Öyrənək və əməl edək

Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirinin 28 yanvar 2019-cu il tarixli F-51 nömrəli əmrinə əsasən Qalacıq kənd tam orta məktəbində “Yol hərəkəti qaydalarını öyrənək və əməl edək!” adlı maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə çıxış edən məktəbin direktoru Rusan Qasımov məktəbdə müəllimlərin, evdə və yollarda isə valideynlərin, ictimaiyyət nümayəndələrinin üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb. Qeyd edib ki, son illər Azərbaycanın iqtisadi inkişafı nəticəsində ölkədə xeyli sayda yeraltı və yerüstü keçidlər inşa edilsə də, piyadalar bu keçidlərdən istifadə etmək əvəzinə, qadağan olunan yerlərdən keçirlər. Baş verən yol-qəza hadisələrinin təhlili göstərir ki, nizamlanmayan yerlərdən keçən piyadaların vurulması halları müşahidə olunur. Sonda yol hərəkət qaydalarını izah edən film nümayiş olunub. Tədbirin sonunda məktəbin V-IX sinif şagirdləri arasında “Yol hərəkəti qaydalarının ən yaxşı bilicisi” müsabiqəsi elan edilib.

***

Qalacıq kənd tam orta məktəbinin tədbirlər planına uyğun olaraq “Gənc ekoloqlar” klubu üzvlərinin təşkilatçılığı ilə 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş “Kəndimizi təmiz saxlayaq” adlı aksiya keçirilib. Məktəb şagirdlərinin  həyata keçirdiyi layihədə əsas məqsəd ətraf mühitin mühafizəsi, təbiətin qorunması, şagirdlərdə təbiətə qayğı hissinin gücləndirilməsi, həmçinin, məktəbətrafı ərazinin səmərəli istifadəsindən ibarət olub.

Elnarə Qasımova

Şərh Yaz