Məktəblilərimizin yaradıcılığından:

Səmanın peşmanlığı                                            

 Qonşuluqda iki qız yaşayırdı. Birinin adı Səma, o birinin adı Sevda idi. Səma uzun saçları, geyindiyi rəngarəng paltarları ilə öyünürdü. Sevda isə sadə, çalışqan kasıb bir qız idi.

Küləkli bir payız səhəri idi. Onlar həmişə olduğu kimi, bu səhər də birlikdə məktəbə gedirdilər. Yolda Səma Sevdadan riyaziyyat tapşırıqlarını köçürmək üçün dəftərini istədi. Sevda isə dəftəri ona verməyib dedi:

– Gəl, tapşırığı sənə başa salım, özün yaz. Bu sözləri eşidən Səma üzünü çevirib getdi.

Dərs başladı. Müəllim ev tapşırığını yazmadığı üçün Səmaya 2 qiyməti yazdı. Səma Sevdanı günahlandırmağa başladı:

– Səndən mənə rəfiqə olmaz. Əgər dəftərini mənə versəydin, indi “2” almazdım.

Kənardan onları seyr edən Kamal söhbətə qarışdı.

– Sən səhv edirsən, Səma! Özün əziyyət çəkib tapşırığı yazmalı idin. Başqasının çəkdiyi zəhmət hesabına savadlı olmaq olmaz. Bir də ki, Sevda əsl dost kimi tapşırığı sənə başa salmaq istəyib. Əgər dəftərini sənə versəydi, sən heç nə anlamadan onu köçürəcəkdin.

Səma tutduğu əməldən peşman oldu. Həmin gündən dərslərini Sevda ilə birlikdə oxuyur, çətinlik çəkdiyi mövzuları onunla yazırdı. Səma anladı ki, insan hər şeyə özü nail olmalıdır. Başqasının hesabına elm qazanmaq mümkün deyil.

26 fevral soyqırımını unutma!

1992-ci il idi. Qarlı-şaxtalı fevral ayının  25-dən 26-sına keçən gecə insanlar öz isti evlərində yatmışdılar. Qəfildən açılan atəş səsləri onları yuxudan oyandırdı. Bəzi insanlar elə bilirdilər ki, hələ də yuxu görürlər. Vəhşi ermənilər günahsız insanları öldürür, qocalara, cavanlara zülm edirdilər. Qaça bilən qaçıb canını qurtarmağa çalışırdı. Adamlar meşəyə tərəf üz tuturdular. Analar uşaqlarını soyuqdan qorumağa çalışırdılar. Ermənilərin isə nə uşaqlara, nə də qocalara rəhmi gəlirdi. Onlar insanları vəhşicəsinə öldürürdülər.

Bu faciənin üstündən çox illər keçib, ancaq, hələ də onun ağrısı ürəklərdən silinməyib. Hər dəfə Xocalı soyqırımını televizorda göstərəndə mən evdə ailə üzvlərimin göz yaşlarını görürəm. Mənə ən ağır gələni soyuqdan donmuş uşaqların, ayaqyalın insanların qarın üstündə hərəkətsiz qalmış cəsədlərini görməkdir. Bu faciəni unutmayaq!

Bir parça çörək

Bir yuvada iki quş yaşayırdı. Bu quşlardan birinin adı Çilli, o birinin adı isə Xallı idi. Çilli xeyirxah, Xallı isə paxıl idi. Günlərin bir günü Çilli Xallıya dedi:

– Bizim yaxınlığımızdakı budaqda  bir yuva var. Orada ac-yalavac quş balaları var. Gəl, onlara yemək aparaq.

Xallı dedi: – Biz özümüz acından ölürük. Onlara niyə yemək verək?

Çilli dedi: – Sən öz payından ayırıb onlara verə bilərsən. Axı onlar çox balacadırlar,  özlərinə yem tapa bilmirlər. Yəqin ki, anaları da onları atıb gedib. Xallı onunla razılaşmayıb yuvaya girdi.

Körpə quş balaları isə acından civildəşə-civildəşə qalmışdılar. Çilli uçub qarşıdakı həyətə qondu. O, ağacın dibinə tökülmüş yemək qırıntılarından dimdiyinə alıb, körpə quş balalarına gətirdi. Bala quşlar qarınlarını doyurdular. Onlar civildəyərək öz dillərində Çilliyə təşəkkür etdilər. Çilli isə onlara kömək etdiyi üçün özünü xoşbəxt sayırdı. Xallı isə yuvasından onlara baxıb utanırdı.

Biz hamımız yaxşılıq etməliyik. Yaxşılıq heç zaman yaddan çıxmır. Gəlin, ehtiyacı olanlara kömək edək.

Aynur Əhmədli,

3 nömrəli məktəb-liseyin şagirdi

Şərh Yaz