Qızılı payızda “Qızıl payız” gəzintisi

Hər fəslin öz gözəlliyi var, payız isə qızılı rəngləri, bol dadlı meyvələri ilə daha xoşagələn, daha ruh oxşayandır. Mərkəzin hər il həyata keçirtdiyi “Vətəni tanıyaq” layihəsi bu il Beynəlxalq Uşaq Hüquqları günü münasibətilə məhz payız ayında təşkil olundu və “Qızıl payız” adlandırıldı. Elə adına uyğun da keçirildi. Mərkəz xidmətlərindən bəhrələnən, habelə Mərkəzin təşkil etdiyi  tədbirlərdə fəallıq göstərən uşaqların iştirak etdiyi tədbirin iştirakçıları İsmayıllı-Qəbələ yolu boyu səyahət etdilər, meşəni gəzdilər, herbari topladılar, payız lövhələrini kağıza köçürə bilmək üçün könül oxşayan payız mənzərələrini gözlərinə həkk etdilər. Ana təbiət barəsindəki maarifləndirici söhbətləri də elə təbiət qoynunda dinlədilər.

Sonra tədbir istirahət mərkəzində davam etdirildi. Uşaqlarla hüquqları barəsindəki maarifləndirici söhbət diskussiya şəklində keçdi. Və ən maraqlısı o oldu ki, balacalar “meşədə gəzmək” hüququnu israrla ən əsas hüquqları saydılar – yəqin ki, gəzintinin, əvəzsiz gözəlliyi olan füsunkar meşələrimizin, təbiətimizin, gəzintinin yaratdığı təəssüratın məntiqi yekunu olaraq.

Elə bu düşüncələrlə də stol arxasına keçərək payız lövhələrini kağıza köçürtdülər, eynən gördükləri, yaddaşlarına həkk etdikləri kimi. Kiçik və böyük motorikanın, nitqin inkişafına kömək edəcək oyunlara, yarışmalara yaşından asılı olmayaraq uşaqlar hamısı həvəslə qatıldılar. Rəqs etməkdə də kimsə geri qalmadı – maraqlı, şən bir gün yaşandı.

Hər kəs bu bir günlük gəzintidən razı qaldı: Mərkəz kollektivi qarşıya qoyduğu məqsədə nail olduğu üçün, valideynlər və uşaqlar isə  fərqli bir gün yaşadıqları üçün.

Lalə Kəbirova,

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosial iş üzrə mütəxəssisi

Şərh Yaz