Xalq şairi ilə yaddaqalan görüş

Yeni ilin birinci şənbəsi İsmayıllıda yazıb-yaradan, “Dağ çiçəkləri” ədəbi məclisinin üzvləri üçün fərqliliyi ilə yaddaqalan olub.
Rayonun Uşaq kitabxanasında keçirilən görüşdə Xalq şairi Musa Yaqubun məclisə gəlişi 50 əvvəl özünün yaradıcısı və uzun müddət rəhbəri olduğu doğma məclisin iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Məclis üzvləri böyük şairi yenidən gümrah gördüklərinə görə sevindiklərini bildirib, onu bir ata, şeir-sənət ağsaqqalı kimi hərarətlə alqışlayıblar.
Məclisi giriş sözü ilə açan Nazir Ziya Talıstanlı əbədi məclisin fəxri rəhbəri kimi Xalq şairinə bütün İsmayıllı ziyalıları və yazarlarının salamlarını çatdırıb, hamının ona olan hörmət və ehtiramını ifadə edib.
M.Yaqub həvəslə məclis üzvlərinin yeni şeirlərini dinləyib. Ədəbi məclisin üzvlərindən Oqtay İsmayıllı, Nazir Ziya Talıstanlı, Murad Məhərrəmov, Xalıq Yusifoğlu, Xatın, Tamam Nur Tağlabiyanlı, Nazilə Səfərova, Cəbrayıl Hüseyn, Rüstəm Məbudoğlu, Mehriban İbrahimova, Surə Cəbrayılova, Vüqar Vaqifoğlu, Mirəli İsmayıllı və Şahməmməd Dağlaroğlu yeni şeirlərini oxuyublar. Şair davamçılarının hər birini dinləyərək tövsiyələrini verib, onlarla şeir aləmi ilə bağlı fikirlərini bölüşüb.
Məclisin işinə qatılan Dövlət qulluğu veteranı, təcrübəli jurnalist Valeh Salehov da şairi hörmətlə salamlayıb. Ona səmimi, xoş arzularını yetirib. Məclisə gələn digər qonaqlar, eləcə də kitabxana işçiləri əziz şairlə xüsusi mehribanlıqla görüşüb, ona möhkəm can sağlığı arzulayıblar. Tədbirin sonunda böyük şairlə çəkilən xatirə şəkilləri ona olan böyük sevgini əks etdirib.
“Dağ çiçəkləri”nin təməlini qoyan Musa müəllim keçirilən görüşdən razı qaldığını bildirib. O, məclisə gənclərin cəlbi məsələsinə diqqət yetirməyi vacib hesab edib.
Nazir Ziya Talıstanlı,
“Dağ
çiçəkləri“ əbi məclisinin rəhbəri

Şərh Yaz