İqtidar-xalq birliyinin məntiqi nəticəsi

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 27-ci ildönümü münasibəti ilə noyabr ayının 21-də  İsmayıllı rayonunda əlamətdar günə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, YAP İsmayıllı rayon təşkilatı  İdarə Heyətinin üzvü  Mirdaməd Sadıqov, YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova, təşkilatın Şura üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak ediblər.
Tədbirdən öncə iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoyublar, dahi şəxsiyyətin xatirəsini ehtiramla anıblar.
Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatının inzibati binasının akt zalına toplaşan partiya fəallarına əvvəlcə “Dünənin, bugünün və sabahın partiyası”nın  yaradılmasından ötən 27 il ərzindəki fəaliyyətindən bəhs edən video-çarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova çıxış edərək partiyanın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb. O, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsinin dahi rəhbər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər artıq Azərbaycanı inkişaf yoluna çıxarıb. Onun fəaliyyəti, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Müstəqil dövlət ideyası Azərbaycanın yeni tarixində məhz Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlıdır.
Talıstan kənd tam orta məktəbinin direktoru Aydın Əzizov, YAP İsmayıllı Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini Gülşən İldırımlı, YAP İsmayıllı rayon təşkilatı Qadınlar Şurasının sədri Xuraman Qurbanova, partiyanın rayon təşkilatının sədr müavini Zaur Muradov, İdarə Heyətinin üzvü Rüstəm Səmədov, çıxış edərək ulu öndər Heydər Əliyevin Naxçıvanda çalışdığı vaxtlara nəzər salıblar.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ümummilli lider Heydər Əliyev ideyalarının uğurla davam etdirilməsi ilə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə  Azərbaycanın mühüm uğurlar qazandığını diqqətə çatdırıb: “Dünyada müxtəlif böhran vəziyyətinin hökm sürməsinə baxmayaraq ölkə iqtisadiyyatımızın sürətli inkişafı, ictimai-siyasi sabitliyimizin davamlı bərqərar olunması dövlət başçısı cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsidir. Bu siyasətin davamı ölkəmizi daha da işıqlı gələcəyə aparacaq və dünyadakı nüfuzunu möhkəmləndirəcək”.
M.Sadıqov dövlətimizin hərtərəfli inkişafı və xalqımızın tərəqqisi naminə həyata keçirilən islahatların ölkəmizin daha böyük və əsaslı uğurlarına zəmin yaratdığını bildirib. Bu gün ölkəmizin dünyada söz sahibi olan bir ölkə olduğunu, bütün sahələr üzrə dinamik və məqsədyönlü uğurlara imza atdığını qeyd edərək bütün bunları iqtidar-xalq birliyinin, həmrəyliyinin məntiqi nəticəsi adlandırıb.
Tədbirin sonunda YAP sıralarına yeni üzv qəbul edilən bir qrup gəncə partiyanın üzvlük vəsiqələri təqdim edilib.

Şərh Yaz