İctimai nəzarət vətəndaşlıq borcudur

Hüquqi dövlət quruculuğu prosesində cəmiyyətin hər bir üzvü iştirak etməlidir. Seçki və yaxud idarəetmə prosesində, vergilərin ödənilməsində, vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsində, ümumilikdə vətəndaşlıq mövqeyində, ictimai dəyərlərin və milli maraqların qorunması kimi müxtəlif istiqamətlərdə fəal iştirak etməklə dövlət quruculuğunda iştirak etmiş oluruq. Azərbaycanda cəmiyyəti düşündürən  problemləri aradan qaldırmaq, ictimai maraqları uzlaşdırmaq, mənəvi tələbatları ödəmək məqsədilə müxtəlif ictimai birliklər, vətəndaş cəmiyyəti  və könüllülük hərəkatları mövcuddur.

 

Cəmiyyət üzvlərinin iştirakı zəruridir

 

Müxtəlif sahələrdə dinamik inkişaf ilə yanaşı xoşagəlməz halların mövcudluğu da təqzib olunmazdır. Əsas olan odur ki, xoşagəlməz halların qarşısının alınmasında ciddi addımlar atılır. Obyektivliyi, aşkarlığı və şəffaflığı təmin etmək məqsədilə, artıq əksər strukturlarda “İctimai Nəzarət Şuraları” fəaliyyət göstərir. İctiami nəzarət idarəetmə sahəsində faydalıdır. Bu o deməkdir ki dövlətin idarə olunmasında vəzifəsindən asılı olmayaraq hər bir vətəndaş iştirak edə bilir. Yaranmış münbit vəziyyyət şəffaflığın təminatçısıdır.

 

İctiami nəzarət və Xalq-Prezident birliyi

 

Prezident öz çıxışlarında ictimai rəyin dövlət qurumları və yerli idarəetmə təsisatlarının fəaliyyəti üçün vacibliyini hər məqamda vurğulayır: “Biz daim ictimai rəyi öyrənirik. Həm Prezident Administrasiyasına, həm də dövlət orqanlarına gələn müraciətlərə çox diqqətlə baxılır və hər bir şikayət əsasında araşdırma aparılır”.

Ölkə başçısı tərəfindən cəmiyyətdə baş verən neqativ hallara qarşı mübarizənin gücləndirilməsi, həmçinin vətəndaşlara üzləşdikləri problemlər barədə çəkinmədən Prezidentə məktub yazmaq barədə çağırışı etməsi ictimai rəydə geniş əks-səda doğurub. İnsanlar hiss edir ki, mənfi hallara qarşı mübarizə birbaşa dövlət rəhbərinin nəzarəti altında aparılır və bu onları ictimai maraqların müdafiəsində daha fəal və təşəbbüskar olmağa sövq edir. Prezident İlham Əliyev ictimai nəzarətin effektiv təşkili, milli maraqlarımızın daha fundamental qorunmasi üçün ictimai nəzarətin gücləndirilməsini, bu baxımdan vətəndaşların və media qrumlarının aktivliyini tövsiyyə edir. Prezident bununla bağlı ictimai nəzarətin zəruriliyini xüsusi qeyd edir: “İctimai nəzarət olmadan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə qalib gələ bilmərik. İnstitusional tədbirlər görülür, islahatlar aparılır və bu mübarizə geniş ictimai dəstəyə malikdir. Ancaq bu dəstək daha fəal olmalıdır”.

Ölkə Prezidentinin “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” 2015-ci il 29 aprel tarixli fərmanı da, bu baxımdan yüksək əhəmiyyətə malikdir. Sistemdə qaldırılan məsələnin mövzusu, məzmunu və digər parametrlər üzrə axtarışın aparılması, müraciətlərin icra müddətlərinə nəzarət, təhlil və statistika işi avtomatlaşdırılıb. Prezidentin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri 2013-cü ildən başlayaraq hər ay şəhər və rayonlarda vətəndaşların qəbul günlərini keçirirlər. Ölkənin bütün şəhər və rayonlarında keçirilən qəbullarda  minlərlə  vətəndaşın müraciətlərinə baxılır, onların bir çoxu yerindəcə operativ həll edilir, digərləri barədə isə müvafiq orqanlar qarşısında məsələ qaldırılır.

 

Vətəndaş cəmiyyətinin məsuliyyəti

 

Dayanıqlı inkişaf üçün hərtərəfli işlər görülməkdədir. Lakin bəzi qurumlarda, bəzi yerlərdə inkiaşafa mənfi təsir göstərən amillər mövcuddur. Belə neqativ halların yaşanmaması üçün mütləq dövlət qurumları və aidiyyəti orqanlarla yanaş ictimai nəzarətin də mühüm əhəmiyyət kəsb etdiyini unutmamalıyıq.

İsmayıllı Yazarları İctimai Birliyinin sədri Şahməmməd Soltanov “İctimai nəzarətin yüksək səviyyəyə qaldırılması, müasirləşdirmə mərhələsinə mütərəqqi layihələrlə can atan dövlətimizin başlıca hədəflərindən olduğunu və dövlət təşkilatları ilə yanaşı QHT-lərin də inkişafına dövlət dəstəyinin göstərildiyini qeyd edərək, İctimai birliklərin üzərinə daha böyük məsuliyyətin düşdüyünü bildirir: “QHT-lərin əsas vəzifələri ölkə Konstitusiyası ilə təsbit olunmuş əsas hüquq və azadlıqların təminatı sahəsində ictimai nəzarəti həyata keçirməkdən ibarətdir. QHT-lər hər bir vətəndaşın dövlətin idarə olunmasında iştirakı, bu hüququn həyata keçirilməsinin əsas elementləri olan seçki hüququ, birləşmək və müraciət etmək kimi siyasi hüquqlarının təminatında ictimai nəzarət funksiyasını layiqincə yerinə yetirməyə cəhd göstərir”.

 

“Könüllülük həyat tərzi və ictimai münasibətdir!”     

 

İctimai məsələlərə münasibət bildirmək könüllülərin də əsas vəzifələrindən biridir.  Könüllülər sosial məsuliyyət və ictimai nəzarəti effektiv təşkil edir. Gənclər siyasətini prioritet istiqamət olaraq müəyyən etmiş, gənclərin hərtərəfli inkişafı, onların milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsi məsələsini daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Respublikamızda könüllülük hərəkatının genişləndirilməsi, dövlət qurumlarında könüllü qruplarının təsis edilməsi və dəstəklənməsi ilə bağlı çağırışları, müvafiq qanunvericilik bazasının yaradılması ölkəmizdə könüllülük hərəkatının geniş vüsət almasına şərait yaradıb.  Uğurlu siyasətin nəticəsidir ki, ölkəmizdə könüllü gənclərin sayı durmadan artır və künüllülük fəaliyyətinin mahiyyəti daha aydın görünür. Sosial məsuliyyət və ictimai nəzarətin künüllülük fəaliyyətinin əsasında dayandığını bu gün könüllülər daha yaxşı bilirlər. Gənc künüllülər yaxşı bilir ki, “Könüllülük həyat tərzi və ictimai münasibətdir!”. Bu sözləri gənc könüllü Nərmin Baxışlı ictimai nəzarət könüllülük fəaliyyətində adlı tədbirdə səsləndirib.

 

“Cəmiyyətin aynası”…

 

Dövrün gerçək təsvirini vermək kimi mühüm bir missiyanı mətbuat yerinə yetirir. Düzgün fəaliyyət göstərdiyində “ictimai güzgü” missiyasını yerinə yetirən mətbuat cəmiyyəti olduğu kimi təsvir edən bir güzgüdür ki, bu güzgü cəmiyyətin bütün həqiqətlərini özündə əks etdirməklə yanaşı ictimai fikir formalaşdırır. Azərbaycanda mətbuat yarandığı gündən bu günə qədər hər zaman xalqın fikirlərini, bununla yanaşı, cəmiyyətdə mövcud olan çatışmazlıqları işıqlandırmış və nəticədə bir çox neqativ hallar aradan qaldrılmışdır. Mətbuatın tərəfsiz olaraq cəmiyyətə xidmət etməsi isə bu güzgünün şəffaflığını, nəticədə, cəmiyyətin fikir, söz və məlumat azadlığını şərtləndirir.  Cənab Prezident İlham Əliyevin jurnalistləri özünün köməkçisi adlandırması ölkədə İctimai nəzarətin effektiv təşkili və milli maraqların qorunması baxımından mətbuatın əvəzsiz xidmətlərinin göstəricisidir. Fikir, söz və məlumat azadlığının, ölkədə mətbuatın üstün səviyyəsi, bu sahəyə göstərilən diqqət və qayğı, şəxsən möhtərəm Cənab Prezident İlham Əliyevin mətbuata həssas münasibəti media nümayəndələrinə göstərilən dövlət dəstəyinin nümunəsidir və bu qayğı, diqqət media işçilərinin öz işinə daha peşəkar və obyektiv yanaşması baxımından məsuliyyətini də birə-beş artırır.

 

“Təhsildən yayınma halları da kəsgin şəkildə azalmışdır”

Ağsu Rayon Təhsil şöbəsinin metodisti Mətləb Nuriyev: “Təhsilalanlar arasında erkən evliliklərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, gənc və yeniyetmələrin zərərli vərdişlərdən yayınması ilə bağlı vaxtaşırı görülən işlər problemin həlli istiqamətində mühüm tədbirlər hesab edilir. Bu məsələdə aidiyyəti qurumların uğurlu fəaliyyəti ilə yanaşı ictimai nəzarət və ictimai qınağın səmərəsini qeyd etmək istərdim” deyə bildirib. “Təhsil işçisinin fikrincə təhsil cəmiyyət və dövlətin inkişafının əsasında durmaqla strateji əhəmiyyətə malik olan və  inkişaf etdirilən fəaliyyət sahəsidir. Bu sahədə yaranmış neqativ halların qarşınısının alınmasında ictimai iştirakçılığın böyük rolu vardır. İctimai iştirakçılıq vətəndaş cəmiyyətinin həyatımızın müxtəlif sahələrində cərəyan edən və yaxud da baş verə biləcək neqativ halların aradan qaldırılmasında rolundan ibarətdir.

Azərbaycan Respublikası “İctimai İştirakçılıq Haqqında” Qanununa əsasən, ictimai iştirakçılıq – dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətın təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının müvafiq  Qanunla müəyyən edilmiş formalarda məsləhətləşməsı və ictimai rəyin nəzərə alınmasını nəzərdə tutur. Bu baxımdan Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması haqqında qərar, Təhsil nazirinin əmri ilə yaradılmış Seçki komissiyası, Şurada üzvlüyə namizədlərə, seçicilərə dair tələblər və onların qeydiyyatı qaydası təhsil sahəsində dövlət siyasətinin  demokratiklik, şəffaflıq, aşkarlıq, humanistlik kimi prinsiplərinin həyata keçirilməsi, strateji hədəflərin məqsəd və məzmunu haqqında aydın təsəvvürün yaradılması, ictimai dəstək qazanması və reallaşmasını təmin edən effektiv icra mexanizminin formalaşdırılması, idarəetmə prosesində maraqlı tərəflərin iştirakının təmin edilməsi istiqamətində yeni mərhələdir və bu mərhələ ölkə təhsilinin inkişafında daha böyük uğurların, dayanıqlı inkişafın başlanğıcıdır”.

 

 Milli maraqların qorunması dövlət siyasətinin prioritetidir

 

Xalqın milli maraqlarının müəyyənləşdirilməsi və təmin olunmasını dövlətin əsas vəzifələrdən biridir. Dövlət nümayəndələri ilə vətəndaş cəmiyyətinin nümayəndələri arasında təmaslar, qarşılıqlı anlaşma nə qədər çox olarsa, o zaman ortaq maraqlar da bir o qədər artar. Azərbaycan Prezidenti İlham Əliyevin dönə-dönə vurğuladığı “Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır” fikirləri qeyd etdiyimiz məqamların məntiqi izahı kimi dəyərləndirilə bilər. Ölkəmizdə dövlət və cəmiyyət maraqlarının mükəmməl vəhdəti ulu öndər Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideyası çərçivəsində təkmilləşməkdədir. Azərbaycanda mövcud dövlətçilik modelinin ən uğurlu istiqamətlərindən biri kimi dövlətlərlə bütün sahələrdə münasibətdə öz milli maraqlarından çıxış etməsidir.

Hər bir vətəndaş kimliyindən asılı olmayaraq dövlətin, ictimaiyyətin maraqlarına xidmət etməyə borcludur. Vətəndaşın ilk məqsədi dövlətin və dövlətçiliyin möhkəmlənməsinə çalışmaqdır. Ümumilikdə ictimai nəzarətin möhkəmləndirilməsində əsas məqsəd ölkədə şəffaflığın təmin olunması və hər bir qurumun öz işinə daha məsuliyyətlə yanaşmasını təmin etməkdən ibarətdir.

Azərbaycanda ictimai maraq anlayışının müxtəlif aspektlərinin hüquqi bazasının formalaşması və təbliği istiqamətində bir sıra işlər görülüb. 2005-ci il,1 yanvar tarixdə “İctimai bilgilərə çatım haqqında”, 2005-ci il, 30 sentyabr tarixdə “İnformasiya əldə etmək haqqında”, 2014-cü il, 1 iyun tarixdə “İctimai iştirakçılıq haqqında” qanunlar və bu kimi digər sənədlərin qəbulu, müvafiq anlayışın mahiyyətinin geniş kütlələrə çatdırılması üçün maarifləndirici tədbirlərin keçirilməsi, beynəlxalq təcrübə və milli elementləri birləşdirməklə bu sahədə yeni bir modelin formalaşdırılması, ictimai marağı təmsil edən QHT və bənzər qurumların sayının artması və digər məqamları bu istiqamətdə önəmli addım kimi qeyd etmək olar.

Dövlət başçısı İlham Əliyev Prezidentlik səlahiyyətlərinin icrasına başladığı ilk günlərdən bildirib ki, demokratik dövlət insanların birgə fəaliyyətinin təşkili və tənzimlənməsinin mühüm şərti, onların qarşılıqlı münasibətlərinin qaydaya salınmasının, cəmiyyətdə nizam-intizamın və sabitliyin başlıca təmini vasitəsidir. Bu yolla irəliləyən dövlətlərin mütləq əksəriyyətində ictimai-siyasi sabitliyin möhkəm təmələ söykənməsi, insanların iqtisadi azadlığı, yüksək maddi rifah halı, vətəndaş-cəmiyyət münasibətlərinin ahəngdarlığı, şəxsiyyətin mənafelərinin, hüquq və azadlıqlarının maksimum səviyyədə qorunması, qanunun aliliyi prinsiplərinə bütün səviyyələrdə əməl olunması demokratiyanın optimal idarəetmə üsulu kimi dominantlığını təmin edib. Uğurlu islahatların nəticəsində ölkəmiz dünyanın dayanıqlı və qabaqcıl ölkəsi olaraq dünyada yeni model nümayiş etdirir.

Elnarə Günəş

Qeyd: Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “SƏLİS Jurnalist” nominasiyası üzrə yazı müsabiqəsinə təqdim olunur.

 

Şərh Yaz