Ana qədər sevilən insan

İnsanın həyatında, tərbiyəsində, kamil insana çevrilməsində təkcə valideyn deyil, həm də müəllim rol oynayır. Amma ilk müəllim elə valideyn kimidi. Bir az da ondan artıq.  Rayonun Kürdeldarbəyli kəndində boya-başa çatan şagirdlərin həyatında, qazandığı uğurlarda bir  ana qədər ilk müəllimləri Rəhilə Soltanovanın da xidmətləri var.

Məktəbə ilk dəfə  qədəm qoyan birincilərə qələm tutmağı, hərfləri yazmağı öyrədən Rəhilə müəllim özü 1975-ci ildə yaşadığı kənd məktəbinin 8-ci sinfini bitirib. Pedaqoji sahədə çalışmaq arzusu ilə sənədlərini Ağdaş Pedaqoji Texnikumuna verib. Burada 4 il təhsil aldıqdan sonra təhsil aldığı məktəbin sinif müəllimi kimi müəllimlik fəaliyyətinə başlayıb. Şagirdlər ötən 40 il ərzində ondan çox şey öyrəniblər. Savadlanmağı, biliyə qiymət verməyi, öz üzərində fədakarlıqla çalışmağı, xalqı, Vətəni sevməyi Rəhilə müəllimdən öyrənənlərin bir çoxu indi yüksək vəzifə sahibidirlər.

R.Soltanova arxada qalan illər ərzində həm də fəal ictimaiyyətçi olub. Zəhməti çoxsaylı Tərifnamə və Fəxri fərmanlarla qiymətləndirilib. Onun üçün ən dəyərli mükafat isə bayramlarda, əlamətdar günlərdə dərs dediyi şagirdlər tərəfindən yada düşmək, onların xoş sözlərini, təbriklərini eşitməkdir.

Faiq Quliyev

 

Şərh Yaz