Mən yazıçı olsaydım…

Əjdər müəllim də digər müəllimlər kimi, müəllim idi. Atam olmaqla hər bir sözü, hərəkəti, duruşu, baxışı böyük bir dərs idi mənim üçün (şagirdləri bunu daha yaxşı bilir). Riyaziyyatı çox, lap çox sevirdi. Çox maraqlıdır ki, ədəbiyyatda da, musiqidə də ilhamı, axtarışı önə çəkir, riyaziyyat və həndəsədə də ilham, yaradıcılıq axtarırdı.

Qubaxəlilli kənd orta məktəbində dərs hissə müdiri işlədikdə müəllimlər otağının divarından asdırdığı (hərf, söz səhvim ola bilər, amma, fikir eynidir) “Mən professoram, elmlər doktoruyam, yazıçıyam, amma, müəllim adını bütün bu adlardan üstün tuturam” lövhə həmişə gözlərim önündədir.

Mircəlal Paşayevin bu dəyərli fikri müəllim olmaqda nəinki mənə, bir çoxuna stimul verirdi. O, müəllim işləyəndə riyaziyyat kabinetinin divarlarını dahilərin riyaziyyata aid sözləri ilə bəzəyər, onları sevə-sevə, dönə-dönə təkrarladar və bəzilərinin alınmaz qala hesab etdiyi riyaziyyatı şagirdlərinə həvəslə tədris edərdi.

Sovet dönəmində Moskvada nəşr edilən “Fизика и математика” jurnalında verilən çətin məsələləri həll edib nəşriyyata göndərirdi. Nəşriyyat da poçtla dəfələrlə ona  riyaziyyata aid maraqlı vəsaitləri hədiyyə göndərirdi. Azərbaycan təhsilində olan bütün yenilikləri həvəslə izləyirdi. Yeniliyi çox sevirdi. Nədənsə narazılıq etdiyini heç vaxt görmədim. Onun üçün həlli mümkün olmayan məsələ yox idi. Çox təəssüflənirəm ki, niyə Allah mənə az da olsa yazıçılıq qabiliyyəti verməyib. Yoxsa mən hər vaxt bərabərimdə sandığım məsləhətçim, dostum, sirdaşım, həyat müəllimim, atam haqqında bir kitab yazardım. Orda dostluğu, qonşuluğu, qohumluğu, ədaləti, vətənpərvərliyi, peşəsinə olan vurğunluğu ilə örnək olan atamın işıqlı obrazını bir vətəndaşlıq, övladlıq borcu ilə yaradardım.

Sevinc Mirzəyeva,

İsmayıllı şər 5 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi

 

Şərh Yaz