Nəsimi – 650

Məndə sığar iki cahan, mən bu cahana sığmazam.

  Təqdim olunan şeirləri özbək dilindən Azərbaycan dilinə Prezident təqaüdçüsü, şair-tərcüməçi Şahməmməd Dağlaroğlu çevirib.

Dilbər Heydərova                             

 

Tanınmış özbək şairəsi. 30-dan artıq kitabı çap olunub. M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunda təhsil alıb. Nəsrdə və nəzmdə yazır. Yaradıcılığında publisistika və tərcüməyə də yer verir. Əsərləri rus, bolqar, kırğız, kazak, türkmən, belarus, çex, ingilis, hind dillərində tərcümə olunaraq çap edilib. Hindistanda, Amerikada, Rusiyada kitabları çap olunub. Bakıda bir sıra almanaxda şeirlərinə yer verilib.

 

Nəsimi qəzəlinə müxəmməs

 

Gözündə gözətçi diqqətin gördüm

Üzündə səmanın xislətin gördüm,

Sözündə duanın ismətin gördüm.

Üzündə rəhmanın surətin gördüm,

Qaşında Quranın qüdrətin gördüm.

 

Unutdum dünyanın səadətini,

Canımda yer alan hidayətini.

Deyib iki dünya hekayətini,

Oxudum hüsnünün dərs ayətini,

Yaddaşda məzhəbi-imanı gördüm.

 

Gözümün qüvvəti sənsən yaranan,

Dilimin nabatı sənsən yaranan.

İmanın surəti sənsən yaranan

Məhəmməd ümməti sənsən yaranan,

Səni gözəllərin soltanı gördüm.

 

Yaddaş sınıqlarım könül içində,

İçimə tökülmüş eşqim içimdə.

Sizə bəslədiyim eşqin içində

Xəlilullah ilə eşqin odunda

Yandıqca gül kimi reyhanı gördüm.

 

Canımda ağrı sənsən, sən kimimsən

Canımın cahanı sən, sən, kimimsən?

Yar-ümmanım bircə sənsən, sən kimimsən

Salamım Nuha yetər, sən kimimsən,

Onunla qərq olub tufanı gördüm.

 

Rəvadır min odda yansam özümtək,

Rəvadır min evə dolsam özümtək.

Rəvadır min cür səs salsam özümtək,

Rəvadır Xızr ilə qalsam özümtək

Ləbində çeşmeyi-heyvanı gördüm.

 

Sudan dürr axtarar həqiqi qəvvas,

Var-dövlət, şan gəzər həqiqi qəvvas.

Dənizlərə axanın adı da qəvvas

Eşqin dəryasında misali qəvvas

Ləli-gövhər olan ümmanı gördüm.

 

Sizi süzüb gedən bu yarınızdır,

Eşqin haqqa yayan dildarınızdır.

Dağ-daşı dolanan dildarınızdır

Mənim tək istəyim didarınızdır,

Oxudum dəftəri-divanı, gördüm.

 

Qalmışam kimsəsiz yerdə giriftar,

Düz sözün qadası mərdə giriftar.

Hidayət axtaran şərtə giriftar

Züleyxatək bir gün dərdə giriftar,

Əzabkeş Yusifi-Kənanı gördüm.

 

Güllərin eşqiylə bülbül verər can,

Bülbülün eşqiylə hər gül verər can.

Dilbər həsrətindən səs salar nalan

Bu gün Nəsimitək de kim verər can –

Hamıdan yaxında cananı gördüm.

 

Gülzirə Şaripova                             

 

Gülzirə Haşımcan qızı Şaripova 1957-ci ildə Oş vilayətində anadan olub. Ali təhsillidir. Daşkənd Dövlət Universitetinin hüquqşünaslıq fakültəsini bitirib.  Məhkəmə, prokurorluq, icra və ədliyyə orqanlarında çalışıb. Hazırda “Demokratiya və insan hüquqları” institutunun Daşkənd vilayət ərazi bölməsinin direktorudur.

 

Nəsiminin 650 illiyinə

 

Böyük təntənədir türkün elində –

Dahi Nəsiminin təvəllüd günü.

O, şair oğludur Azərbaycanın,

Oğlu hesab edir özbək də onu.

 

Yaşayır hər sözü doğma elində,

Dedi: ürəyini yalnız Haqqa ver.

Ötdü bülbül kimi ana dilində,

Tapdı misraları ürəklərdə yer.

 

Seyyid İmadəddin Nəsimidir o,

Nəzmdə yüksəldi dağlar misalı.

Tarixin qızılı vərəqlərində,
Mərdlik və hünərdə dəniz timsalı.

 

Gülçöhrə Şəhabiddin qızı                     

 

Daşkənddə yaşayıb-yaradır. Pedaqogika İnstitutunun özbək dili və ədəbiyyatı, həm də ikinci ixtisas üzrə  tarix və hüquqşünaslığın əsasları fakültələrini bitirib.

Gülçöhrə İbrahimova (Şəhabiddin qızı) Özbəkistan Yazıçılar Birliyi, eləcə də Özbəkistan Jurnalistlər Birliyinin üzvüdür. Xalq təhsili əlaçısıdır. Onun bir dərsliyi, 30-dan artıq metodik vəsaiti, 100-dən çox tövsiyə və məqalələri çap edilib.

 

Nəsiminin günahı nə?

 

“Bu laməkan – cəngi-məkana sığmayan,
Yüksək ruhu, cismiylə cana sığmayan.
Onun dərdi, ağlı əyana sığmayan,
Nəsiminin, Nəsiminin günahı nə?!

 

“Ənəlhəqq” deyib zikr etdi, çıxınca can,
Qəlbdə iman, əldə Quran, təmiz vicdan.
Diri ikən dərisini soyan sultan,
Nəsiminin, Nəsiminin günahı nə?!

 

Təbliğ etdi, ömrü boyu təriqəti
Haray çəkdi Haqq eşqini, həqiqəti.
Yaydı elə hürufilik mərifəti,
Günahı nə, Nəsiminin günahı nə?!

 

“Söz gücünü verən” həssas, həm üsyankar,
Hər sözündə Haqq kəlamı təkrar-təkrar.
Mərd oğula ölüm boş şey, eyləməz kar,
Günahı nə, Nəsiminin günahı nə?!

 

Azərbaycan tarixinə o münasib,
Həm özbəkcə oxumağı etdi nəsib.
Qətl etdilər: “Hürufisən”, şəkksən, – deyib,
Günahı nə, Nəsiminin günahı nə?!

 

Şairliyin zirvəsində tutub qərar,
Can çıxınca şeir dedi, mərdliyi var.
Fətva verdi şeyxülislam, bir fitnəkar,
Günahı nə, Nəsiminin günahı nə?!

 

Qan sevənlər dünyasına gülüb getdi,
Azarkeşlər ətrafına dolub, getdi.
Haqdan özgə bir dostu yox, bilib getdi,
Günahı nə, Nəsiminin günahı nə?!

 

Bu qurulan – Haqqın yolu, murad yolu,
Ölümdə də uca oldu onun qolu.
“Ənəlhəqq”lə bürünübdü sağı, solu,
Nəsiminin, Nəsiminin günahı yox!

 

Öktəmay Xaldarova                                             

 

Öktəmay Xaldarova Namanqan vilayətində anadan olub. Namanqan Dövlət Universitetini bitirib. 10-dan çox  şeirlər kitabı çapdan çıxıb. Hindistanda ingilis, hind və pəncab dillərində şeir kitabları çap olunub. Türkiyədə “Həsrət quşları” kitabı nəşr edilib. 1991-ci ildən Özbəkistan Yazıçılar Birliyinin üzvüdür.

 

Nəsimi

 

Bu dünya görməyib belə rəzalət,

Məgər qalmayıbmı dində dəyanət?

Bu,  elə, şairə, sözə xəyanət,

Diriykən  soydular İmadəddini.

 

Şairin eybi yox, sözündən başqa,

Alovtək parlayan gözündən başqa.

Dərdin anlayan yox özündən başqa,

Darda tək qoydular İmadəddini.

 

Şairin fəryadın eşidən saat,

Necə sakit durdu duyan camaat?

O gün imanlılar oldumu  rahat?

Cəzalı qıldılar İmadəddini.

 

Möhkəm, mənfur zaman şiri idi o,

Şairlər içində iri idi o.

El üçün ürəktək biri idi o,

Sinədən dəldilər İmadəddini.

 

O yazdı pak eşqin ayətlərindən

Məhəbbət süzüldü beytlərindən.

Nəvai  pir saydı bayatılarında,

Ucalıq bildilər İmadəddini.

 

Bütün türk dünyası edir onu yad,

Qəlblərə nəzmiylə yetişib nicat.

Cismin yox etdilər, ölmədi icad,

Can qədər sevdilər İmadəddini.

 

Hafizə Əcəmverdiyeva                                       

 

1965-ci ilin mart ayının 29-da  Səmərqənd vilayətinin Camboy rayonunda anadan olub. Özbəkistan Yazıçılar Birliyinin üzvüdür. “Könül nəğməsi” şeirlər, “Qaranlıq meşə” detektiv hekayələr kitabı və “Nəxşanə” adlı tarixi kitabların müəllifidir.

 

Nəsimi

 

Yüksəkdədi ruhum, cism ilə cana sığmazam.

Nəsimi

 

İmtahan  eyləmə hələ, mən imtahana sığmazam,

Sərgəştə ruhumu bənd et, zindana sığmazam,

Səma bu qədər alçaqdır, yer bu qədər dar,

Ürəyim vulkandır, bu köhnə məkana sığmazam.

 

Ay, atdığım addım, günah, ya zaydımı, söylə,

Gözlədiyim ulduzmudu, ya aydımı, söylə.

Ürəkdən köçən sözüm göz yaşı, ya ahmıdı, söylə,

İmkan axtarma, mən bu gün imkana sığmazam.

 

Unutdum gecəni, dan şəfəqilə çataram dağa dedim,

Rahatlıq bilmədim, yarım, hasarla çataram bağa dedim.

Axtardım izlərini, elm ilə çataram Haqqa dedim,

Bu yolda nə Səmərqəndə, nə Şirvana sığmazam.

 

Ya Rəbb, halıma gülsələr,  fəryad etmərəm,

Sultanlar, şahlar gəlsə, birin də yad etmərəm.

Hətta soysalar dərimi, mən dad etmərəm,

Sürərəm zamanımı, mən bir zamana sığmazam.

 

Qovğadır başıma, eyibmi aftoba* yetişmək?

Unudub özümü  o nöqsansız mahtaba yetişmək.

Qaldım, ya getdim, məqsədim – Kitaba yetişmək,

Cahanı neyləyirəm, məlum, cahana sığmazam.

 

Mən qocaldım, böyüdüm, yarpaq xəzanıma düşdün,

Üz tutdum gül bağına, çölü-biyabanıma düşdün.

Dabanımdan asıldım, bil, dabanıma düşdün,

Mən Haqq ilə birəm, dünya, yalana sığmazam!!!

 

*Aftob – günəş

 

Ümidə Abduəzimova                                       

 

***

Seyyid İmadəddin Nəsimi –

İki cahana sığmayan ad.

Həyat diləyib təzə, səmimi,

Uçub getdi, çıxarıb qanad.

 

Qəlbi haqq deyər, haqq sözdür dili,

Qılınc kəsməz, alışmaz odda.

Türk oğlu, azəri bülbülü,

Yaşar Günəş adlanan yurdda.

 

 

Şərh Yaz