Layihə çərçivəsində görüş və seçim

“Göyçay İnkişaf Mərkəzi” ictimai birliyi İsmayıllı rayonunda İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələri, rayonun ümumtəhsil məktəblərinin 10-11-ci sinif və İsmayıllı Peşə Tədris Mərkəzi şagirdlərinin iştirakı ilə “Mən bu cahana sığmazam, gənclərin yaradıcılıq festivalı” layihəsi çərçivəsində görüş keçirib. Görüş İsmayıllı Peşə Tədris Mərkəzinin (PTM) akt zalında baş tutub.
Görüşü PTM-nin direktoru Zaur Muradov açıb.  Nəsimi irsi ilə yaxından tanışlıq üçün layihənin əhəmiyyəti barədə danışıb.

İsmayıllı Rayon İcra Hakimiyyətinin görüşdə iştirak edən nümayəndəsi Namiq Kərimov çıxışında Nəsimi ideyalarının gənclərin əxlaq, tərbiyə və həyatında rolundan bəhs edib.

İctimai birliyin təmsilçisi Coşqun İsmayılov tədbir iştirakçılarını salamladıqdan sonra layihə haqqında ətraflı açıqlama verib. O qeyd edib ki, layihədə qarşıya qoyulan məqsəd Nəsimi yaradıcılığını müasir gəncliyə yeni baxışlar prizmasından təqdim etməkdir. Bu məqsəd həm də milli, mədəni-mənəvi dəyərlərin  təbliği və qorunub inkişaf etdirilməsi məqsədini daşıyır.
Gənclər arasında Nəsiminin həyat və yaradıcılığı istiqamətində aparılan sorğuda maraqlı cavablar səslənib. Gənclər Nəsiminin şeir və qəzəllərindən parçalar, onlara bəstələnmiş musiqilər səsləndiriblər.  Bu da istedadların üzə çıxarılması istiqamətində uğur kimi dəyərləndirilib.

Tədbirin gedişində istedad və bacarığı ilə fərqlənən 10 nəfər layihənin seçim turunun qalibi sayılıb. Qaliblər Göyçayda həmin rayonu və Qəbələ rayonunu təmsil  edənlərlə “Ədiblər kompleksi” kimi tanınan teatr səhnəsində daha yüksək uğurlar əldə etməyə çalışacaqlar.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz