Dünyanın ən inkişaf etmiş ölkəsində yaşasalar da…

Avropada meydana çıxan, 1600-cü illərdə Amerikanın Pensilvaniya bölgəsinə köç edərək burada məskən salan və 400 il ərzində heç dəyişməyən xristian bir qrup – Amişlər 21-ci əsrin yeniliklərindən çox uzaq bir yaşam tərzinə malikdirlər. Alman dilində danışır, xüsusi məktəblərdə qarışıq siniflərdə 8-ci sinfə qədər təhsil alır, sadə şəkildə yazıb oxumağı öyrənirlər. Riyaziyyatı sevmirlər, təhsil insana “sual verməyi öyrədir” deyə dərin təhsil almırlar, texnologiyalar insanı dəyişdirir deyə, ondan istifadə etmirlər, heç bir elektrik enerjisi yox, şam işığı ilə yaşayırlar, mobil telefondan istifadə etmirlər, son dövrlərdə yalnız qonşular arasında fövqəladə zənglər üçün ümumi bir telefon işlənir, heç bir televiziya, media, sosial şəbəkə yox, avtomobil idarə etmirlər, avtomobildən istifadə etsələr belə. Əsas nəqliyyat vasitəsi at arabalarıdır, odur ki, onların yollarında kimsə nəqliyyatı sürətlə hərəkət edə bilməz. Elektrik enerjisindən evlərdə istifadə tamamilə yoxdur, sadəcə son zamanlar həddən artıq turist qəbul edən bir kənd olaraq marketlərdə rahatlığı təmin etmək üçün elektron kassa aparatları görmək olur. Tayfalarında mədəniyyət ənənələrini çox ciddi şəkildə qoruyub saxlayırlar, başqa tayfadan olan kimsə ilə evlənmək ölüm cəzası deməkdir. Evli qadınlar başlarına ağ, subay qızlar isə qara papaq qoyar, eləcə də evli kişilər saqqal saxlamaya bilərlər. Şəkil çəkdirmək dinlərinə görə çox yasaqdır, odur ki, uşaqların gəlinciklərində belə oyuncağın üzü yoxdur. Bu tayfanın xtistianlardan fərqi əslində onların uşaqlarının 18 yaşına çatdığında Amiş olub-olmamağa qərar verməkləridir, yəni yalnız uşaq o yaşa çatdığında xaç suyuna salınmağa özü qərar verir. Pendir istehsalına görə mütəxəssis hesab olunurlar, bu gün holland pendiri kimi tanıdığımız pendir əslində Amiş brendi hesab edilir, kəndin pendir fabrikinə bizi aparmaqda məqsəd də onları tanıtmaq idi. Dünyanın ən inkişaf etmiş ölkəsində yaşayıb, amma, inkişafa meyli olmayan bu xalqı görməkdə çox həyəcanlı idim, çox maraqlı şəhər mədəniyyətləri var, hər tərəf səliqəli və təmizdir, çəmənlikləri “almansayağı” gözəl şəkildə biçirlər, bəlkə də nəqliyyatın azlığındandır, amma, havanın da çox təmiz olduğu hiss olunurdu.

Qələmə aldı:

Ruhiyyə Mahmudova,

İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin ingilis dili müəllimi

 

Şərh Yaz