Göstərilən diqqət və qayğının təzahürü

Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Onun əsas vəzifəsi dövlət qarşısında öz məsuliyyətini dərk edən, insan hüquq və azadlıqlarına hörmət edən, vətənpərvərlik ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş yetişdirməkdir.
Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. İndi oktyabrın 5-ni dünyanın çox ölkəsi müəllimlərin peşə bayramı kimi qeyd edir.
Ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.
İsmayıllıda tarixi təhsil ənənələri yüksək səviyyədə davam etdirilir. Təhsil göstəricilərinə  görə İsmayıllı respublikada fərqlənən, yüksək nəticələr əldə edən bölgələrdən biridir. Sözsüz ki, bu nailiyyətlərin arxasında müəllim əməyi durur.
Bunun nəticəsidir ki, rayonda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü yüksək səviyyədə qeyd olunub. Uşaq-gənclər İnkişaf Mərkəzinin 350 nəfərlik zalında keçirilən tədbir ümummilli lider Heydər Əliyevin : “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” – sözləri ilə başlayıb.
RİH-nin başçısı, Əməkdar elm xadimi, professor Mirdaməd Sadıqov Müəllimlər Günü münasibəti ilə rayon müəllimlərini, pedaqoji ictimaiyyəti təbrik edib, Azərbaycanda həyata keçirilən təhsil islahatları haqqında məlumat verib. Rayonda təhsilin sürətli inkişafını, maddi-texniki bazasının gündən-günə möhkəmləndirilməsini, yeni məktəblərin tikilib istifadəyə verilməsini diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və vitse-prezident Mehriban xanım Əliyevanın İsmayıllıya göstərdikləri diqqət və qayğıdan danışıb.
Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, ATİAHİ İsmayıllı RK-nin sədri Hafiz Kərimov çıxış edərək bütün müəllimləri peşə bayramları münasibəti ilə təbrik edib, rayondakı təhsil uğurları barədə danışıblar.
Gənc müəllimlərdən bir qrupu belə bir şərəfli peşə seçdikləri və ilk əmək fəaliyyətinə başladıqları üçün özlərinin xoşbəxt olduqlarını ifadə ediblər.
Sonra təhsil nailiyyətləri ilə fərqlənən 100-ə yaxın müəllim və təhsil işçisi RİH-nin, Rayon Təhsil Şöbəsinin Fəxri fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə şəhər 5 nömrəli tam orta məktəbinin müəllimi Nazənin Məmmədovaya Əməkdar müəllim  adının verilməsi elan olunub. Bu xəbər alqışlarla qarşılanıb.
Əlamətdar gün Rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib.
Təntənəli bayram tədbirindən sonra RİH başçısı M.Sadıqov son illər Əməkdar müəllim adına layiq görülmüş 14 nəfər müəllimlə görüşüb, onları təkrar təbrik edib, bu ada layiq olduqlarını diqqətə çatdırıb. Başçı təhsil sahəsində rayonda həyata keçiriləcək perspektiv planlar haqqında danışıb, bölgədə təhsilin inkişafının daim diqqətdə saxladığını bildirib. Özünün də müəllim olduğunu vurğulayan rayon rəhbəri  Əməkdar müəllimlərə öz hörmət və ehtiramını ifadə edib, onları mükafatlandırıb.
İsmayıllıda Beynəlxalq Müəllimlər Günü ilə bağlı xoş anlar yaşanıb. Bu, ölkə Prezidentinin, rayon rəhbərliyinin müəllimlərə, təhsilə göstərilən diqqət və qayğısının təzahürü kimi səciyyələnib.

Murad Məhərrəmov

 

Şərh Yaz