2019-cu ilin yanvar-sentyabr aylarında İsmayıllı rayonunun sosial-iqtisadi inkişafı

2019-cu ilin doqquz ayının nəticələri göstərir ki, Azərbaycan bütün sahələrdə dinamik sürətlə inkişaf edib, bizim beynəlxalq mövqelərimiz möhkəmlənib, ölkə daxilində proseslər müsbət istiqamətdə gedir, iqtisadi inkişaf təmin edilir. Bu il istədiyimiz nəticələrə, bütün hədəflərə çatacağıq və 2019-cu il də ölkəmiz üçün uğurlu il olacaqdır. Ölkə iqtisadiyyatında yaranan müsbət meyillər regionların inkişafı üçün də daha geniş yollar açır. İsmayıllı rayonunun da sosial-iqtisadi inkişafı üçün 2019-cu ildə uğurlar gözlənilir.

Rayon iqtisadiyyatının ümumi indikator göstəricisi olan ümumi məhsul buraxılışının həcmi ilkin hesablamalara görə 2019-cu ilin yanvar-sentyabr aylarında faktiki qiymətlərlə 205881,7 min manat, müqayisəli qiymətlərlə 206329,1 min manat təşkil edərək keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz artmışdır. Ümumi məhsul buraxılışının hər nəfərə düşən həcmi hesabat dövründə 5,4 faiz artaraq 2360,5 manata çatmışdır. Məhsul və xidmətlərin 75,1 faizi istehsal sahələrinin,  24,9 faizi isə xidmət sahələrinin payına düşür.

Hesabat dövründə kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahəsində 89260,6 min manatlıq və ya ümumi məhsulun 43,4 faizi, sənayedə 7995,3 min manatlıq (müvafiq olaraq 3,9 faiz), tikintidə 57321,0 min manatlıq (27,8 faiz), rabitədə 811,3 min manatlıq (0,4 faiz), nəqliyyatda 2557,9 min manatlıq         (1,2 faiz), ticarət və xidmət sahəsində 47935,6 min manatlıq (23,3 faiz) məhsul və xidmətlər istehsal olunmuşdur.

Keçən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulunun həcmi müqayisəli qiymətlərlə 5,0 faiz, sənaye istehsalı 54,3 faiz, tikinti istehsalı 2,1 faiz, informasiya və rabitə 12,7 faiz, nəqliyyat və anbar təsərrüfatı 5,1 faiz,  ticarət, nəqliyyat vasitələrinin təmiri sektorunda isə 3,4 faiz artım qeydə alınmışdır.

Müqayisə olunan dövrdə bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu  mal-qaranın  sayı 38 baş artaraq 51512 baş, qoyun-keçilərin sayı 95 baş artaraq 178725 baş, donuzların sayı isə 39 baş artaraq 334 baş olmuşdur. 2019-cu ilin yanvar-sentyabr aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı (diri çəkidə) 30 ton, süd istehsalı 677 ton, yumurta istehsalı 370 min ədəd artmışdır. Hesabat dövründə 4,2 ton barama, 409 ton yun istehsal olunmuşdur.

2019-cu ilin oktyabr ayının 01-i tarixinə rayonda bütün təsərrüfat kateqoriyaları üzrə 30278 hektar sahədən 105248 ton dənli  paxlalılar (qarğıdalı ilə birlikdə) yığılmışdır. Hesabat ilində 1852 ton əvvəlki ildən çox taxıl istehsal edilmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə məhsuldarlıq göstəricisi 0,4 sentner artaraq 34,8 sentner olmuşdur.

Hesabat dövründə 23200 hektar sahədən 84183,2 ton buğda yığılmışdır ki, bu da əvvəlki ildən 4897,2 ton çox deməkdir. Arpa istehsalında 1503 ton azalma qeydə alınmışdır. Arpa istehsalı əsasən əkin sahəsinin azalması hesabına baş vermiş, məhsuldarlıq göstəricisində isə 1,3 sentner artım olmuşdur. Hesabat  dövründə 131 hektar sahədə vələmir əkilmiş və həmin sahədən 347 ton məhsul toplanmışdır. Cari ilin oktyabrın 01-i tarixinə 774 hektar sahədən 1498 ton paxlalılar, 200 hektar sahədən 57,8 ton dən üçün günəbaxan yığılmışdır. 2019-cu ilin 9 ayında, paxlalıların məhsuldarlığı 19,4 sentner, günəbaxanın məhsuldarlığı isə 2,9 sentner olmuşdur.

2019-cu ilin yanvar-sentyabr aylarında 935 hektar sahənin kartofu yığılmış, 13850 ton məhsul əldə edilmişdir. Bu dövrdə 7872 ton tərəvəz toplanmışdır. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə kartofun məhsuldarlığı 30,4 sentner, tərəvəzin məhsuldarlığı isə 2,8 sentner artmışdır. 2019-cu ilin yanvar-sentyabr ayında kartofun məhsuldarlığı 148,1 sentner, tərəvəzin məhsuldarlığı isə 95,9 sentner təşkil etmişdir. Dördüncü ildir ki, rayonda tütün istehsalına başlanmış, keçən il 22 hektar, bu il isə 30 hektar sahədə tütün becərilmişdir. Cari ilin yanvar-sentyabr aylarında 33,0 ton quru  tütün tədarük olunmuşdur.

Hazırda bağlardan meyvə toplanışı davam edir. Oktyabr ayının 01-ə kimi 6130 ton meyvə, 3846,6 ton üzüm yığılmışdır.

2019-cu ilin yanvar-sentyabr ayları ərzində rayonun sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 7995,3 min manatlıq mal və xidmətlərin buraxılışı olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sənaye istehsalında 54,3 faiz  artım müşahidə olunmuşdur. Hesabat dövründə rayonda əvvəlki ilin eyni dövründən 13,8 faiz çox, 49,5 milyon kilovat saat elektrik enerjisi, 2,4 milyon kub metr çox, 20,2 milyon kub metr qaz istehlak olunmuşdur.

Bu ilin 9 ayında rayonda 17634,1 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə çoxdur. Hesabat dövründə əsas kapitala 61203,2 min manatlıq investisiya qoyulmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çox təşkil etmişdir. Rayonun tikinti təşkilatları tərəfindən bu ilin 9 ayı ərzində 21881,5 min manatlıq tikinti işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki dövrdən 14057,6 min manat çoxdur.

Hesabat ilinin doqquz ayında rayon əhalisinə 142830,0 min manatlıq istehlak malları satılmış, 21220,0 min manatlıq əhaliyə ödənişli xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə müqayisəli qiymətlərlə 2,1 faiz çox, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə qiymətlərlə 2,3 faiz çox təşkil etmişdir.

Hesabat dövründə informasiya və rabitə xidmətlərinin həcmi 811,3 min manat olmuşdur ki, bu da keçən ilin eyni dövründən sabit qiymətlərlə 12,7 faiz çoxdur.

01 oktyabr 2019-cu il tarixə rayonda muzdla işləyən bir işçinin orta aylıq nominal əmək haqqı ilkin məlumatlara əsasən 360,2 manat təşkil edərək, keçən ilin müvafiq dövründən  24,9 faiz  yüksək olmuşdur.

Əziz Əzizov,

İsmayıllı Rayon Statistika İdarəsinin rəisi

             

Şərh Yaz