İnsanın surətində rəhmanın heyranıyam

Oqtay İsmayılının yaradıcılığında təxminən 5 il əvvəl yeni bir meyil – Nəsimi düşüncəsinə yaxınlıq özünü göstərməyə başladı.  Mən onu özü etiraz etsə də, Nəsimi şagirdi adlandırmağa başladım. Getdikcə bu əhvali-ruhiyyə gücləndi və özünəməxsus şəkildə biçimləndi.

Budur, indi özünü “Allah bülbülü” adlandıran şair  beşillik düşüncələrin toplusu olan 150-yə yaxın şeirini yenicə nəşr olunmuş “Nəsimi şagirdiyəm” kitabında  öz oxucusuna təqdim edib. Mən Oqtayın yazılarını müntəzəm şəkildə izlədiyim və onunla tez-tez həmsöhbət olduğum üçün bu topludakı şeirlər haqqında fikirlərimi qısaca bildirməyi lazım bildim.

Oqtay valeh olduğu Nəsimi fəlsəfəsinə tamamilə şərik deyil, yəni sufi-hürufi ideologiyasını kor-koranə qəbul etmir. Altı yüz illik zaman fərqi insan düşüncəsində xeyli dəyişikliklər edib. Bütün fəlsəfi sistemlər kimi, bəzən Nəsiminin fərqli məqamlara görə öz adı ilə nəsimilik adlanan vəhdəti-vücud və hürufilik düşüncələri də az-çox dəyişikliklərə məruz qalıb. Üstəlik Nəsimi dühasının tamamilə qavranılması, demək olar ki, mümkünsüzdür. Heç Oqtay da belə iddiada deyil. O, Nəsiminin poetik təlimindən əsasən insanı kamilləşdirən, ülviləşdirən, saflığı ilə Allaha yaxınlaşdıran, ruhən ona qovuşduran və “fənafillah” mənasında İlahidə əriyərək ayrıca fərd kimi yoxa çıxıb, Bütövün bir zərrəsitək əbədi var olmaq fikrini müdafiə edən cəhətləri seçib, onları inkişaf etdirməyə çalışır. Niyə? Çünki çağdaş dünyamız cahillərin insanı alçaltmasından, qanını axıtmasından, doyumsuz nəfsi üçün bütün fəzilətləri tapdalayanlardan dözülməz əzab çəkir.  Buna görə də müəllif İnsanı öz ilahi missiyasını dərk edərək, Şərə qəti müqavimət göstərməyə, həqiqətən “varlığın əşrəfi”,”aləmlərin tək şöhrəti” olmağa səsləyir:

Anla ki, sən böyüksən ilahi bir zərrətək,

Kafirdir, kim ki səni kiçik verir qələmə.

Müasir sadə oxucunun düşüncə tərzinə uyğun olaraq, Oqtay Nəsiminin işlətdiyi mürəkkəb, arxaikləşmiş təriqət jarqonlarından istifadə etmir, hərf, rəqəm metaforlarından yalnız bəzi anlaşıqlı olanlarını dilə gətirir, onun kimi Qurandakı söz, ifadə və hətta bütöv ayələri şeirdə işlətmir, düşüncələrinin aydın ifadəsinə çalışır. O, Nəsiminin dediyi kimi, “yalnız Süleymanın bildiyi quş dili”ndə danışmır.

Zənnimcə, bu kitabda verilmiş şeirlərin məzmun və forması ilə bağlı bəzi qənaətlərimi də bölüşdürməyim artıq olmaz. Oqtay da “mən” sözünü “özüm” mənasında yox, “insan” anlamında işlədir və Allahın insanı özünə bənzər surətdə yaratdığı, nəfəsilə öz ruhundan bir zərrəni verərək canlandırdığı fikrini əsas tutaraq, onu ən ülvi məqamda görür:

Allah öz gözəlliyin bəndəyə bəxşiş edib,

İnsan surəti verir “ənəlhəq”in isbatın.

Ruhumuz onun zərrəsi olduğu üçün  insana qarşı hər hansı haqsızlığı Oqtay Allaha qarşı üsyan kimi səciyyələndirir.

Oqtaya görə, insanın da əvvəli, axırı yoxdur, o da İlahi kimi əbədidir, çünki Xaliq bütün varlığı məhz öz sevimlisinin xatirinə yaradıb. Deməli, insan onun fikrində kainatdan da əvvəl mövcud  olub. Deməli, biz maddi varlıq kimi var olmazdan qabaq da Allahın fikrində var olmuşuq, başqa sözlə, hətta Kainatdan da yaşlıyıq:

Hələ “ol” sözüylə var olmamışdan

Allahın fikrində yaranmışam mən.

Oqtay insanı öz ucalığını dərk etməyə, mənəvi təmizlənmə yolu ilə “ənəlhəq” məqamına yüksəlməyə səsləyir. Allahın bənzərinə Allahsız işlər yaraşmaz:

Sıyrıl zülmət içindən, nura can at, ey insan,

Səni ərşə səsləyən yanıqlı bir xitabam.

Oqtay Qurandan, müsəlman olduğundan dönə-dönə söz açsa da, məhdud çərçivədə qalmır, bütün dini, milli, irqi, sosial fərqləri zahiri görüntü hesab edir. O da insanları iki yerə: kamillərə və cahillərə bölür. Onun fikrincə, günah Allahın bəxşişi olan ruhu çirkləndirmək, qəbahətlərə bulaşmaq, savab isə onun sevərək yaratdığı təmiz insanları sevmək, fəzilətləri həyat tərzinə çevirməkdir. Ümumiyyətlə, Oqtay son illər şəxsi səciyyəli məhəbbətdən yazmır. Onun təbliğ etdiyi məhəbbət fəlsəfi: insana, təbiətə, İlahiyə məhəbbətdir:

Məcnuntək özümü tapmıram məndə,

Candan ruha kimi yarla doluyam.

Oqtayın bəzi düşüncələri mürəkkəb görünsə də, əslində çox sadədir. Adəmin övladı kimi mənşəyimiz göylə, yerdə doğulduğumuz üçün yerlə bağlıdır. Deməli, həm göyün, həm də yerin sakiniyik:

Bədənim yerdir, ruhən göyəm,

Rəbbin dostuyam, mərdanəyəm.

Oqtay dünyanın, ömrün faniliyi fikrinə şərik olmur, çünki müdrik Yaradıcı hər şeyi ölçüb-biçib. O, səhvə yol verə bilməzdi ki, sonra hökmünü ləğv etsin. Hər şey Onun əvvəldən müəyyən etdiyi qanunlar əsasında təkamülə uğrayır. Ölüm də son deyil, mövcudluğun hələ də anlaya bilmədiyimiz daha təkmil bir formasıdır:

Nə ilkim heç, nə sonum puç,

Mən həmişə var olmuşam.

Oqtaya görə, Allahın zərrəsi də özü kimi kainatdan böyükdür:

Allahın zərrəsi Allahdır həm də,

Ocaq say-hesabsız közü deyilmi?

Ona görə də İnsan sonsuzluğun özünə də sığa bilməz.

Məncə, Oqtay Adəm övladının əzəmətini ən mübaliğəli şəkildə ifadə etməkdə haqlı və inandırıcı görünür:

Aləmləri min qat böyüt,

Yenə cəmdən böyüyəm mən.

Nələri görürsə, gözündə, nələri anlayırsa, düşüncəsindədir. Deməli, insanın gözü və ağlı görünənlərdən və zənn olunanlardan böyükdür:

Gördüyü nə varsa, gözündədir, bax,

Gözü həm bu Yerdir, həm kəhkaşandır.

Fani də, baqi də ondadır, demək,

Bir vücud içində iki məkandır.

Sonsuzluğu, əbədiyyəti anlamağı  elə sonsuzluq və əbədiyyət mənasında qəbul edən şair inamla bildirir: Əbədiyəm, zaman mehdir”.

Oxucu Oqtayın bəzi qənaətlərinə müəyyən elmi faktları nəzərə almaqla daha asan haqq qazandıra bilər. Müasir nəzəriyyələrdən birinə görə, bütün kainat əvvəlcə bir nöqtə şəklində sonsuz sıxlığa və temperatura malik cisim şəklində olub. Sonra ağlasığmaz bir partlayış nəticəsində genişlənməyə başlayıb. Zaman boyunca həmin cismin qəlpələrindən qalaktikalar, ulduzlar, planetlər və böyüklü-kiçikli bütün varlıqlar yaranıb. Deməli, bütün cansız və canlı varlıqlar eyni maddədən yaranıb. Oqtay bu mənşə ümumiliyini, İnsanla Kainatın harmoniyasını özünəməxsus şəkildə belə ifadə edir:

Məndə hər ulduzdan bir zərrə qalıb,

Mənim də bir zərrəm hər ulduzda var.

Oqtayın İnsana sevgisi də heç bir sərhəd tanımır:

Yalnız sənsən, ey insan, tək Tanrının əzizi,

Surətində aşkardır Haqqın nurlu bənizi.

“Nəsimi şagirdiyəm” kitabında müəllifin ən sevimli bədii ifadə vasitəsi olan təzadlar yenə diqqəti ilk baxışda cəlb edir. Məsələn:

Könlüm necə sığır, ah, bir zərrəlik cahana?

Sonsuza bax, məhdudun içində məkan tutub.

Oqtayın kədəri, mənəvi əzabı qətiyyən şəxsi səciyyə daşımır. O, bəşərin bitməz dərdləri ilə göynəyir:

Sənə görə yandırır yeri-göyü ah-naləm,

Öz əzabın kimi bax, insan, mənim naləmə.

Bu kiçik qeydlərimə yekun kimi deyim ki, “Yalnız kamillər bilir, nə cür əzəmətliyəm”, – deyən Oqtay İsmayıllı təbiətinə uyğun olaraq, yenə nəinki təvazökarlığını saxlayır, hətta şair olmadığını, şeirlərinin qeybdən gələn pıçıltılar olduğunu bildirir:

Quluyam görünməz bir hökmdarın,

Yazıram qeybdən deyilənləri.

Şahməmməd  Dağlaroğlu,

Prezident təqaüdçüsü, şair-publisist

Şərh Yaz