Onun məşəqqətli həyat yolu

Ötən əsrin əvvəllərindən başlanan erməni kələyi növbəti dəfə 1948-1950-ci illərdə bir daha təkrarlandı. Qərbi Azərbaycandan, öz dədə-baba torpaqlarından 200 min azərbaycanlı deportasiya olundu. Azərbaycanlıları çıxartmaqla boşaldılan kəndlərə Dərəçiçək mahalının kəndləri arasında Əlinin doğulub boya-başa çatdığı Təkəlik də var idi…

1950-ci ilin isti yay günlərinin birində əhalini İrəvan şəhərindən yük vaqonlarına doldurub Azərbaycana tərəf ötürdülər. Sözün həqiqi mənasında sürgün olunurduq. Qaynar və mineral suları diş göynədən sərin bulaqları, torpağında baldırğan, kəvər, moruq, qarağat, min adda dərman çiçəklər bitirən Dərəçiçək mahalından kölgələnməyə bir ağaca belə güman yetməyən, ilanlar mələyən, həmin vaxtlarda qızdırma epidemiyasının tüğyan etdiyi Muğan çöllərinə. Yeganə təsəllimiz Vətənin qoynuna gəlməyimiz, ürəyinə yaxın olmağımız idi.

Təmiz bulaq suyu içən əhali dərdli-dərdli axan Arazın boz-bulanlıq suyundan içmək məcburiyyətində qaldı. Hamı qızdırma içində idi. Epidemiyaya qarşı kinə udmaqdan hamının rəngi sapsarı idi. Gətirə bildiyimiz mal-qara, qoyun-keçi tələf oldu. Nümunə üçün belə, bir baş da olsa qalmamışdı. Hətta sürü ilə gəlmiş, “Qızıl” adlı it torpağa olan istəyinin gücünə 600 kilometr məsafəni qət dərək geriyə, tərk etdiyi kəndə qaçmışdı…

4-5 ildən sonra şəraitə dözməyən əhalinin  bir hissəsi dövlət nəzarətindən yayınaraq, böyük çətinlikləri dəf edərək Vətənə, doğma torpaqlara qayıda bildi. Əlinin Vətən həsrəti çəkən ata-anası da Təkəliyə qayıda bilmişdi. Amma Təkəlik kəndinə ermənilər doldurulmuşdu, burada maldarlıq sovxozu yaradılmışdı.

Əli orta məktəbi Saatlı rayonunun Əlisoltanlı kəndində bitirdikdən sonra, 1955-ci ildə  İrəvanda Kənd Təsərrüfatı Texnikumuna zootexnika fakültəsinə daxil olur. Təhsilini fərqlənmə diplomu almaqla başa çatdırır, Təkəlikdəki cins-damazlıq sovxozunda südçülük üzrə laborant işlədiyi müddətdə hərbi xidmətə çağırılır, xidməti borcunu ödədikdən sonra həmin sovxozun ferma müdiri təyin olunur.

Sıxıntı içində olsa da işlər gedir, həyat davam edirdi. Bir gün kəndə xoşagəlməz xəbər yayıldı: Eşalonla hərbi xidmətə yola salınan  erməni dığaları Naxçıvan ərazisindən keçərkən qatarı saxlatdırıb mağazaların vitrinlərini qıraraq soyğunçuluq ediblər. Məsələ böyüdü, kənddə milli münaqişə yarandı.

Burada qalmağın mümkünsüz olduğunu görən Əli qardaşını çağırıb: Get İrəvandan maşın gətir. Köçməliyik. Artıq burada yaşamaq qeyri-mümkündür.

Maşın dalınca gedən Rzanı ailə 4 gün idi ki, gözləyirdi. O, maşınla qayıtdı. Gecikmənin səbəbini soruşduqda: ermənilər Qazaxdan o tərəfə getməyə qorxurlar. Bu isə yerli erməniləri sevməyən, Türkiyədən aldadılıb gətirilən ermənilərdəndir, – dedi.

18 sentyabr 1960-cı il. Yağıntılı bir payız günü. Bir yük maşınında 13 nəfərdən ibarət böyük bir ailə – qoca ata-ana, əlil əmi, 2 qardaş, 4 bacı, bir gəlin və 3 körpə uşaq. Həyatı qaçqınlıq, köçkünlüklə keçən ailənin daşınacaq nəyi olacaqdı ki? İki taxt çarpayı, 3-4 dəst mitil, yorğan-döşək, 5-6 kisə kartof, bir qədər də sınıq qab-qacaq.

Qaranlıq gecədə Göyçə gölünün yanından keçən maşın irəlilədikcə Azərbaycana yaxınlaşırdı. Ailə hara getdiyini bilmirdi. Əli İsmayıllını tək bir dəfə görmüşdü. Qərarı da elə bura gəlmək idi.

İxtisasca zootexnik olan 22 yaşlı Əli iş üçün kadr işlərinə baxan üçüncü katibin yanına gedib-gəlməkdən yorulmuşdu. Ona təklif olunan işlər rayon mərkəzindən xeyli uzaqda olan kəndlərdə idi. O isə köçüb gəlmiş ev-eşiksiz ailəni necə varsa bir damın altına yığmağı düşünürdü. Bu səbəbdən əlacsız qalıb Meşə Sənaye Kombinatında fəhləlik etdi.

Bir müddətdən sonra Əli Əhən kəndinə zootexnik kimi işə göndərildi. Çətinliklə Əhən kəndinə gedib çıxmışdı ki, sədr mal-qaranın qışlaqda olduğunu bildirdi. Qışlaqdakı fermada şəraitsizlikdən elə birinci gecədə əməlli xəstələndi. Əlaqəsizlikdən tanımadığı, olmadığı kəndlərdən – Çərmədil, Qubaxəlilli kəndlərindən keçib Qaraməryəmə çatdı. Oradan özünü evə çatdırıb sətəlcəmdən bir müddət xəstə yatdı…

Onun ağır köçkünlük yükü 40 yaşlı qardaşının adi korbağırsaq əməliyyatından ölümü ilə bir qədər də ağırlaşdı. Ən yaxın adam kimi 5 uşaqla dul qalmış ananın da dərdi-səri onun üzərinə düşdü.

Qəm qəmi gətirər demiş atalar. Sanki işlərin tərsliyindən 50 yaşlı ömür-gün yoldaşı Roza xanımın ölüm günü də yanvar ayının 20-nə təsadüf etdi. Həyat ona bomboş görünürdü. Bu arada şəxsi kitabxanasında olan 300-dən artıq kitabı yenidən oxudu. Gəncliyində şeirlər yazdığını xatırladı, düşüncələrini vərəqlərə köçürdü:

Dindirmə, qardaşım, dindirmə məni,

Ağlaram, çağlaram, axar sel ollam.

Gəl eşmə qarsımış, sönmüş külümü,

Təzədən közərib, yanıb kül ollam.

Ömür-gün yoldaşının vəfatından 20 il ötsə də yenidən ailə qurmaq barədə heç düşünmədi də…

Əli işsiz idi. Rayon mərkəzində Şıxı müəllimlə (rəhmətlik) rastlaşır. Hal-əhvalını xəbər alır. “Ay İrəvanlı balası, işləyirsənmi?” “Yox” cavabı eşitdikdə məsləhətlərini verir. Topçu kəndində zootexnikə 2 il müddətinə ehtiyac olduğunu söyləyir. Topçuda çalışdıqdan sonra Əli qısa müddət Quşencədə çalışdı, oradan təcrübəli kadr kimi İsmayıllıda yaradılan yeni təsərrüfata dəvət olunur və burada 14 il çalışır.

Əli sadə və səmimi insandır. Haqq, ədalət, halallıq, zəhmətsevərlik Vətən eşqi onun üçün başlıca meyarlardır. İsmayıllıda məskunlaşdığı müddətdə birgə çalışdığı adamların, elin-obanın, camaatın sevimlisinə çevrilib. İşinə qarşı ciddi məsuliyyət nümayiş etdirdiyindən 1970-ci ildə əhalinin siyahıya alınması kompaniyasında  yüksək səviyyədə iştirak edib. Özünün dediyi kimi desək, işə ürəkdən yanaşması başının “bəla”sı olub. Təsərrüfatlarda çalışa-çalışa bir sıra komissiyaların, nəzarət qruplarının, təsərrüfat yoxlamalarının, təhvil-təslim briqadalarının tərkibində iş aparıb.

Əmək kitabçası qeydlərdən bəlli olur ki, o, iqtisadçı, kassir, mühasib, baş iqtisadçı, yem laboratoriyasının direktoru vəzifələrini layiqincə, təşəkkür və təriflərə layiq səviyyədə yerinə yetirib.

Onun işə can yandırma, məsuliyyətlə yanaşma hissi orta ixtisas savadına sahib olmasını hər yerdə üstələyib.

Yazının əvvəlindən buradək oxucuya  Əli kimi təqdim etdiyim şəxslə uşaqlıqdan qonşu olmağım səbəbindən Əli dayı, – deyə müraciət etmişəm. 50 ildən artıq bir müddətdə zaman onu o qədər də dəyişməyib. Eşitməsində problem yaransa da, yenə gülümsər, zəhmətkeş, tələbkar, vətənpərvər bir vətəndaşdır.

Əli dayı, gözəl ailə başçısı, mehriban baba, qayğıkeş, düzgün yol göstərən ağsaqqaldır. Onu bu qədər yaxından tanımasam bəlkə də bu kiçik yazını yazmaqda böyük çətinliyim olardı. Amma, əksinə,

Mehdiyev Əli Hümbət oğlu hörmətə layiq, gənclərə örnək ola bilən, həyatın sınaqlarından bacarıqla keçə bilmiş ömür sahibidir. Ömrü nə qədər məşəqqətli keçsə də, bu gün Əli dayı nikbindir, taleyindən razılıq edir.

Şahməmməd Dağlaroğlu

 

Şərh Yaz