Yaddas kitabcasi

Yanğın fəlakətdir, amma…

17 dekabr 2019-cu il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətində yanğın təhlükəsizliyinin təminatı ilə bağlı yığıncaq keçirilib.

Yığıncaqda rayonun hüquq-mühafizə idarələrinin, xidmət sahələrinin rəhbərləri ilə yanaşı, İsmayıllı şəhər əşya bazarının, Yaşıl Ticarət Mərkəzinin, şəhər mehmanxanalarının, tikinti materiallarının satışı bazalarının cavabdeh şəxsləri  iştirak edib.

Yığıncağın məqsədini açıqlayan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ölkədə son vaxtlar baş verən yanğın hadisələrinə diqqət çəkib. Başçı bildirib ki, yanğın fəlakətdir, amma, diqqətli olduqda qarşısı alına bilən bir haldır.

M.Sadıqov bir neçə gün əvvəl Fövqəladə Hallar naziri  Kamaləddin Heydərovun televiziya vasitəsi ilə xalqa müraciətini əsas tutaraq rayonda məsələyə ciddi diqqət yetirilməsini günün ən vacib məsələlərindən sayıb.

Məsələ ilə əlaqədar RİH başçısının müavini Mahmud Süleymanov idarə və müəssisələrdə, təsərrüfatlarda,  yanğın təhlükəsizliyinin gözlənilməsi daha vacib olan digər sahələrdə keçirilmiş monitorinqin nəticələrini açıqlayıb. Monitorinqlər zamanı aşkarlanmış neqativ hallara görə olunmuş cərimələr, edilmiş xəbərdarlıqlar, verilən tapşırıqlar barədə danışıb. O həm də bildirib ki, rayonda əmlakın sığorta edilməsi məsələsi də ciddi narahatlıq doğurur. Bu sahədə maarifləndirmə işinə güclü ehtiyac duyulur.

İsmayıllı Rayon Polis Şöbəsinin rəisi Şəmşir Kazımov yanğına həssas obyektlərin təhlükəsizliyinin təminatında  müşahidə kameralarının əhəmiyyətli rol oynadığından söz açdı. Rəisin açıqlamasından bəlli oldu ki, baş verən yanğın və digər xoşagəlməz halların qarşısının alınmasında müşahidə kameraları böyük iş görür. Belə ki, yanğın törətmək, oğurluq etmək fikrinə düşən olarsa, obyektin müşahidə kamerası ilə təchiz olunduğunu bildikdə bu fikrindən daşınır və ya buna əhəmiyyət vermədikdə asanlıqla yaxalanır, ifşa olunur.

Qeydə alınan yanğınların çoxluq təşkil edən hissəsinin elektrik xətlərindəki qısaqapanmadan baş verdiyinə diqqət çəkilib, qaz xətlərindəki nasazlıqların, qazdan istifadədə təcrübəsizliyin yanğın mənbəyi ola bilməsi üzündən bu sahələrə cavabdeh şəxslərə tapşırıqlar verilib.

Tədbirə dəvətlilərin demək olar ki, hər biri dinlənilib. Çıxış edənlər olunan xəbərdarlığa ciddi yanaşmağın vacibliyini vurğulayıblar.

Şahməmməd Soltanov

Şərh Yaz