İmkanlar artdıqca infrastruktur da yüksəlir

Oktyabr ayının 29-da İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayonun Keyvəndi kəndinin sakinləri ilə görüş-qəbul keçirib.

M.Sadıqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında Keyvəndi kənd inzibati ərazi dairəsinə daxil olan kəndləri əlaqələndirən yolların asfaltlanmasının Mingə, Keyvəndi, Şəbiyan, Bəhliyan, Bilistan kəndlərində yaşayanlar üçün böyük rahatlıq və razılığa səbəb olduğunu bildirib. Dövlət qayğısının nəticəsi olaraq, ərazidə son vaxtlar bir sıra tikinti, quruculuq işləri görülüb. Müasir tipli, müxtəlif sahəli istehsal və emal imkanları olan maldarlıq kompleksi, hər cür şəraiti olan yeni tibb məntəqəsi tikilib.

RİH başçısı M.Sadıqov ərazidə görülmüş işlərlə bərabər ölkədə, eləcə də rayonda aparılan və nəzərdə tutulmuş quruculuq işləri barədə məlumat verib.  İmkanlar artdıqca infrastrukturun da  yüksələcəyini vurğulayıb. İnzibati ərazi dairəsinin hüdudlarında olan qonşu Pirəbilqasım kəndinə asfalt yolun çəkilməsi xəbəri  sevinclə qarşılanıb.
Görüş-qəbulda xahişi, təklifi olanlar dinlənilib, qaldırılan məsələlərin həlli üçün müvafiq təşkilatlara tapşırıqlar verilib, xahişlərin bir qismi üçün Respublika təşkilatlarına müraciət ediləcəyi qeyd olunub.
Xahişlərdə Keyvəndi kəndində tam orta məktəbin tikintisinə, 20 ədəd istismar müddətini çoxdan başa çatdırmış elektrik dirəyinin dəyişdirilməsinə, İƏD ərazisindəki kəndlərə qaz çəkilişinə ehtiyac olduğu əksini tapıb. Aztəminatlı ailədən olan 2 nəfər qadın müvafiq işlə təmin olunma barədə xahiş edib.

Ş.Soltanov

Şərh Yaz