Çağırışaqədərki hazırlıq vətənpərvərliyin özülüdür

Beynəlxalq Müəllim Günü ərəfəsində İsmayıllı Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi  Xidmətə Çağırış üzrə Dövlət Xidməti İsmayıllı rayon şöbəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin çağırışaqədərki hazırlıq rəhbərləri ilə seminar-müşavirə keçirilib.

RİH, RTŞ, Gİİ, SHXÇDX İsmayıllı rayon şöbəsi əməkdaşlarının və çağırışaqədərki hazırlıq rəhbərlərinin iştirak etdiyi tədbiri SHXÇDX rayon şöbəsinin rəisi, polkovnik-leytenant Xamis Bədəlov açıb. Qeyd edib ki,  gənclərlə rəhbərlik etdiyi rayon şöbəsinin şəxsi heyətinin tez-tez görüşləri  keçirilir. Seminarlar, metodiki məşğələlər, dövlət bayramlarının qeyd olunması belə görüşlərdəndir. Seminar-müşavirənin keçirilməsində məqsəd hərbi vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərə daha dərindən diqqət yetirməkdir.
RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov  tədbirdə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərini Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təbrik edib.  O, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı uğurlu siyasətdən, hərbi vətənpərvərlik tərbiyəsi sahəsində müəllimlərin üzərinə düşən vəzifələrdən danışıb.

RTŞ-nin  müdir müavini Rahim Baxışov, Sumağallı və Diyallı kənd tam orta məktəbinin hərbi-hazırlıq rəhbərləri Rza Salahov və Altay Pənahov çıxış edərək, müharibə şəraitində olan ölkənin güclü, müasir döyüş silahlarından baş çıxaran hərbi kadrlara ciddi ehtiyacı olduğunu vurğulayıblar. Odur ki, məktəblərdə hərbi dərslərin tədrisinə xüsusi diqqət yetirilməli, hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində həyata keçirilən tədbirlər daha məzmunlu təşkil edilməlidir.

Tədbirin sonunda Lahıc qəsəbə tam orta məktəbinin müəllimi İmran Nəcəfov, şəhər 5 nömrəli tam orta məktəbinin müəllimi Elşən Məmmədov, Talıstan kənd tam orta məktəbinin müəllimi Elşad Kazımov, Hacıhətəmli kənd tam orta məktəbinin müəllimi Vüqar Səlimov SHXÇDX İsmayıllı rayon şöbəsinin Fəxri fərmanları ilə təltif olunublar.

M.Məhərrəmov

 

 

Şərh Yaz