İsmayıllıda Beynəlxalq Əlillər Günü təntənə ilə qeyd edilib

İsmayıllı rayonu ərazisində 7 min nəfərdən çox müxtəlif kateqoriyalı fiziki qüsurlu sakin yaşayır. Bütün Respublikada olduğu kimi, burada da, dövlət büdcəsinin sosial yönümlü olması, cənab Prezident İlham Əliyevin Sərəncamları əsasında yaradılan imkanlar əlillərin sosial həyatını zənginləşdirir, onları cəmiyyətə inteqrasiya edir, tam hüquqlu vətəndaşa çevirir.

Dövlət tərəfindən müəyyən edilmiş imtiyazlar, qayğını və diqqəti əks etdirən yardımlar aid hər bir ünvana vaxtında çatdırılır. Hər hansı bir təqvim gününü gözləmədən hərəkət imkanları məhdud olan əlillərin evlərinə sistemli olaraq gedilir, onların vacib kommunal və məişət ehtiyacları öyrənilir, yerli imkanlar əsasında tədbirlər görülür. Beynəlxalq Əlillər Günü ərəfəsində İsmayıllı Rayon İcra Hakimiyyəti 60 nəfərdən çox  belə əlili bir daha dəqiqləşdirib, aid xidmət təşkilatlarının, icra strukturlarının nümayəndələrinin, həkimlərin iştirakı ilə onlara bağlamalar göndərib. Rayon Gənclər və İdman İdarəsi əlillər arasında stolüstü oyunların yarışını keçirib.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və maliyyə dəstəyi ilə “Röya” şadlıq sarayında Beynəlxalq Əlillər Gününün zirvə tədbiri keçirilib. Tədbirdə Qarabağ müharibəsi əlilləri, Çernobıl faciəsi əlilləri, ümumi səbəbdən əlillər, fiziki qüsurlu uşaqlar, xidmət təşkilatlarının rəhbərləri, DSMF rayon şöbəsinin əməkdaşları, aidiyyatı olan icra strukturlarının nümayəndələri iştirak ediblər.

Tədbirin başlanğıcında əlillərin əl işləri, rəsm əsərlərindən ibarət satış-sərgiyə baxılıb.

Rayon Mədəniyyət mərkəzinin hazırladığı bədii proqram iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bildirib ki, bütün Azərbaycan vətəndaşları, xüsusilə qayğıya daha ehtiyaclı insanlar Prezident İlham Əliyevin yaratdığı maddi və mənəvi təminatlı həyatı yaşayırlar. 2019-cu ildə ölkə rəhbərinin imzaladığı sosial inqilabi xarakterli sərəncamlar yaranma səbəbindən asılı olamayaraq, fiziki imkanlarını itirmiş hər bir əlilin, şəhid ailəsinin, pensiyaçının yaşam imkanlarını qat-qat artırıb. Bu onun nəticəsində təkcə büdcəmiz deyil, bütövlükdə dövlətimiz sosial yönümlü olmaq imkanı qazanıb.
Aprel döyüşlərində qazi olmuş Yaşar Ağayev, əlil arabasında tədbirə gələn I qrup əlil Nəzakət Cəbrayılova və parolimpiyaçı I qrup əlil Şakir Ömərov, Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon filialının sədri Vidadi Zərbiyev, ailəsində üç övladı əlil olan Natiq Salmanov, gözdən əlil Rahim Səmədov, Çernobıl Əlillər İttifaqı rayon filialının sədri Məleykə Lətifova da eyni ruhda çıxış edib, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya qayğıları, hərtərəfli dəstəkləri, maddi və mənəvi yardımları ilə insanlara fiziki çatışmazlıqlarını unutdurduqlarına görə minnətdarlıqlarını bildiriblər.
DSMF rayon şöbəsinin müdiri Kamran Muradov, İsmayıllı Uşaq və Ailələrəı Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva dövlət qurumu olaraq əlillərlə bağlı gördükləri işlərdən, ölkə rəhbərinin sosial sərəncamlarının insanlar arasında yaratdığı ruh yüksəkliyindən danışıblar.
Tədbirin başlanğıcından sonunadək optimist və pozitiv ruh özünü göstərib.
Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə bir gün əvvəl keçirilən nərd yarışınin qaliblərinə qazandıqları yerlərə görə medal,  diplom və qiymətli hədiyyələr verilib.

Valeh Salehov,

veteran jurnalist

Şərh Yaz