Ordudan tərxis olunmuş gənclərlə görüş keçirilib

Aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycanın güclü ordusu formalaşmışdır.

Bugünkü Azərbaycan Ordusunu fərqləndirən əsas amillərdən biri zabit və əsgərlərin yüksək səviyyədə döyüş hazırlığı keçməsi, ordumuzun müasir texnikaya, güclü silah və sursata, ən başlıcası isə əsgərlərimizin qələbə əzminə sahib olmasıdır.

İsmayıllıda da hərbi vətənpərvərlik tərbiyəsi yüksək səviyyədə həyata keçirilir. Bunu Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş Mikayıl Vahabzadənin timsalında aydın görmək olar.

Oktyabrın 11-də rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin birgə təşkilatçılığı ilə ordudan tərxis olunan gənclərlə görüş keçirilib.

Əvvəlcə Ümummilli liderin abidəsi ziyarət olunub. Rayon İcra Hakimiyyəti və hüquq-mühafizə orqan rəhbərləri, SHXÇDX rayon şöbəsi əməkdaşları, ordudan tərxis olunmuş gənclər abidənin önünə gül dəstələri qoyublar.

Heydər Əliyev Mərkəzində davam etdirilən tədbiri giriş sözü ilə SHXÇDX İsmayıllı rayon şöbəsinin rəisi, polkovnik-leytenat Xamis Bədəlov açıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı uğurlu siyasətdən danışıb. Güclü ordumuzun olduğunu və işğal altında olan torpaqlarımızın tezliklə düşmən tapdağından azad ediləcəyini diqqətə çatdırıb. Məruzəçi hərbi xidmətdən tərxis olunan gəncləri təbrik edib.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev RİH-nin başçısı, Əməkdar elm xadimi Mirdaməd Sadıqovun səmimi salamlarını ordudan tərxis olunan gənclərə çatdırıb, onların problemlərinin həllinə rayon rəhbərliyi səviyyəsində yaxından köməklik göstəriləcəyi bildirilib.

Rayon Gənclər İdman İdarəsinin rəisi Taleh Salehov, ehtiyata buraxılan əsgər və zabitlərdən Rəsul Həşimov, Alim Məmmədov və başqaları çıxış edərək ordudan tərxis olunan gənclərə göstərilən diqqət və qayğıya görə minnətdarlıq ifadə edib, həmişə düşmənə qarşı mübarizəyə hazır olduqlarını bildiriblər.

Ehtiyata buraxılan bir qrup gəncə SHXÇDX İsmayıllı rayon şöbəsinin Fəxri fərmanları, təşəkkürnamələri, qiymətli hədiyyələri təqdim olunub.

Görüş Mərkəzin foyesində konsert proqramı ilə yekunlaşıb.

Murad Məhərrəmov

Şərh Yaz