Yaddas kitabcasi

Seçicilər gələcəklərinə səs veriblər

23 dekabr 2019-cu il tarixə çevrildi. Həmin gün seçicilər seçki məntəqələrinə gələrək növbəti beş il üçün yaşadıqları ərazidə mövcud problemlərin həllinə çalışacaq şəxslərə səs verdilər. Ölkədə beşinci dəfə keçirilən bələdiyyə seçkiləri baş tutdu. Bu seçkilər Azərbaycan demokratik dəyərlərinin inkişafında, seçki təcrübəsinin formalaşmasında əhəmiyyətli bir mərhələ kimi dəyərləndirilir.

Seçki günü İsmayıllı rayonunun İsmayıllı bələdiyyəsi üzrə keçirilən seçkiləri izləmək üçün şəhərdəki məntəqələrə üz tutduq. Saat 10:00-da 2 saylı şəhər seçki məntəqəsində olduq. Məntəqənin sədri  Nadir Hacıyev hələlik 92 nəfərin səs verdiyini qeyd etdi. Seçici  Feyruz Hacıyevin təəssüratlarını öyrəndik. O dedi ki, sərbəst seçim etdim. İnanıram ki, qalib gələn namizədlər faydalı işlər görə biləcəklər.

3 saylı seçki məntəqəsində saat 10:40-da olduq. Məntəqə sədri Xalıq Xalıqov həmin vaxta  105 nəfərin səsvermədə iştirak etdiyini, seçici axınının qənaətbəxş olduğunu bildirdi. Seçici  Əmrah Hüseynov ən layiqli namizədlərə səs verdiyini söylədi.

6 saylı seçki məntəqəsinin sədri  Elvüsal Babayev 10:55-dək 114 nəfər seçicinin səsvermədə iştirak etdiyini dedi. Seçici Bəyalı Əsgərov işgüzarlığı ilə seçilən, şəhər sakinləri arasında nüfuzu olan  namizədlərə səs verdiyini vurğuladı.

5 nömrəli tam orta məktəbdə yerləşən 5 saylı seçki məntəqəsinin sədri Elçin Məmmədovdan öyrəndik ki, saat 11:20-dək 143 nəfər səs verib. Seçici Məhərrəm Əhmədov bələdiyyə seçkilərinin demokratik şəraitdə keçdiyini dedi. O bildirdi ki, ismayıllılar bu gün öz gələcəklərinə səs verirlər. Seçicilər bilirlər ki, bələdiyyələr bir qurum kimi yetərincə inkişaf edən  və özünə müəyyən baza yaratmış bir təşkilatdır. Növbəti seçki mövcud fəaliyyəti daha da gücləndirəcəkdir.

59 saylı məntəqə seçki komissiyasında məntəqənin sədri Lətifə Həmidova 11:35-dək 121 nəfərin səs verdiyini bildirdi.

66 saylı seçki məntəqəsinin sədri  Xanlar Qəmbərovdan aldığımız məlumata görə 11:55-dək 167 nəfər səsvermədə iştirak edib.

1 saylı seçki məntəqəsində də olduq. Saat 12:25-dək 169 nəfər seçicinin səsvermədə iştirak etdiyini öyrəndik. Məntəqə sədri Bəxtiyar Salihov bildirdi ki, səsvermə prosedur qaydalara əməl olunmaqla gedir. Seçkinin müvəffəqiyyətlə başa çatacağına tam əminik. Burada müşahidəçi Brilyand Mursalova söylədi ki, seçkinin gedişində heç bir qanun pozuntusu müşahidə olunmayıb. Hər kəs özü, müdaxiləsiz səs verir. Məntəqədə yaradılmış demokratik, şəffaf və aşkar şəraitdən razıyıq.

Günün ikinci yarısında şəhərin 4, 7, 8, 9 və 60 saylı seçki məntəqələrində olduq, kəndlərdəki seçki məntəqələrindən bir neçəsi ilə telefon əlaqəsi saxladıq. Seçkilərin normal şəraitdə keçməsi barədə məlumatlar aldıq.

Müşahidələrimizə və aldığımız məlumatlara əsaslanıb qeyd edə bilərik ki, İsmayıllı rayonunun bütün seçki məntəqələrində seçkilər fəallıq, aşkarlıq və demokratiya şəraitində keçib.

Bələdiyyə üzvü olmaq üçün kifayət qədər səs toplaya bilib, qalib olanları təbrik edir, bələdiyyə fəaliyyətinin gücləndirilməsi, genişləndirilməsi sahəsində hər birinə uğurlar və müvəffəqiyyətlər arzulayırıq.

“İsmayıllırləri”

Şərh Yaz