Sınaq məqsədi ilə gübrə verilib

30 oktyabr 2019-cu il tarixində Türkiyə Respublikasının kənd təsərrüfatı sahəsində 25 illik təcrübəyə malik “Yaşıl Vadi” və “Siyahaltın” şirkətlərinin  istehsal etdiyi məşhur “soxulcan” gübrəsi “İsmayıllı Quşçuluq” ACS-nin buğda əkilən sahəsində sınaqdan keçirilib.

Sınaqda məqsəd insanların, torpağın, heyvanların və bitkilərin sağlamlığını və təhlükəsizliyini təmin edən, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və dövriyyəsi ilə bağlı münasibətləri tənzimləməkdən ibarətdir.

İsmayıllı rayonu aqrar sahədə inkişaf göstəricilərinə görə respublikamızda qabaqcıllar sırasındadır. Uğurların qazanılmasında mütərəqqi texnologiyalar, innovativ metodlar, sənaye texnologiyaları məhsuldarlığın artırılmasının əsas faktorlarıdır.

Bir hektar sahədə həmin gübrənin tətbiqi nəticəsində məhsuldarlığın artım səviyyəsi öyrəniləcək. Şirkət nümayəndələri İsmayıllı Rayon İcra Hakimiyyəti, Dövlət Aqrar İnkişaf Mərkəzi, “İsmayıllı Quşçuluq” ASC, Nikitin adına kolxoz nümayəndələrinin  və bir qrup fermerin iştirakı ilə məşhur “soxulcan” gübrəsi ilə səpin aparıb, bu istiqamətdə müvafiq fikir mübadiləsi keçirib.

Müsbət nəticənin əldə olunacağı halda növbəti illərdə sözügedən texnologiyanın geniş sahələrdə tətbiqi istiqamətində fermerlər arasında maarifləndirmə tədbirlərinin davam etdirilməsi nəzərdə tutulub.

Rafiq Həsənov

 

Şərh Yaz