Məişət zorakılığı pislənib

İsmayıllı rayonundakı Heydər Əliyev Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İsmayıllı Rayon İcra Hakimiyyəti ilə birlikdə “Məişət zorakılığının qarşısının alınması mexanizmləri” mövzusunda təlim keçirib.

Təlimdə icra hakimiyyətində yaradılmış Gender zorakılığı və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvləri, şəhər məktəblərinin direktor və psixoloqları, İƏD üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova təlimi giriş sözü ilə açıb. Azərbaycan cəmiyyətində ailə dəyərlərindən, xalqımızın əxlaq və mentalitetindən, məişət, xüsusilə qadınlara qarşı zorakılığının  cəmiyyət tərəfindən həmişə pisləndiyini vurğulayıb. Cəmiyyətdə bu bəlanın olması və inkişaf etməsinin dözülməzliyini bildirib. O, həmçinin qeyd edib ki, bu  mənfiliyə qarşı dövlətimiz tərəfindən son illərdə təsirli tədbirlər həyata keçirilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taleyə İbrahimova və Komitənin Aparat rəhbəri Ceyran Rəhmətullayeva mövzu ətrafında çıxış ediblər. Məsələnin hüquqi müstəvidə nizamlanmsı sahəsində görülən vacib işlərdən, eləcə də keçirilən monitorinq təlimlərinin əhəmiyyətindən söz açıblar. Çıxışlarda bildirilib ki, ailədaxili zorakılıqdan ən çox zərər çəkənlər uşaqlardır. Gələcəyimiz olan uşaqların normal böyüməsi, təhsil və tərbiyə almaları üçün bu məsələyə olduqca ciddi yanaşmaq lazımdır. Tədbirin sonunda İsmayıllı rayon Gender zorakılığı və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri  üzləşdikləri, problem yaradan müxtəlif məsələləri ətraflı müzakirə ediblər.

Bəhruz Xələfov

Şərh Yaz