“Arzu” Qadın İnkişaf Qrupunun fəaliyyəti: Kənd qadınları üçün yeni üfüqlər

Bildiyimiz kimi, Azərbaycan dövləti müstəqilliyini bərpa etdiyi gündən ölkənin hərtərəfli inkişafı üçün mühüm dövlət proqramları və layihələri həyata keçirir. O cümlədən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı layihələri və Kreditlərinin  idarə edilməsi üzrə dövlət xidmətinin həyata keçirdiyi kənd investisiya layihəsi çərçivəsində kənd qadınlarının iqtisadi səlahiyyətləndirilməsi komponenti üzrə layihələrə start verilmişdir.

Azərbaycan Respublikası ərazisində 5 rayonda 6 Qadın İnkişaf Qrupu yaradılmışdır. Qruplardan biri də İsmayıllı rayonunun Sumağallı kəndində yaradılmış “Arzu” Qadın İnkişaf Qrupudur. Qrup 2018-ci il aprel ayının 23-də yarandı. Bu qrupa 20 nəfər kənd qadını daxil olmuşdur. Qrup üzvlərin səsverməsi ilə seçilmiş sədr tərəfindən idarə olunur. Hər həftə bir dəfə qrup görüşü keçirilir. Bu görüş növbə ilə qrup üzvlərinin birinin evində təşkil olunur, müzakirə olunan məsələlər, qərarlar sənədləşdirilir. ”Arzu” Qadın İnkişaf Qrupu yarandığı gündən ilk olaraq, qadınların ictimai-sosial həyatda fəallığını artırmaq istiqamətində işlər görmüşdür. Belə ki, qrup üzvləri kənd bələdiyyəsi sədri ilə görüşərək qrupun qeydiyyata salınmasına nail olmuşdur. Kəndin bir çox problemlərinin həlli üçün təşəbbüskarlıq göstərmişdir. Məsələn, kəndin içində və ətrafında, su arxları kənarında, yol qıraqlarında təmizliyin qorunması ilə bağlı əhaliyə yazılı müraciət hazırlamış və evbəev  paylamışdır. Bu işdə qrupun təşəbbüsünə hətta məktəb şagirdləri qoşulmuşdur. ”Arzu” qrupu kənddə yaşayan həssas qruplarla işi təşkil etmişdir. Yaşlı insanlara baş çəkmiş, xəstə adamların müalicəsi üçün vəsait toplanması üzrə təşəbbüs göstərərək ilk nümunəni özü göstərmiş və camaatın köməyini təşkil etmişdir.

“Arzu” Qadın İnkişaf Qrupu məktəbdə yüksək nailliyyətlər qazanan şagirdləri qrupa çağıraraq rəğbətləndirmiş və hədiyyələrlə mükafatlandırmışdır. Qadın qrupunun üzvləri kənd bələdiyyəsinin iclaslarında, eləcə də rayon rəhbərliyi ilə keçirilən görüşlərdə fəal iştirak edir, təşəbbüslərlə çıxış edirlər.

Onu da qeyd edim ki, ”Arzu” Qadın İnkişaf Qrupu rayon bələdiyyəsi ilə əməkdaşlıq haqqında müqavilə imzalamışdır. Layihə həm də qadınların iqtisadi gücləndirməsini nəzərdə tutduğundan bu istiqamətdə də işlər aparılır. Hər qrup görüşündə qadınlar müəyyən məbləğ  depozit yığımı edirlər. 6 ay müddətində yığılmış vəsait gələcəkdə qrupun biznes fəalliyyətinə yönəldiləcəkdir. Sınaq müddətində qrupumuzun xanımları özlərinin biznes bacarıqlarını da nümayiş etdirmişdir. Onlar evlərdən dəzgahlar, alətlər, iplər tədarük etməklə suvenir xalçalar toxumağa başlamışlar. Xalça toxumaq üçün müvəqqəti yer kənd bələdiyyəsi tərəfindən ayrılmışdır. Bu işi qrup üzvləri özlərinin daxili imkanları hesabına təşkil etmişdir. Xalça toxuma xanımlarımızın bacarıqlarını təqdim etməklə, həm də qədim el sənətini yaşatmaq istəyini bildirir. Azərbaycanı dünyada tanıdan sənətlərdən biri olan xalçaçılığın yaddan çıxmağına yol vermək olmaz. Fəaliyyət göstərdiyi müddətdə “Arzu “ QİQ-nun xalçaçı xanımları 30-dan artıq xalça toxumuş və satmışdır. Qrupun ictimai fəallığı sayəsində Sumağallı, İstisu kəndlərindən olan 30-a yaxın xalçaçı qadın “AzərXalça”nın İsmayıllı filialında daimi işə düzəlmişdir. Onların işə gedib-gəlməsi üçün nəqliyyat təşkil olunmuşdur. Xalçaçı xanımlar həm də peşəkarlıqlarını artırmaq üçün kurslara cəlb olunmuşdur.

“Arzu” QİQ-nun  xanımları həm də milli mətbəximizə məxsus gözəl şirniyyatlar bişirirlər. Bu şirniyyatların bir çoxu ilə başqa heç bir zonada rastlaşmaq olmaz. Bal halvası, fındıq halvası, qoz halvası, esida, üçqulaq paxlava,  eləcə də Azərbaycan, türk və başqa ölkələrin mətbəxinə xas olan şirniyyatlar alıcıların çox xoşuna gəlir. Qrupun şirniyyat bişirmək üçün müəssisəsi hələlik olmadığına görə ancaq sifarişlər əsasında fəaliyyət göstərir. Gələcəkdə bu iş genişləndirilə bilər.

“Arzu” Qadın İnkişaf Qrupunun fəalliyyəti yerli və rayon hakimiyyət orqanları tərəfindən dəstəklənir. Bu, bir qadın hərəkatıdır ki, kəndlərdə başlamışdır və kənd qadınlarının inkişafına böyük töhfələr verəcəkdir. İlk qrup görüşlərində utana-utana oturan xanımlar indi böyük təşəbbüslərlə çıxış edirlər. Onu da qeyd edim ki, yaranmış yeni qadın qruplarının liderləri 4-6 iyun 2018-ci il tarixində Belçikanın Brüssel şəhərində keçirilən Avropa İnkişaf günlərində iştirakçı olmuşdur. Bu konfransda dünyanın onlarla ölkəsinin nümayəndələri bir araya gələrək qadınların iqtisadi səlahiyyətləndirilməsi məsələsini müzakirə edirdi. 1200 nəfər iştirakçının qatıldığı bu tədbirdə “Arzu” QİQ-nun nümayəndəsi çıxış etmiş, bu çıxış yüksək səviyyədə qarşılanmışdır.

Azərbaycanda yaradılan qadın inkişaf qrupları AZKİL-nin təlimçiləri və mütəxəssisləri tərəfindən müxtəlif təlimlər almışlar. Bunlar biznes təlimləri, həkim təlimləri, eləcə də həyat dərsləri təlimləridir. Həmçinin hər bir qrup üçün biznes təmsilçiləri seçilmiş, onlara da xüsusi təlimlər keçilmişdir.  2018-ci il sentyabrın 19-da Bakı şəhərində Biznes mərkəzində AZKİL və dünya bankının rəhbərliyi tərəfindən keçirilən tədbirdə qadın qruplarının və onların biznes təmsilçilərinin təqdimatı oldu. Həm qadın qrupları üzvlərinə, həm də biznes təmsilçilərinə sertifikatlar təqdim olundu. Tədbir ölkə mətbuatında,   müxtəlif televiziya kanallarında geniş işıqlandırıldı.

Oktyabrın 16-da Bakı Konqres Mərkəzində, yaradılmış 6 QİQ-dan 3-nün – İsmayıllının “Arzu”, Balakənin ”Novruz” və Masallının ”Cənub” qruplarının milli mətbəxi təmsil edən şirniyyat sərgiləri nümayiş etdirildi. Sərgi dünyanın bir çox ölkələrinin nümayəndələrini maraqlandırdı.

“Arzu” QİQ-u artıq 3 istiqamətdə biznes fəaliyyətlərini qurmuşdur. Xalçaçılıq, milli şirniyyat və təsərrüfat biznesi olan organik kənd toyuqlarının yetişdirilməsi istiqamətində fəaliyyət göstərilir. Bu fəaliyyət üçün AZKİL baza yaratmışdır. Belə ki, 2018-ci il aprelin 25-də Sumağallı kəndində inkubator sexi açılmışdır. Qadın qrupu bu müəssisə ilə əməkdaşlıq etməklə satış üçün 2500 ədəd ətlik çolpalar yetişdirmişdir. Bu məhsullar alıcılar tərəfindən çox bəyənilir.

“Arzu” QİQ-nun xanımları 6 sentyabr 2019-cu il tarixdə Sumağallı kəndində Yaponiyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə inşa olunmuş həkim məntəqəsinin açılış tədbirinin təşkilində  xüsusi fəallıq göstərmiş, xalçaçı xanımların gözəl əl işini yapon səfirinə hədiyyə etmişlər.

Sentyabrın 12-də isə “Arzu” QİQ-nun xanımları Hindistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Vanlalvana Bavitlunq ilə görüşmüşdür. Görüşdə İsmayıllı RİH müavinləri Sevil Əhmədova və Rövşən Ağayev, RİH-nin əməkdaşları, Sumağallı bələdiyyəsinin sədri Ata Rəsulov, ”Arzu” qrupunun biznes təmsilçiləri, eləcə də Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova iştirak etmişdir. Görüşdə kənd qadınlarının iqtisadi səlahiyyətləndirilməsinin Hindistan modeli müzakirə olunmuş, cənab səfirə “Arzu” QİQ-nun fəaliyyəti haqqında geniş məlumat verilmişdir.

Azərbaycan qadını istər cəmiyyətdə, istər ailədə, istər təsərrüfatda və istehsalatda özünün bacarığını, gücünü sübut etmişdir. Kənd qadınları bu barədə öz fədakarlıqları ilə xüsusi seçilir. ”Arzu” QİQ-nun xanımlarının arzuları və hədəfləri böyükdür. Biz əminik ki, açdığımız  cığırlar kənd qadınlarını inkişafa doğru aparacaqdır. Bu yolda bütün kənd qadınlarına uğurlar arzulayırıq.

Arzu Mirzəyeva,

İsmayıllı rayonunun Sumağallı kəndi, “Arzu” Qadın İnkişaf Qrupunun sədri

Şərh Yaz