Azərbaycançılıq və dövlətçilik fəlsəfəsi ideologiyamızın əsasıdır

10 dekabr 2019-cu il tarixdə İsmayıllı şəhər Mədəniyyət Mərkəzində keçirilən “Heydər Əliyev İdarəetmə Məktəbi”nin növbəti məşğələsi ümummilli liderin anım gününə həsr edilib.

“Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və Azərbaycançılıq ideologiyası Prezident İlham Əliyevin rəhbərlik fəaliyyətinin əsasıdır” mövzusuna həsr olunmuş tədbirə başlamazdan əvvəl iştirakçılar Heydər Əliyevin siyasi və ideoloji irsini, həyat və fəaliyyətini, bölgələrə səfərlərini əks etdirən sərgiyə baxıb, filmə tamaşa ediblər. Ulu öndərin xatirəsi bir dəqiqəlik sükut və ehtiramla yad edilib.

Tədbirdə ilk çıxışı “Heydər Əliyev İdarəetmə Məktəbi”nin geniş tərkibli məşğələsində İdarəetmə məktəbinin təsisçisi, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov edib. O bildirib ki, Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyev sovet dövründə, müstəqillik ərəfəsində və müstəqillik dövründə xalqımız, dövlətimiz qarşısında misilsiz xidmətlər göstərib: “Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyinə gedən bu şərəfli yol da Ulu öndərin adı ilə bağlıdır.

Bu dahi şəxsiyyət həm də milli xilaskarımızdır. Azərbaycan xalqının taleyi yad əllərə düşəndə, müxtəlif səviyyəli vəzifə sahibləri fərarilik edəndə millətə, ölkəyə, yenicə zəif müstəqillik addımlarını atan dövlətimizə ümummilli liderimiz Heydər Əliyev sahib çıxdı. Hakimiyyətə gəlməyin yeganə yolunu seçkilərdə görən Ulu öndərimiz Yeni Azərbaycan Partiyasını yaratdı.

Ömrünün qalan hissəsini xalqına bəxş və həsr edən Heydər Əliyev dünyasını dəyişən ərəfədə də xalqını düşündü, onun tale  məsuliyyətini özü qədər inandığı cənab İlham Əliyevə tapşırdı.

Artıq 16 ildir ki, Ümummilli liderin dövlətçilik fəlsəfəsi və Azərbaycançılıq ideologiyası cənab İlham Əliyevin prezidentlik fəaliyyətində yaradıcılıqla davam etdirilir. Prezidentimiz Azərbaycanı Beynəlxalq miqyasda tanıdır, özünün güclü siyasətçi olduğunu təsdiq edir”.

YAP rayon təşkilatının aparat rəhbəri Anar Nəbiyev, şəhər 5 nömrəli tam orta məktəbinin müəllimi Nailə Abdullayeva, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov,  Gənclərin İnkişafı və Karyera Mərkəzinin direktor əvəzi İsmayıl Faxtiyev, rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Namiq Kərimov mövzu ətrafında müxtəlif istiqamətlər üzrə çıxış ediblər.

Tədbirdə İsmayıllı Rayon Təhsil Şöbəsinin keçirdiyi “Sən elə bir zirvəsən” adlı inşa yazı müsabiqəsinin qalibləri  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsi tərəfindən mükafatlandırılıb.

Ş.Soltanov

 

Şərh Yaz