“Məişət zorakılığının qarşısının alınması mexanizmləri” mövzusunda təlim keçirilib

Heydər Əliyev Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə İsmayıllı Rayon İcra Hakimiyyəti və yerli icra hakimiyyətində yaradılmış Gender zorakılığı və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunda “Məişət zorakılığının qarşısının alınması mexanizmləri” mövzusunda təlim keçirilib.

Təlimdə monitorinq qrupunun üzvləri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvləri, şəhər məktəblərinin direktorları, psixoloqları, İƏD üzrə nümayəndə və bələdiyyələr iştirak edib.

İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının müavini Sevil Əhmədova təlimdə çıxış edərək bildirib ki, Azərbaycan cəmiyyətində qadına hörmət təməl dəyərlərdən olub, xalqımızın əxlaqının və mentalitetinin dərin qatlarına söykənir. Qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı halları cəmiyyət tərəfindən həmişə mənfi qarşılanmışdır. Cəmiyyətin bu bəlaya aşkar mənfi münasibətinə və dözümsüzlüyünə qarşı dövlətimiz son illərdə təsirli tədbirlər həyata keçirməkdədir.

Mövzu ilə bağlı çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taleyə İbrahimova və Komitənin Aparat rəhbəri Ceyran Rəhmətullayeva vurğuladılar ki, müstəqil Azərbaycanda milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək hər cür ayrı‐seçkiliyin qarşısını almağa xidmət göstərir, gender məsələləri ilə bağlı dövlət siyasəti isə qadınların imkanlarının gerçəkləşdirilməsinə yönəlib. Gender bərabərliyi müasir dövrdə demokratik cəmiyyətin inkişafının və insan hüquqlarının qorunmasının əsas prioritetlərindən birini təşkil edir. Ailədaxili zorakılıqdan ən çox zərər çəkənlər uşaqlardır. Ana‐ata arasındakı mənəvi və fiziki basqı altında çox vaxt uşaqlar qalırlar. Valideynlər arasındakı anlaşılmazlıqlardan, davalardan, zorakılıq- dan uşaqların da payına düşür. Ailədaxili zorakılıq zamanı uşağa yönəlmiş istər fiziki, istərsə də mənəvi basqı sərgiləyən hər cür davranış uşağın gələcək həyatında silinməz izlər qoyduğunu bildiriblər.

Sonda İsmayıllı rayon Gender zorakılığı və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri onları düşündürən müxtəlif məsələləri müzakirə edərək bir çox məqamlara aydınlıq gətiriblər.

Gülər Baxışova

Şərh Yaz