Gənclərin vətənpərvərlik tərbiyəsində tarixin mükəmməl öyrənilməsinin rolu

“Azərbaycanın bugünkü gəncləri indi özlərini müstəqil Azərbaycan dövlətinin gəncləri kimi hiss edirlər. Onların əksəriyyəti vətənpərvər gənclərdir. Biz də çalışmalıyıq ki, bu gənclərin hamısı vətənpərvər olsun və Vətənə xidmət etməyi özlərinin ən şərəfli vəzifəsi hesab etsinlər”. Bu kəlamlar ümummilli lider Heydər Əliyevindir.
Heç kəsə sirr deyil ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır.

Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.

Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi önəm vermişdir. Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Ulu Öndər  nitqlərinin birində bu barədə demişdir׃ “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil,  vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik”.

Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 oktyabr 2019-cu il tarixli, imzaladığı Sərəncamına uyğun olaraq, ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılmasına başlanılması bunun əyani göstəricisidir.

Gənclik  yaxşı başa düşür ki, bilikli, yüksək təhsilli, vətənpərvər olmalı, dövlətimizin inkişafına və daha da güclənməsinə, müstəqilliyimizin qorunmasına böyük töhfələr verməlidirlər. Bu baxımdan, Azərbaycan gəncliyi dövlətin göstərdiyi etimadı layiqincə doğrultmaqdadır. Gənclərimiz bu yolda inamla irəliləyir və gələcəkdə daha yüksək nəticələr almaq üçün mübarizliyini aparır.

Bu gün Azərbaycan gəncliyi xoşbəxtdir ki, Azərbaycanın lideri gənclərimizə daha güclü, daha zəngin bir Azərbaycan bəxş edib. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan öz  tarixində bu qədər güclü olmayıb. Bəli, bu gücün mənbəyi Heydər Əliyev yoludur, bu gücün mənbəyi xalqla iqtidarın birliyidir, bu gücün mənbəyi Azərbaycan xalqının Prezident İlham Əliyevə inamıdır. Azərbaycan gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşib.

Bu gün ölkəmizdə gənc nəslin vətənpərvərlik  ruhunda tərbiyə olunması aktual məsələ kimi böyük əhəmiyyət kəsb  edir. Çünki, vətənpərvərlik hissinin aşılanması dövlətin, dilin, adət-ənənələrin, ümumilikdə bütöv bir xalqın gələcəyini təmin edən amillərin ən mühümüdür.

Gənclərin vətənpərvərlik tərbiyəsi dedikdə, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə yiyələnmək və şəxsiyyət kimi yetişmə nəzərdə tutulur. Onlar davranış qaydalarını, nizam-intizamlı olmalı, vətəninin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələrini öyrənməli, vətəni qəlbən sevməlidirlər.

Gənclərin bir vətəndaş kimi yetişməsində ailənin, cəmiyyətin, ümumilikdə mühitin rolu böyükdür. Vətənpərvərlik tərbiyəsinin mənbəyi ailədir. Gənclər bir  insan kimi, vətəndaş kimi ilk tərbiyəni ailədən alır. Burada onlar əxlaqi-mənəvi keyfiyyətləri, fiziki möhkəmliyi, əmək vərdişlərini, davranış qaydalarını, bədii-estetik duyumu və s. kimi keyfiyyətləri qazanır. Təcrübə göstərir ki, ailədə vətənpərvərlik tərbiyəsi yalnız özbaşına axınla, kor-koranə deyil, planlı, sistemli, məqsədli şəkildə təşkil olunmalıdır. Uşaqlara vətən sevgisi aşılamaq üçün ilk növbədə valideynlər o ruhda  olmalıdırlar.

Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyatı əhəmiyyətli məsələ kimi baxmışdır. Bu bir həqiqətdir ki,  vətənpərvərlik insanda  fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Buna görə də biz şanlı tariximizdə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur sərkərdələrimizin şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır və bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin Mübariz, Mikayıl, Fərid kimi gənclər  yetirib.

Azərbaycan tarixini öyrənməyin gənclərimiz üçün önəmli borc olduğunu qeyd edən ulu öndərimiz  Heydər Əliyev respublika gənclərinin birinci forumunda demişdir ki, gənclərimiz minlərlə elmlərdən birinə mükəmməl yiyələnməklə yanaşı, iki elmi mütləq öyrənməlidir. Bu elmlərdən biri ana dili – Azərbaycan dili, digəri isə vətən-tarixi – Azərbaycan tarixidir.

Tarixi öyrənməklə əcdadlarının təcrübəsindən nümunə götürən müasir gənc onu təhlil etmək və qiymətləndirmək nəticəsində ayrı-ayrı kollektivlərin və bütövlükdə cəmiyyətin idarə olunmasında şüurlu surətdə iştirak etmək vərdişləri qazanır. Ulu öndərimiz Heydər Əliyev demişdir: “İnsanlar bütün bunları nə qədər çox bilsələr, millətini, xalqını, Vətənini və müstəqil Azərbaycanı da bir o qədər çox sevəcəklər”.

Cənab Prezident İlham Əliyevin BDU-nun yubiley mərasimində bildirdiyi kimi, gənclərimiz tarixi həqiqətləri bilməlidirlər. Bilməlidirlər ki, bir də gələcəkdə heç vaxt Azərbaycan ağır vəziyyətə düşməsin, heç vaxt Azərbaycan gözükölgəli olmasın, heç vaxt başqasının iradəsindən asılı olmasın, heç vaxt başqa dövlətlər qarşısında baş əyməsin!

Əziz gənclər, nə qədər ki, gücümüz, enerjimiz var, çalışaq ki, bu enerjini xırda ticarət və lazımsız işlərlə sərf etməyək. Gələcəyimiz naminə üzərimizdə daha çox çalışıb, vətənimizə, xalqımıza, dövlətimizə sadiq, vətənpərvər kadrlar kimi yetişək.

İsmayıl Faxtiyev,

İsmayıllı GİKM-nin direktor əvəzi

 

Şərh Yaz