Qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik

18 dekabr 2019-cu il tarixdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə əlil və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün İsmayıllı rayonundakı “Qala” şadlıq sarayında bayram şənliyi keçirilib.

İsmayıllı Rayon İcra Hakimiyyəti, Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə 100  nəfərə qədər fiziki sağlamlığı məhdud olan uşaq valideyinləri ilə bərabər iştirak edib.

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva il ərzində görülən işlər barədə danışıb. Problemli ailə və uşaqlarla işləyən təşkilatı diqqətdə saxlayan, lazım gəldikdə xeyriyyəçilik edən idarə və müəssisələrdən, iş adamlarından razılıq edib. Mərkəzin “Nəsimi ili”nə hazırladığı klip nümayiş etdirilib.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov, Əməkdar müəllim Şəfaqət Rəsulov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, DSMF İsmayıllı rayon şöbəsinin məsul əməkdaşı Fuad Məmmədəliyev bayram iştirakçılarını təbrik edərək, əlilliyi olan insanların dövlətimizin, ölkə Prezidentinin qayğısı əhatəsində olduğunu bildiriblər.

Tədbir şərəfinə hazırlanan konsert proqramı böyük maraqla qarşılanıb. Hamıya xoş əhval bəxş edən bayram tədbirində Şaxta baba və Qar qız iştirakçı uşaqların hər birinə RİH-nin bayram hədiyyələrini təqdim edib.

Tədbirdə müxtəlif milli rəqslər ifa olunub. Yekunda birlik rəmzi olan rəqsimiz, “Yallı” səslənib. Bu rəqs zamanı əllərdə yellənən kiçik bayraqlar Vətənə olan böyük sevgini əks etdirib.

Lalə Kəbirova

 

Şərh Yaz