QÜRURUM

SSUCv3H4sIAAAAAAAEAJ2STW7DIBCF95V6B4t1LGFDEqdXiboYw9RBwZ4IcNoq8t0L/qlopW66430zg948eDw/FQVrwRvFXopHUlEba0cfHARDQ8R8t3LUJpAzYBNMbJorzAcIo0efXVHVwr1FLbZZsNB/RlBtoDWdD6SutwsFyjsVDH8UyNLoWvrIoXYIvQ+mx5yivyWZeVQQsIvmf7jcFj8vutgKq48QS4ztMubHdmYbmnb/nlwOr9/5dDioFNBjylw7tAhLsuellV3fA7p+3mJtuhuNlGkYtaFsyzspsP5XHjdnlBm6bIzCBV2mVfwD1GdgoDA7WRdjOkaaZCUqcTrsK3GUFRe85jXb/kV8RqNzr0aniRNgc+B7We5BQiklyrLltSqb5ii44o08CoxJTV9dKjVVnwIAAA==

Turac Hilal

 

Hekayə

Böyük tənəffüs idi. Növbəti dərs riyaziyyat olmalı idi. Sinif yoldaşım dəftərini evdə unutmuşdu. Mənə yaxınlaşıb dedi:
– Gedək mənimlə bizə, riyaziyyat dəftərini gətirək.
Əslində sinfin qızları mənimlə heç dəhlizə çıxmaq istəməzdilər.
Çünki mən onlar kimi hər il təzə donla məktəbə gəlmirdim, onlar kimi parıldayan ayaqqabı geyinmirdim, hər gün dərsə gələndə özümlə pul gətirmirdim… Atam xəstə idi, anam da həm xəstə atama baxırdı, həm də evi dolandırırdı. Evimizdə günlərlə qənd-çayımız olmurdu.
Amma dərslərimi əla oxuyurdum. Riyaziyyatı hamıdan yaxşı bilirdim və sinif yoldaşım da yaxşı bilirdi ki, bu gün məsələni bircə mən yazmışam. Ona bircə mən kömək edə bilərəm. Ona görə məni özü ilə aparıb, məsələnin həllində ona kömək etməyimi istəyirdi.
Onların mənə ehtiyac duymaları içimdə qeyri-adi bir hiss yaradırdı. Amma bu hissin nə olduğunu bilmirdim.
Həmişə dərslərimi əla oxuyurdum ki, heç olmasa, dərsə görə mənimlə dostluq etsinlər. Hansısa bir çalışmanın həllində kömək lazım olanda hamı başıma yığışıb bir-iki saat mənə qarşı olduqca mehribanlıq edirdi. Sonra yenə tək qalırdım.
Sinif yoldaşımın atası imkanlı idi.
Evə çatdıq. Həyətin qapısından içəri girib anasını çağırdı:
– Ana, riyaziyyat dəftərini ver. Evdə stolun üstündədir.
Anası evin pəncərəsindən başını çıxarıb dedi:
– Qalx evə, atan gəlib, sizə kolbasa alıb, bir dilim ye, sonra gedərsən. Üzünü mənə tutub dedi:
– Sən də gəl, qızım.
Mən də qızla evə qalxdım. Kolbasanın iştahaçan qoxusu evi bürümüşdü.
Əslində mən heç bilmirdim kolbasa nə olan şeydir. Amma ətrindən çox dadlı olduğu bilinirdi. Bizim evdə ən dadlı yemək makaron olardı, o da həftədən, iki həftədən bir, bir dəfə.
Qızın özündən kiçik bacısı və qardaşı da evdə idi. Uşaqlar süfrəyə elə daraşmışdılar ki, sanki aylarla ac qalıb, indi çörək görürdülər…  Mən isə mat-məəttəl acgözlüklə süfrəyə daraşan uşaqlara baxırdım.
Uşaqların anası bir dilim kolbasanı çörəyin üstünə qoyub mənə uzatdı. Mən bir çörəyə, bir də qalan son dilimin üstündə dalaşan uşaqlara baxdım və qəti şəkildə: “İstəmirəm, çox sağ olun, mənim kolbasadan xoşum gəlmir, verin onlar yesin”, – dedim. Çox inad etdisə də, əlinə belə baxmadım.
Bu hərəkətimdən ana qəfil tutuldu. Uşaqlarına yaxınlaşıb hərəsindən bir çimdik qoparıb dedi:
– Utanın, ölün, bu qədər alırıq, yeyirsiniz, yenə gözünüz doymur. Görün, ac olsa da, bir tikə yemədi. Gözü toxdu, gözü! Qüruru var!
Dəftəri qızının qoltuğuna verib, acıqla itələyib dedi:
– Get heç olmasa, dərsini oxu da, nəyin əksikdir?! Bax, gözünə su al, bütün dərslərini də əla oxuyur.
Anasının sözlərindən utanan sinif yoldaşım dəftəri götürüb tez evdən çıxdı. Yol boyu bir kəlmə belə kəsmədən məktəbə gəldik. Yenə bütün uşaqlar başıma toplaşdı, həvəslə məsələnin həllində onlara kömək etdim. Dərs bitənə kimi qız başını qaldırıb üzümə baxmadı. Mənsə heç nə olmamış kimi göstərirdim özümü.
O gün mən bir boy uzandım sanki. Özümdən elə xoşum gəldi ki. Sanki paltarım da təzələndi, ayaqqabılarım da parıldadı. Başımı dik tutub gəzdim. ”Gözü toxdu, gözü!”, “Qüruru var!” Bu ifadələr qulağımda elə səslənirdi ki, canıma elə yayılırdı ki, bütün aclığım itirdi, dünyanın ən dadlı yeməklərini yemiş kimi olurdum.
…Və mən o gün hamıdan varlı olduğumu bildim. Çünki mənim qürurum vardı, QÜRURUM!

 

SSUCv3H4sIAAAAAAAEAJ2STW7DIBCF95V6B4t1LGFDEqdXiboYw9RBwZ4IcNoq8t0L/qlopW66430zg948eDw/FQVrwRvFXopHUlEba0cfHARDQ8R8t3LUJpAzYBNMbJorzAcIo0efXVHVwr1FLbZZsNB/RlBtoDWdD6SutwsFyjsVDH8UyNLoWvrIoXYIvQ+mx5yivyWZeVQQsIvmf7jcFj8vutgKq48QS4ztMubHdmYbmnb/nlwOr9/5dDioFNBjylw7tAhLsuellV3fA7p+3mJtuhuNlGkYtaFsyzspsP5XHjdnlBm6bIzCBV2mVfwD1GdgoDA7WRdjOkaaZCUqcTrsK3GUFRe85jXb/kV8RqNzr0aniRNgc+B7We5BQiklyrLltSqb5ii44o08CoxJTV9dKjVVnwIAAA==

Şərh Yaz