Kəskin respirator virus infeksiyaları – qrip

Kəskin respirator virus infeksiyaları (KRVİ) çox sürətlə və geniş yayılmasına, müxtəlif növ mikroorqanizmlər tərəfindən törədilməsinə, kliniki əlamətlərin aşkarlığına, spesifik diaqnoz və müalicə vasitələrinin  məhdudluğuna görə fərqlənirlər. Bu xəstəliyə bütün il boyu rast gəlinsə də əsasən mövsümü dəyişikliklər dövrü, yəni payız-qış ayları və yazın əvvəlində xeyli çoxalır. Kütləvi xəstələnmə əmək qabiliyyətli əhalini və  məktəblilərin sağlamlığını müvəqqəti də olsa geniş şəkildə pozaraq istehsalat və təhsil proseslərinə ciddi təsir göstərir.

Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “2019-2020-ci ilin payız-qış mövsümündə Respublikada qrip və kəskin  respirator xəstəliklərə qarşı profilaktiki tədbirlərin gücləndirilməsi barədə” 04 oktyabr 2019-cu il tarixli 75 saylı əmr imzalamışdır.

Əmrə əsasən ərazi tibb müəssisələrinin rəhbərlərinə qrip və kəskin respirator virus infeksiyalarının  yayılmasının qarşısının alınması məqsədi ilə ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi   müşahidələrin aparılması təşkil edilməli, qripə şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin  hospitalizasiyası üçün stasionarlarda xüsusi palataların ayrılması, ağır kəskin respirator xəstəlik halları barədə  məlumatın dərhal ərazi Gigiyena və Epidemiologiya Mərkəzinə verilməsi, profilaktiki dezinfeksiya işinin   gücləndirilməsi tapşırılmışdır.

Qrip – müxtəlif tip viruslar tərəfindən törədilən ümumi intoksikasiya əlamətləri, qısa qızdırma dövrü və yuxarı  tənəffüs yollarının kəskin iltihabı ilə gedən xəstəlikdir.

Qripin kliniki mənzərəsini 1403-cü ildə ilk dəfə Fransız alimi Eten Paskey təsvir etmiş, xəstəliyin ilk  törədicisini isə 1933-cü ildə U.Smith kəşf etmiş, bunu A virusu adlandırmışdır. Sonradan 1940-cı ildə B, 1947-ci ildə C virusu tapılmışdır. Başqa viruslardan fərqli olaraq qripin törədiciləri öz antigen və bioloji  xüsusiyyətlərini tez-tez dəyişir.

Qrip virusları yüksək temperaturun, günəş şüasının və dezinfeksiyaedici maddələrin təsirinə davamsızdır.  Əksinə olaraq mənfi temperatur nə qədər aşağı olarsa, onlar daha çox inkişaf edirlər. Orqanizmdə virusların  inkişafına 2 faktor mənfi təsir göstərir: – yüksək qızdırma və interferon.

Qrip tipik antroponoz xəstəlikdir. İnsanlar qripə hava-damcı yolu ilə yoluxur. Yuxarı tənəffüs yollarının    seliyində olan çoxlu miqdarda virus asqırma, öskürmə və danışıq zamanı 1,5, 2 metr məsafəyə yayılır. Bütün yaşlarda orqanizm qripə yüksək dərəcədə həssas olur. Qripin yoluxuculuq dövrü  3-5  gündən çox çəkmir. İmmunitet güclü olsa, az davam edir.

Qrip virusları yuxarı tənəffüs yollarının selikli qişasının səthi epitel hüceyrələrində çoxalır. Nəticədə selikli   qişanın səthi epiteli dağılır, selikli qat mühafizəsiz qalır. Tənəffüs yollarında toplanmış virus, toksin, başqa zəhərli maddələr, bakteriyalar asanlıqla qana keçir. Qripə məxsus əsas patoloji anatomik dəyişiklik ancaq burunun, udlağın, traxeya və bronxların  selikli  qişalarında   tapılır.

Hazırda  qripin tipik və atipik gedişli formalarına rast  gəlinir. Tipik forma intoksikasiya sindromu ilə başlayır və 1-2 gün ərzində  kataral sindromda  qoşulur. Atipik qripdə isə sindromlardan biri olmur, ya da zəif  əlamətlərlə özünü göstərir.

Xəstəlikdə gizli dövr bir neçə saatdan 1-2 günə qədər çəkir. Əlamətlər qəfildən başlayır, ilk saat ərzində   kəskin intoksikasiya, baş ağrısı, yüksək qızdırma, damaqda və boğazda quruluq və qaşınma hissi, quru öskürək əmələ gəlir. Burun tənəffüsü xeyli çətinləşir. Əsasən başın alın, qaşüstü və gicgah  nahiyələrində göz almalarında, gözün dibində, beldə şiddətli ağrılar olur. Xəstəliyin 2-3 günlərində qrip üçün xarakterik olan – asqırma, öskürmə, damaqda quruluq, göynəmə hissi başlayır. Öskürək əvvəlcə quru, sonra selikli, faringit, laringit, traxeit, bronxit və pnevmaniya ağırlaşmalarında irinli bəlğəmli olur, gözdə yaş, burunda selik ifrazı  güclənir. Bəzən burun və dodaqlar uçuqlayır. Bir sıra  hallarda qızdırma 40-410  selsiyə çatır, daimi xarakter  daşıyır və sonra qəflətən normaya düşür, güclü tərləmə olur. Qripdən sonra uzun müddət yorğunluq, tərləmə, yuxu pozğunluğu və iştahasızlıq qalır.

Uşaqlar və yaşlılar əsasən qripin ağır və ildırımvari formalarına tutulurlar. Ən çox bir yaşa qədər uşaqlarda  qripin ağırlaşmalarından – pnevmaniya xüsusilə təhlükəlidir. Tənəffüs yollarının irinli iltihabı qrip üçün daha  xarakterikdir. Qripli uşaqlarda plevritə, ağ ciyər absesinə, otitə, pielonefritə və sistitə tez-tez rast gəlinir.

Qriplə yoluxmuş şəxslər xəstəliyin kəskin dövründə mütləq yataq rejimində olmalıdırlar. Yataq rejimi ən azı 5  gün olmalıdır. Bu bir tərəfdən xəstəliyin yayılmasının qarşısını alır, digər tərəfdən isə xəstənin tez sağalmasına səbəb olur. Otaq isti olmalı, havası tez-tez  dəyişdirilməlidir. Xəstə isti vannadan, keyfiyyətli vitaminlərlə  zəngin qidalardan intoksikasiyanı azaltmaq üçün isə tərqovucu zoğal, moruq qarışdırılmış isti çay və mayelərdən istifadə etməlidir.

Xəstəliyin müalicəsində remontadin, interferon, qrip əleyhinə xüsusi qammaqlobulin preparatlarından istifadə  olunur.

Xəstəliyin profilaktikasında orqanizmin müqavimətinin artırılması əsas şərtlərdən biridir. Bunun üçün səhərlər  idman etmək, tez-tez təmiz havada olmaq, bədəni yaş dəsmalla silmək lazımdır. Eyni zamanda profilaktika məqsədilə fitonsidlərlə zəngin olan soğan və sarımsaqdan istifadə edilməlidir.

Bir daha əhalinin nəzərinə çatdırırıq ki, qrip xəstəliyinin ilk əlamətlərini hiss edən kimi mütləq həkimə  müraciət edin.

Xanlar Qəmbərov,

İsmayıllı rayon GEM-nin direktoru                           

 

Şərh Yaz