə rəhbərinə dərin minnətdarlığını bildirib. İştirakçıların bir daha diqqətinə çatdırıb ki, cənab Prezident İlham Əliyev idmançımız, poverliftinq üzrə beşqat dünya çempionu Kamil Qafarova mənzil hədiyyə edib. Kamil həm də Əməkdar idman ustası adına layiq görülüb.
Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları şöbəsinin müdiri Rüstəm Səmədov milli, etnik, coğrafi, din və dil müxtəlifliyinin mövcud olduğu bölgədə hökm sürən dostluq, qardaşlıq və buna əsaslanan işgüzarlıq mühitindən danışıb, milli-mənəvi dəyərlərin zənginləşdirilməsi və onların əsasında ideoloji-siyasi tərbiyə işinin müvəffəqiyyətlə qurulmasından bəhs edib.
Tədbirin gedişində şən mahnılar səslənib, oynaq rəqslər ifa olunub, folklor və rəqs qrupları çıxış edib.
İsmayıllılar Yeni ili yeni ruhla, uğurlardan doğan fəallıqla, diqqəti və qayğısından bəhrələndikləri cənab Prezidentə minnətdarlıqla qarşılayırlar.

Valeh Salehov

 

Şərh Yaz