Futbolçu həmyerlimizlə görüş

1998-ci ildə İsmayıllı rayonunun Mican kəndində anadan olmuş Rövlan Muradov hazırda ölkəmizin ən tanınmış futbolçularından biridir. Respublika yığma komandasının ən məhsuldar üzvüdür

Yola saldığımız ilin son günlərində İsmayıllı Peşə Tədris Mərkəzində bir qrup futbolsevərin iştirakı ilə tədbir keçirilib. Tədbirdə həmçinin, ünlü futbolçunun yaxınları, İsmayıllı Gənclər və İdman İdarəsinin əməkdaşları da iştirak ediblər.

R.Muradov futbolçu kimi keçdiyi yoldan, qazandığı uğurlardan danışıb:

– 2018-ci ilin yanvar ayında 6+2 il kontraktla Çexiyanın “Slavia Praqa” komandasına getdim. May ayının əvvəlində ağır zədə aldım, o üzdən də Azərbaycana qayıtmalı oldum. Bu zaman “Qarabağ” futbol klubu məni icarəyə götürdü. 6 aydan sonra əvvəllər oyunçusu olduğum “Qəbələ” futbol klubu məni geri qaytardı. Hazırda “Qəbələ” futbol klubunun heyətində oynayıram. Bir vaxtlar atam da futbolçu olub.

Ən böyük arzum  tamaşaçıların ürəkdən sevdiyi səviyyədə futbolçu olmaqdır.

Tədbirdə Rövlanın müxtəlif oyunlarından maraqlı fraqmentlərin cəmləndiyi video-çarxa baxılıb. Tədbir iştirakçıları bacarıqlı futbolçumuza qarşıdakı futbol həyatında uğurlar diləyiblər.

Gənc futbolçu keçirilən tədbirə görə aidiyyəti təşkilatlara dərin təşəkkürünü bildirib. Pərəstişkarlarından bir neçəsinə şəxsi hədiyyələrini təqdim edib.

Rəşid Mirzəliyev

Şərh Yaz