Müəllimlər yetişdirən müəllim

Misir Abdul oğlu Qədirov 1929-cu il oktyabr ayının 20-də İsmayıllı rayonu Yuxarı Cülyan kəndində anadan olub.

Cülyan kənd yeddiillik məktəbində təhsilini başa çatdırdıqdan sonra 1947-ci ildə İsmayıllı rayonundakı orta məktəbi bitirib. Ağır müharibə illərindən sonra pedaqoji kadrların çatışmazlığı səbəbindən 1948-ci ildə Cülyan kənd yeddiillik məktəbinə müəllim təyin edilib.

M.Qədirov 1950-ci ildə Nuxa Dövlət Müəllimlər İnstitutunun Azərbaycan dili-ədəbiyyat fakültəsinə daxil olub. İki illik təhsildən sonra  rayonun Lahıc qəsəbə Brovdal, Yuxarı Cülyan, Aşağı Cülyan kəndlərində Azərbaycan dili-ədəbiyyat müəllimi kimi fəaliyyət göstərib. Aşağı Cülyan kənd səkkizillik məktəbində müəllim, 1963-1966-cı illərdə isə direktor olub .

M.Qədirov tam ali təhsil almaq arzusu ilə Azərbaycan Pedaqoji İnstitutuna daxil olub. Azərbaycan dili-ədəbiyyat fakültəsində təhsilini mükəmməlləşdirir. İnstitutu bitirdikdən sonra 2004-cü ilə kimi Aşağı Cülyan kənd orta məktəbində müəllim işləyib.

Qeyd olunanlar Misir müəllimin tərcümeyi-halından müəyyən məqamlardır.

Fədakar müəllim əməyinə görə, o, çoxsaylı nüfuzlu təşkilatların Fəxri fərmanlarını alıb. “Metodist müəllim” adına layiq görülüb. 1990-cı ildə “Əmək veteranı” medalı ilə təltif olunub. Təcrübəli təhsil işçisi kimi dövri mətbuatda müntəzəm çıxışlar edib. Olmuşları gələcək nəslə çatdırmaq məqsədi ilə “Babalarımızı unutmayaq”, ”Dağlar arxasında bir kənd var” adlı iki kitaba müəlliflik edib.

Respublika və İsmayıllı ziyalıları haqqında yazılmış iki kitabda  Misir müəllim haqqında da  geniş yazı çap olunub.

Cülyan kəndində 100-dən artıq müəllim yetişib. Onların 30 nəfəri Misir müəllimin dərs dediyi şagirdlərdəndir.

Bu günlərdə Misir müəllimin çalışdığı məktəbin müəllim və şagird kollektivi onun 90 illik yubileyi münasibəti ilə xatirələrdə yaşayacaq gözəl bir tədbir keçiriblər. Tədbir iştirakçıları yubilyarı ürəkdən təbrik edib, ona sağlam ömür arzulayıblar. Misir müəllim də öz növbəsində məktəblilərə, gənc müəllimlərə həyat təcrübəsindən danışıb, maraqlı, faydalı tövsiyələr verib.

Yubiley tədbirində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov da iştirak edib və Misir müəllimə qiymətli hədiyyə ilə bərabər Rayon Təhsil Şöbəsinin Fəxri fərmanlarını təqdim edib.

Şərafət Bayramov,

məktəbin ingilis dili müəllimi

 

Şərh Yaz