Mətbuata bağlı ömür

Söhbət “Azərbaycan mətbuatyayımı”nın İsmayıllı rayon şöbəsinin müdiri Lətifə Həmidovadan gedir.

Bəli, ömür kitabının əlli beşinci səhifəsi oxunur. Oxuyanlar yaxından tanıyır, işinin bilicisi, peşəsinin vurğunu  olduğunu görür. O, həm mətbuatı qəlbdən, vicdanının səsi ilə ürəkdən sevir, həm də onun sevilməsini, yayılmasını təşkil edir. Hər gün saat doqquz tamamdan altıya kimi iş üstündə olur. Qəzet və jurnallara abunə yazılışında işi bir qədər də çoxalır.

Aldığım məlumatlardan ömür yolu barədə təqdim etdiyim qısa arayış bax, belədir. Amma onu çox sevimli sahəyə çəkib gətirən xatirələrinə özünün söhbəti ilə qısaca nəzər salmaq daha maraqlıdır:

– Hələ orta məktəbdə oxuyanda sevə-sevə, böyük maraqla baxdığım Azərbaycan filmlərindən biri “Telefonçu qız” idi. Həyata yeni atılan gənc qızın yaratdığı o vaxtın telefon xidmətində nə qədər cəld, səriştəli, peşəkar, həm də çox nəzakətli, xoş ünsiyyətli telefonçu qız obrazı mənim rabitəyə gəlməyimin əsas səbəblərindən olub. Elə ona görə də məktəbi qurtaranda İsmayıllı Rayon Rabitə Qovşağında telefonçu kimi əmək fəaliyyətinə başlamışam. Səmimiyyətlə, mehribançılıqla  zəng vurub özünü kimin evi,  hansı idarənin rəhbəri ilə telefon əlaqəsinə  bağlanmasını, Bakıya, digər uzaq ünvanlara  danışıq sifarişi verənlərlə yanaşı, çox hökmlə, səbirsizliklə, hətta bəzən kobudluqla müraciət edənlər də olurdu.

Təcrübəli iş yoldaşlarım isə təzə başlayanda  hər şeydən öncə bunları mənə demiş və  həmişə təmkinli olmağımı tövsiyə etmişdilər. Aldığım məsləhətlər, hər gün topladığım təcrübə məni bu sahəyə daha ürəkdən bağladı. Bax, bu gün də alo, eşidirəm, baş üstə, sifariş etdiyiniz nömrə ilə danışın sözlərinin müqabilində aldığım “çox sağ olun, qızım” ifadələri ilə bərabər, “axı, nə qədər gözləyim, niyə yaxşı işləmirsiz” kimi kobud cavabların titrəyişləri bu gün də qulaqlarımdadır. Amma həmişə yaxşı sözlərə “siz də sağ olun”, kobud ifadələrə “narahat olmayın” cavabını vermişəm. Bir sözlə, hər iki halda telefonçuluq peşəsini çox sevmişəm və bu məhəbbət məni 1991-ci ildə Bakı Rabitə Kollecinə ünvan götürməyə, rabitə təhsilinə yiyələnməyə sövq etmişdi. İki illik təhsildən sonra, orta ixtisaslı gənc kadr kimi yenə İsmayıllıya qayıtmış, rabitə qovşağında telefonçu yox, mühasib kimi əmək fəaliyyətimi davam etdirmişəm.

Artıq neçə illərdir ki, rabitənin başqa bir istiqamətində fəaliyyətdədir. Yuxarıda qeyd etdiyimiz kimi, “Azərbaycan Mətbuatyayımı İsmayıllı rayon sahəsinin rəisidir. Xidməti işimlə və ən əsası jurnalistlik peşəmlə əlaqədar İsmayıllının bu ünvanı mənim üçün də doğmadır. Axı, bizim əməyimizin bəhrələri İsmayıllı rayonunda məhz bu ünvandan ictimaiyyətə, oxuculara çatdırılır. Hər gün səhər Bakıdan gətirilən qəzet və jurnallar burada çeşidlənib, öz ünvanına, öz oxucusuna göndərilir. Burada həmin işlər Lətifə Həmidova ilə yanaşı, sahənin digər işçisi Dursun xanım tərəfindən operativ və keyfiyyətlə görülür. Poçtalyon gələnə kimi hər iş qaydasına qoyulur. Oxucuların hər bir sorğusu bu ünvandan lazımi qaydada cavablandırılır, rayon mərkəzindəki iki qəzet və jurnal satışı köşklərində də mətbuatın yayılması lazımi səviyyədə aparılır.

Lətifə Həmidova öz ictimai fəaliyyəti ilə də həmişə öncüllər sırasındadır. Dövlətə, dövlətçiliyə bağlılıq onun gündəlik işi və amalıdır. Mətbuata bağlı bir ömrün sahibi Lətifə Həmidova ilə söhbətimizin sonunda dediyi sözlərlə yazımı yekunlaşdırıram:

– Hansı peşənin sahibi olursansa, ol,  hansı vəzifəni daşıyırsansa, daşı, sən nüfuzu özünün şəxsi səylərinlə, gündəlik zəhmətinlə, ən əsası da real işinlə qazanmalısan. Bu gün İsmayıllı Rayon İcra Hakimiyyətindən qaynaqlanıb istiqamət götürən bu prinsip mənim də əmək fəaliyyətimin devizidir.

Rasim Amanov,

“Respublika” qəzetinin bölgə müxbiri

 

Şərh Yaz