“Özbək kinosu həftəsi” çərçivəsində Qəbələ və İsmayıllıda tədbirlər keçirilib

Noyabrın 17-dən 24-dək Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və “Özbəkkino” Milli Agentliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda “Özbək kinosu həftəsi” keçirilib.

Özbəkistandan olan nümayəndə heyəti kino həftəsi çərçivəsində İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Qəbələ şəhərinə səfər edərək mədəniyyət müəssisələri və tarixi abidələrlə tanış olublar.

Səfər zamanı nümayəndə heyətinin yerli kinosevərlərlə görüşü və film nümayişi təşkil olunub. Qəbələ rayon Mədəniyyət Mərkəzində  baş tutan görüşdə Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə, “Özbəkkino” Milli Agentliyinin mətbuat xidmətinin əməkdaşı, kinoşünas Barno Unqboyeva, SSRİ Dövlət mükafatı laureatı, rejissor Şuxrat Mahmudov, Əməkdar artist Rano Şadiyeva və ssenari müəllifi Roza Merkinbayeva iştirak ediblər.

Filmin nümayişindən əvvəl nazirliyinin nümayəndəsi Almaz Sultanzadə qonaqları tamaşaçılara təqdim edərək, ölkəmizdə “Özbək kinosu həftəsi”nin ikinci dəfə keçirildiyini, bu dəfə qardaş ölkənin filmləri ilə təkcə paytaxt sakinlərinin deyil, bölgələrdəki vətəndaşların da tanış olmaq imkanı qazandıqlarını bildirib. Özbəkistan-Azərbaycan ədəbi və mədəni əlaqələri, Özbəkistanda kino sənayesinin inkişafı ilə bağlı məlumatı diqqətə çatdıran kinoşünas Barno Unqboyeva və rejissor Şuxrat Mahmudov kino həftəsində müxtəlif janrlarda – tarixi, sənədli, bədii və cizgi filmlərinin nümayiş olunacağını bildirərək, hər kəsi bu filmlərlə tanışlığa dəvət ediblər.

Çıxışlardan sonra qardaş ölkənin “Rəqsin valehedici gözəlliyi” sənədli filminin nümayişi olub. Filmin izləyiciləri qısa müddət ərzində Özbəkistanın tarixi məkanlarına səyahət edərək, özbək xalqının mədəni irsi ilə tanış olmaq imkanı qazanıblar. Tədbirin sonunda Barno Unqboyeva qonaqpərvərliyə və yaradılan şəraitə görə təşəkkürünü bildirib.

 

***

Daha sonra qonaqlar İsmayıllı rayonuna baş çəkiblər. Rayon Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olan qonaqlar, mərkəzdə fəaliyyət göstərən müxtəlif dərnəklər və burada sərgilənən əl işləri ilə yaxından tanış olublar.

Tanışlıq zamanı İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin foyesində  “Niyal” xalq çalğı  alətləri  ansamblı konsert proqramı ilə çıxış edib. Ansamblın çıxışı qonaqlar tərəfindən alqışlarla  qarşılanıb.

Aysu Nəcəfli

Şərh Yaz