“DAĞ ÇİÇƏKLƏRİ”

İçindəyəm

 

 “Canıma düşdü firqətin, gör ki, nə nar içindəyəm…”

 İ.Nəsimi

İçdim qocalıq şərbətin, gör ki, nə qar içindəyəm,
Elə bilmə ki, bir güləm, qönçə bahar içindəyəm.

 

Artdıqca dərdim, məlalım, dəyişir anbaan halım,
Sanma ki, sərxoşam, zalım, məsti-xumar içindəyəm.

 

İşığım Aya, Günə tən, sığalım Haqqın əlindən,
Dərgahında sanıram mən hər an tumar içindəyəm.

 

Tanı məni, sən, ay sonam, nəğməyə, sözə heyranam,
Sevən canda isti qanam, ürək, damar içindəyəm.

 

… Gündən-günə artırsa dərd, daha nə qadağa, nə hədd?
Hara qaçım, neçə namərd, mərdimazar içindəyəm.

 

Bax dünyanın vəfasına, batdım kirinə-pasına,
Ruzu canın bahasına, hər gün bazar içindəyəm.

 

Yox fərəhli bir iş-gücüm, sərhəddinə çatıb köçüm,
Varmı ayrı bır yol, seçim, hörgü, hasar içindəyəm.

 

Eh, kimlər oldu sarvanım, qaldı yollarda karvanım,
Yaxşı ki, çıxmayıb canım, hələ azar içindəyəm.

 

Nazir Ziyanı, Tanrı, sən, öldürmək istədin nədən?
Bu dünyaya gələn gündən, mən ki məzar içindəyəm.

Nazir Ziya Talıstanlı

 

Tutmaz

 

Bir üzüm zülmətdədir, biri nurun içində,
Bu canımı cahanın yalnız gündüzü tutmaz.

 

Heç kim anlaya bilməz fərziyyəsiz, gümansız,
Məğzimin bəyanını sözlərin düzü tutmaz.

 

Sıxılıb sığışmışam yer üzünə ilk gündən,
Görünsəm olduğutək, məni göy üzü tutmaz.

 

Varam saysız ümmanda, ulduzlarda, səmada,
Allahın bənzəriyəm, aləmin yüzü tutmaz.

 

Yalnız kamillər bilir nə cür əzəmətliyəm,
Yazılsam, kimliyimi dünyaca yazı tutmaz.

Oqtay İsmayıllı

 

Qırmızı

Lalənin ağı da var imiş demə,
Hamı vəsf eləyir onu qırmızı.
Güldən çələng hördüm nazlı həmdəmə,
Hər rəngdən biridi, onu qırmızı.

 

Yara qanatmaqdan xoşunmu gəlir?
Susub dayanmısan, ahım yüksəlir.
Başqa rəng qəhətdi, gözümü dəlir,
Yenə geyinmisən donu qırmızı.

 

Sevənə sədd deyil qorxu, qadağa,
Rəhm edib, demirəm dərdimi dağa.
Ağ geyib, getsəm də qara torpağa,
Gözümdə həyatın fonu qırmızı.

 

Ömür yüz il olsa, çoxu görmüşəm,
Sinəmdə dost atan oxu görmüşəm.
Yatıb, Dağlaroğlu, yuxu görmüşəm –
Əvvəli qaradır, sonu qırmızı.

Şahməmməd Dağlaroğlu

 

Küsübdür

 

Çox sevdiyim, əllərindən öpdüyüm,

Mən dünyadan, dünya məndən küsübdür.

Gözlərimdə qaralıbdır dan yeri,

Çəmən güldən, gül çəməndən küsübdür.

 

Bir ömürdür ötüb keçib boşuna,

Nəyim qalıb, nəyim gəlsin xoşuna?

Külü qoyum qocalığın başına,

Əlim teldən, telim əldən küsübdür.

 

Xoş xatirə, şirin xəyal, nağıldır,

Uşaq kimi aldandığım noğuldu.

Qəfil gəlib taleyimə soxuldu,

Qəm sevincdən, sevinc qəmdən küsübdür.

 

Qəzəblidi, çox hiyləgər bu həyat,

Qəlb titrədən şirin nəğmə, muğamat.

Əvvəli var, sonu yoxdu, nəhayət,

Bəmim zildən, zilim bəmdən küsübdür.

 

Ayağından daş asılıb zamanın,

Boğuluram, dəryada yox samanım.

Lap ləngiyim, lap yubanıb dayanım,

Tənim ruhdan, ruhum təndən küsübdür.

 

Öz içimdə öz oduma yanmışam,

Göylərindən bulud olub yağmışam.

İndi, gülüm, sənsiz payız, qar-qışam,

Sən könüldən, könül səndən küsübdür.

Murad Məhərrəmov

 

 

Bilmədin

 

İndi qəlbi qırıq, ürəyi çatam,
Çəkir sınaqlara bu yara məni.
Əgər ürəyində yoxdursa yerim,
Sürüyür gözlərin bəs, hara məni?

 

Sənə öyrəşəndən, özümə yadam,
Dünyaya sığmırdım, qəfəsim oldun.
Mən sənin nəyinəm bilə bilmədim,
Sən mənim sadəcə nəfəsim oldun.

 

Ərköyün böyümüş uşaq kimiydim,
Mürgülü dərdlərə qucağam indi.
Könlü küsəyəndim, ruhu dəliydim,
Qəfil yağış döymuş ocağam indi.

 

Tutdun ayrılığın daşına məni,
Şeytanla “cəhənnəm” böldüm, bilmədin.
Səni ürəyimdə yaşatmaq üçün,
Hər gün zərrə-zərrə öldüm, bilmədin…

Turac Hilal

 

Yenə

 

Hanı o gəncliyim, qucum boynunu,
Nur olum, aləmə calanım yenə?
Düşüb arzuların cığırlarına,
Məhəbbət oduna qalanım yenə.

 

Hanı o sevdiyim, çəkə nazımı?
Yenə çiçəkləyə bəhri-yazımı.
Yerinə yetirə vüsal arzumu,
Mən də yar başına dolanım yenə.

 

Heyif o çağlardan, köçdü ömürdən,
Gör nələr yaşandı, keçdi ömürdən.
Fələk xoş günləri biçdi ömürdən,
İstədi budanım, talanım yenə.

Xatın

 

Gözdən kənar yerdə dəfn elə məni

 

Mərhum müğənni Məhəbbət Kazımovun oxuduğu Ölüm, gözələrində dəfn elə məni” muğamını dinləyərkən.

 

Uyuya bilmərəm gözdə, könüldə,

Dost hesab eləməz bilər düşməni.

Qürbətdən qayıdıb döndüm ki geri,

Ölməyimdən ötrü seçim vətəni,

Ölüm, öz elimdə dəfn elə məni.

 

Məni öldürdüyün ölüm bilincə,

Doğmalardan olan yadlar gəlincə.

Təmizləyib qəlbdən toru silincə,

Götürüncə onlar gözdən pərdəni,

Yubanma, qaz yeri, dəfn elə məni.

 

Ağlayan barədə eşidim, bilim,

Yanında görünüm, gülənlə gülüm.

Ölüm ki, dünyaya təzədən gəlim,

Al, verim dərd-qəmdən şişən qələmi,

Ölüm, bir müddətə dəfn elə məni.

 

Qaranlıq üstünə düşür işığı,

Seyr etməsi olur yar-yaraşığı.

Olmalı olsam da gözün aşiqi,

Gözə ağrın alım, salma zədəni,

Gözdən kənar yerdə dəfn elə məni.

 

Qoymayırlar yığam varı, dövləti,

Aparam özümlə şeri, sənəti.

Başına döndüyüm, çək bu zəhməti,

Bükülüm pambığa, geyim kəfəni,

Qəbir sərvətində dəfn elə məni.

 

Namərd qarşısında olub çörəyim,

Yeyib, uçurdubdu damı, dirəyi.

Salıb başa daşı kövrək ürəyim,

Batır əli qana, yar bu sinəni,

Öldür, ay Tamam Nur, dəfn elə məni.

Tamam Qarayeva (Nur Tağlabiyanlı)

 

Qayıt, gəl deyirsən

 

Qayıt, gəl deyirsən, necə qayıdım?

Necə qayıdım ki, getmişəm səndən.

Bir zaman mən elə səninlə idim,

Ruhumu, hissimi aldın əlimdən.

 

Qatara minmişəm, yola düşmüşəm,

Getmişəm ayrılıb, getmişəm daha.

Əyilməz  qəddimi   sən oldun  əyən,

Güclə qurtarmışam əlindən yaxa.

 

De, necə qayıdım, barı söylə sən,

Köksümün üstündə ocaq çatardın.

Gedirəm,  gedənlər, yox, dönməyir ki…

Duyğuma, təbimə zəhər qatardın.

 

Çıxarsan yoluma durub sübh tezdən,

Məni gözləyərsən hər gün, hər səhər.

Özünü günahkar biləndə artıq,

Durarsan ta qatar dönənə qədər.

 

Qatar dönəcəkmi, dönməyəcəkmi?

Sən onu qatarı sürəndən soruş.

Daha qayıtmağa gəlməz gümanım,

Sənə də mənimlə rahatlıq yoxmuş.

 

Bir də qayıtmaram səngisən artıq,

Yüyür gəl arxamca, çatana qədər.

Mənə də çətindir sənsiz yaşamaq,

Dözüb yaşayaram axır birtəhər.

Rüstəm Məbudoğlu

 

Qarabağım –  kəsik qolum

 

 “Gülüstan” müqaviləsinin 206-cı ildönümünə

 

Qaməti düz, bəxti bükük,

Gəzirik, bir ömrə yükük.

Qisməti saxlayan tükük,

Üzülüb üzə durmuşuq.

 

Qaçqın, köçkün sağım, solum,

Qarabağım – kəsik qolum.

Özümdən başlanan yolum,

Ulu bir sözə durmuşuq.

 

İnsafı hanı dünyanın,

Qaçıbdır qanı dünyanın.

Ölümdü sonu dünyanın,

Vaxtla göz-gözə durmuşuq.

 

Ömrümüzün nəyi kəmdir?

Yarı sevinc, yarı qəmdir.

Gülənin də gözü nəmdir,

Şərlə diz-dizə durmuşuq.

 

Yüyrək edib zaman bizi,

Mürgülədib güman bizi.

Haqlasa da duman bizi,

Üzü Təbrizə durmuşuq.

Vüqar Vaqifoğlu (Hüseynov)

 

Dayanmıram

 

Danışmağa sözüm qalıb,

Alışmağa közüm qalıb,

Çoxum gedib, azım qalıb,

Nəyəmsə onu danmıram.

 

Öz çiynimdə qəm daşıyam,

Kədərimin həmyaşıyam,

Taleyimin göz yaşıyam,

Bu halımdan usanmıram.

 

Dansa dövran,zaman məni,

Bürüsə çən-duman məni,

Dərd yandırar yaman məni,

Gün varmı ki, mən yanmıram.

 

Bir ovucluq külüm qalsa,

Mənə əzab, zülüm qalsa,

Könlümdə min gülüm qalsa,

Baharıma inanmıram.

 

Ötdü günlər hay-harayla,

Daha məni qəm haraylar.

Gedir mənlə illər, aylar,

Mən yolumdan dayanmıram.

Gülxar Cəbiqızı

 

Dayaq olsa

 

Bülbüllər nəğmə qoşar,

Sevinc çağlayıb daşar.

Hamı firavan yaşar,

Söz-sözə dayaq olsa.

 

Heç zaman yerə enməz,

Günəş hey yanar, sönməz.

Ağ da qaradan dönməz,

Göz-gözə dayaq olsa.

 

Çəmən, çiçək, bağ olar,

Qəlbə işıq, nur dolar.

Əyri atılıb qalar,

Düz- düzə dayaq olsa.

 

Neçə mərd var, namərd var,

Bu dünyadan kim doyar?

Söz üstə sözü qoyar,

Üz-üzə dayaq olsa.

Surə Cəbrayılova

 

Ata

 

Nə qədər sevsəm də səni hər zaman,

Borcundan çıxmaram yenə, ay ata.

Böyüdüb sevmisən məni hər bir an,

“Çox sağ ol“, – deyirəm sənə, ay ata.

 

Həyatda sevinci sənlə tapmışam,

Doğmasan, əzizsən hər zaman mənə.

Ata fərəhini, ata mehrini

Səninlə dadmışam, qurbanam sənə.

 

Allahdan istərəm ömrümdən kəsib,

Ömrümü ömrünə calasın, ata.

Hər zaman qəm, kədər qoy mənə gəlsin,

Sənsə  hər sevinci alasan, ata.

 

… Ata bir dünyadır, sən ona güvən,

Atanın sevgisi yetişməz sona.

Güvənsən, həyatın dərdsiz ötəcək,

Ata bir işıqdır, əl uzat ona.

 

Göydə Günəş kimi, Ay, ulduz kimi,

İşıqlı, nurludur ata sevgisi.

Diləyək Allahdan hər gün, hər saat,

Bizə göstərməsin ata itkisi.

Turunc Baxışova

 

Doğrultdun adını

 

Oğlum Mübarizin doğum gününə

 

Dan sökülür, sən dünyaya gəlirsən,

İşıqlanır geniş dünya, evimiz.

Səninlə bir doğuluram yenidən,

Fəxr eləyib ad qoyuruq – Mübariz.

 

O xoş gündən ötüb-keçir qırx beş il,

Yox, əvvəlki gül körpəsən gözümdə.

Nənə olmaq indi mənə dərd deyil,

Sənə baxıb, gəncləşirəm özüm də.

 

Sanki nağıl idi ömrün illəri,

Böyüdün, gəncləşdin, oldun ev-eşik.

Var imiş ömrün də öz fəsilləri,

Evə yox, bir elə çəkirsən keşik.

 

İndi sən atasan, mən ana, nənə,

Həyatda nə şirin adlar var imiş.

Şirin arzularla gedirik önə,

Baxır arxamızca vəfalı keçmiş.

 

Oğul, fərəhindən dolur ürəyim,

Çevrilir şeirə ən adi sözüm.

Sənə halal olsun südüm, çörəyim,

Doğrultdun adını, ay canım-gözüm!

Şərqiyyə Balacanlı

                                                                                                         

             

Şərh Yaz